Sülh müqaviləsi yaxın zamanda imzalana bilər? - Politoloq açıqladı

Sülh müqaviləsi yaxın zamanda imzalana bilər? - Politoloq açıqladı
SİYASƏT
14:49 14.10.2026
141
Xəbər verdiyimiz kimi, dünən Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın vaxtlarda Azərbaycanla sülh sazişinin imzalanması və ratifikasiyasına diqqət yönəltmək lazım olduğunu bildirib. O bu barədə sosial şəbəkə hesablarında yayımladığı videomüraciətdə danışıb. 

Bu gün isə Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsi barədə yenidən danışıb və Bakı ilə sülhün hansı prinsiplər əsasında qurulmalı olduğunu izah edib.

Paşinyan sosial şəbəkələrdə canlı yayım zamanı sülh sazişinin imzalanmasından sonra Ermənistanın ərazisinin 29 743 kvadratkilometr təşkil etməli olduğunu bildirib.

Onun sözlərinə görə, sərhədin hər iki tərəfində anklav və eksklavlar olmamalıdır. Ermənistan və Azərbaycan dəqiq ölçüləri müəyyənləşdirilmiş əraziləri bir-biri ilə dəyişməlidir.

Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin (BMTM) şöbə müdiri Mətin Məmmədli AZXEBER.COM-a açıqlamasında deyib ki, Paşinyanın belə açıqlamalarını sülh prosesinin irəli aparılması baxımından müsbət haldır:

"Nikol Paşinyanın belə açıqlamalarını sülh prosesinin irəli aparılması baxımından müsbət hesab edirik. Amma yaxşı olardı ki, Nikol Paşinyan belə pozitiv açıqlamalar verməklə yanaşı, həm də sülh müqaviləsinin imzalanması istiqamətində əməli addımlar atsın. Azərbaycanın sülh müqaviləsinin imzalanması ilə bağlı Ermənistan qarşısında bir əsas şərti var ki, Ermənistanın yeni konstitusiyası qəbul olunmalıdır. Biz Ermənistan hökumətindən onu gözləyirik ki, Ermənistan konstitusiyasının dəyişdirilməsi istiqamətində konkret addımlar atsınlar.
Bu addımlar atılmadan sülhlə bağlı müsbət mesajlar vermək, danışmaq kifayət deyil. Sülh müqaviləsinin imzalanması üçün Nikol Paşinyan hökuməti əməli addımlar atmalıdır. Yəni, Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən konstitusiya dəyişdirilməlidir. Bundan sonra Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalamağa və onu ratifikasiya etməyə hazırdır”.

O qeyd edib ki, iki ölkə arasında yaxın zamanda sülh müqaviləsinin imzalanması gözlənilmir:

"Yeni konstitusiya qəbul olunması üçün referendum keçirilməlidir. Ermənistan parlamenti qərar qəbul etməlidir. Ermənistan parlamenti qərar qəbul etməsi üçün isə təxminən 70 deputatın səsi lazımdır.  Ermənistan parlamentində hazırda Nikol Paşinyanın partiyası parlamentdə 64 deputatla təmsil olunur. Paşinyanın bu məsələni necə həll edəcəyi sual altındadır. Bu baxımdan yaxın zamanda sülh müqaviləsinin imzalanmasını gözləmirəm. Hətta nəzəri olaraq yeni konstitusiya qəbul olunması üçün müəyyən müddət vaxt lazımdır. Yəni, parlamentdə təsdiq olunmalı, təsdiqdən sonra referendum keçirilməlidir. Yeni konstitusiya qəbul olunduqdan sonra sülh müqaviləsinin imzalanmasını real hesab edə bilərik”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR