"Sülhməramlılar onlara olan etimadı doğrultmadılar" - Deputat

"Sülhməramlılar onlara olan etimadı doğrultmadılar" - Deputat
SİYASƏT
14:22 16.12.2022
335
Xəbər verdiyimiz kimi, Şuşa-Xankəndi yolundakı aksiya 5-ci gündür ki, davam edir.

Post-müharibə dövründə aşkar olunan minaların istehsal tarixlərinin 2021-2022-ci illərə aid olması göstərir ki, bu yoldan məhz minalar və digər hərbi sursatlar, yüklər daşınıb. 

Aksiya həm də Ermənistanın mina terrorunu dayandırılmasına xidmət edir.

Bəs azərbaycanlı aksiya iştirakçılarının tələbinə Ermənistan tərəfinin cavabı nə olacaq?
 
Məsələ ilə bağlı AZXEBER.COM-a danışan Milli Məclisin deputatı Vüqar İskəndərov deyib ki, biz xalqımızın gücü hesabına Ali Baş Komandanın rəhbərliyi altında, şanlı ordumuzun qəhrəmanlığı nəticəsində Vətən Müharibəsində qalib olduq:

 

"44 günlük Vətən Müharibəsindən sonra Azərbaycan bölgədə yeni siyasi mənzərə formalaşdırır və Cənubi Qafqazda lider ölkə kimi bir çox məsələləri  diqtə edir. Bu münaqişə 30 ilə yaxın davam etdi və biz dünya birliyindən, beynəlxalq təşkilatlardan, BMT-dən beynəlxalq hüququn zəfər çalmasını gözlədik. Ədalətin bərqara olmasını gözlədik. Amma təəssüflər olsun ki, bu gözləntilər özünü doğrultmadı. Biz öz gücümüz, xalqımızın gücü hesabına Ali Baş Komandanın rəhbərliyi altında şanlı ordumuzun qəhrəmanlığı, şücaəti nəticəsində Vətən Müharibəsində böyük qələbəmizi qazandıq".
 
Deputat əlavə edib ki, post-müharibədən sonra hələ də mina partlaması nəticəsində vətəndaşlarımız həlak olur:
 
"2 il keçməsinə baxmayaraq, hələ də həmin bölgələrdə mina terroru tərəfindən günahsız insanların şəhid olmasının, ölməsinin şahidiyiq. Həmin dünya birliyi özlərinə lazım olan anlarda bir nəfərin burnu qanasa, bütün dünyada hay-həşir qoparırlar. Əfsuslar olsun ki, hazırda 300-ə yaxın insan post-müharibə dövründə mina partlaması nəticəsində ya yaralanıb, ya da həlak olub. Ancaq Azərbaycan öz ərazisində mitinq təşkil edir. İnsanların buradakı silahı yalnız ölkəsinin bayrağıdır. ABŞ, Fransa, Avropa İttifaqı və digər ölkələr bununla bağlı bəyanaatlar verirlər. Necə də absurd və ədalətsiz bir dünyada yaşadığımızın fərqindəyik. Hazırda həmin aksiya 4 gündən artıqdır ki, davam edir və aksiyada iştirak edən insanlar hər gün tələblərinin sayını artırırlar. Bu onların təbii haqlarıdır. Bir neçə gün öncə Kəlbəcərdə 8 nəfərin minaya düşməsi, bir neçə nəfərin şəhid olması artıq bunu deməyə dəlalət edir ki, biz Laçın dəhlizi və həmin ərazilərdə öz postlarımızı qurmalıyıq. Çünki artıq sülhməramlılar həmin etimadı doğrultmadılar. Azərbaycan insanında bir məyusluq var. Biz postlarımızı qurmalı, həmin əraziyə gələn gedən hər şeyi incəliklə baxıb, nəzarət etməliyik. Orada yaşayan vətəndaşlarımızın rahat yaşaması üçün həmin ərazidən terrorçular təmizlənməli, silahlı şəxslər çıxarılmalı, Azərbaycan hüquq-mühafizə orqanları öz mövqeyini formalaşdırmalıdır. Bunun üçün də artıq işə başlanılıb".
 
Millət vəkili sonda qeyd edib ki, əgər mina təhlükəsi həllini tapmazsa, Azərbaycan öz ərazilərində antiterror əməliyyatları keçirəcək:
 
"Düşünürəm ki, yaxın zamanlarda bu proseslər öz həllini tapacaq. Ermənistanın müharibədən sonra 2021-2022-ci illərdə basdırdığı minalardan insanlar həlak olur, yaralanır. Bütün bunların qarşısının alınması bu deməkdir ki, adı çəkilən ərazilərdə artıq Azərbaycanın müvafiq dövıət orqanlarının postları olmalı, yoxlamalarda həmin orqanların işçiləri iştirak etməlidirlər. Əks halda Rusiya sülhməramlıları müvəqqəti yerləşdikləri Azərbaycan ərazilərində öz missiyalarını yerinə yetirməyəcəklərsə, Azərbaycan tərəfi həmin ərazilərdə antiterror əməliyyatı keçirmək hüququnu özündə saxlayır. Necə ki, "Qisas əməliyyatı" və ona bənzər bu cür əməliyyatlarla bunu artıq sübut edib. Biz bütün məsələləri dinc yolla, sülh yolu ilə, normal məcrada getmək arzusunda olduğumuzu nümayiş etdiririk. Bunlar təbii ki, öz həllini tapmayacaqsa, təkrarən deyirəm, orada antiterror əməliyyatının keçirilmə hüququnu özümüzdə saxlayırıq. Cənab Prezident nə vaxt məsləhət biləcəksə, həmin anda əməliyyat keçiriləcək və orada bir nəfər belə olsun erməni yaraqlısı qalmayacaq. Yaxud torpaqlarımızda minalar basdırılmayacaq. Bütün bunların qarşısının alınması üçün Azərbaycanın kifayət qədər iradəsi və gücü mövcuddur".
 
Mikayıl Mirzəzadə
 
OXŞAR XƏBƏRLƏR