Sualın cavabını düzgün yerdə axtarmırsan!

Sualın cavabını düzgün yerdə axtarmırsan!
KÖŞƏ
12:36 25.08.2012
3045

Ramil Əhmədov

Azxeber.com saytında adətən Ədəbiyyat bölməsində olan yazıları diqqətlə oxuyuram. Ədəbiyyat bölməsində Furqan adlı gəncin yazısı ilə rastlaşdım.Bu yazıdan aydın olur ki,gənc dostumuz Furqan Sadıq bəzi mətləbləri bilmir.Yazının əvvəlində yazır: “müasir poeziyamızın mənim fikrimcə “çürük”, “zay” məhsullarından bəhs edəcəm.” Bu yazı diqqətimi maqnit kimi çəkir. Fikirləşdim ki,gənc dostumuz əməlli başlı təhlil aparıb.Yazını tam oxuyandan sonra çox təəssüfləndim. Furqan bəy bu yazıda misraların mahiyyətinə varmadan yalnış, başından böyük danışıb. Onun Ramiz Rövşən, Qulu Ağsəs, Əlisəmid Kür, Pərviz Cəbrayıl haqqında iradları tamamən məntiqsizdir. Bu yazıda Furqan bəyin bir gənc kimi təhlil etmək,analiz aparmaq cəhdi çox uğursuz alınıb.

Yazısında haqqında danışdığı misraları tam dərk etməyib və ya mahiyyətinə varmayıb. Oxucu kimi yox, fanatik bir dindar gözü ilə baxıb bu misralara. Əzizim Furqan, poeziya obrazlı danışıq deməkdi. Adlarını çəkdiyin şairlərimizin kifayət qədər oxucuları var. Sən ədəbiyyatın nəhəng siması Ramiz Rövşən haqqında düzgün fikirdə deyilsən. Bu fikirdə olmağın isə sənin hələ bu şairi başa düşəcək səviyyədə olmadığını göstərir.

İndi söz azadlığıdır. Amma bu sənə imkan vermir ki, sən Qulu Ağsəsin və Ramiz Rövşənin mənasını anlamadığın şeirlərinə “zay” deyəsən. (Furqanın mətnindən: “Qulu Ağsəsin də eynilə Ramiz Rövşənin yuxarıdakı misraları kimi “zay” misraları var”)

Yazırsan ki, “Adicə bir adama “gəl min boynuma” desən əsəbləşib özündən çıxar.” Bayaqdan Allah haqqında misralara irad tutursan, amma bu cümlədə Allah ilə insanı müqayisə etmisən. Əzizim, mahiyyətinə varmadığın bir şey haqqında nəyin ki, nəsə yazmaq heç bir cümlə belə demə!

Digər bir məsələ isə budur ki,sənin “araşdırman” çox dar çevrədədir. Sənə bir nümunə də mən hədiyyə edirəm:

Aqşin Yenisey:

Harda qalım ilahi, hara gedim ilahi?

Özünü qoy yerimə, mən nə edim ilahi?

Bəndələrin yerdədir, sən göydə nə gəzirsən?

Gəl, bir insan ömrünü, yaşa görüm,

dözürsən?!

Sonda qeyd edirsən ki,” Bəs belə misraların yazılmasının səbəbi nədir? Hələ ki, fikirləşirəm..” Fikirləş! Sən bilirsən niyə sualına cavab tapa bilmirsən? Çünki sən sualın cavabını düzgün yerdə axtarmırsan! Yalnış yerdə axtardığın üçün sualın üstünə sual gəlir...

OXŞAR XƏBƏRLƏR