Qanun olmadığından, 1 adamın 30 nəfərin bioloji atası, yaxud anası olmaq təhlükəsi yaranıb
“Bəzən xəstələrdən soruşanda, donor xidmətindən istifadə etmisən, yaxud edərsən, “yox” deyə cavab verirlər. Amma övladı olmayanda hər biri kabinetə girib qadın, yaxud kişi donora ehtiyaclarının olduğunu deyirlər. Bizə belə müraciətlər çox olur. Buna görə də donorluq məsələsi mütləq qanun çərçivəsində həllini tapmalıdır”. Bu sözləri bizimlə söhbətində Mərkəzi Klinikanın Qadın Mərkəzinin müdiri, mama-ginekoloq, süni mayalanma həkimi Mahirə İsmayılova bildirdi. Qeyd edək ki, qanunla qadağa olmadığına görə klinikalarda Azərbaycanda kişi spermlərinin dondurularaq saxlanıldığı banklar fəaliyyət göstərir. Amma qadın yumurta hüceyrələrinin dondurularaq saxlanılması alimlər tərəfindən kəşf edilmədiyindən, zərif cinsin nümayəndələri klinikalara müraciət etdikdə tibb müəssisələri rezervlərində olan qadınlara müraciət edərək ödəniş əsasında onlardan yumurta hüceyrəsi götürürlər. 30 nəfərə atalıq və analıq? Amma problem ondadır ki, bizdə donorluq xidmətini tənzimləyən qanun olmadığından bu sahədə nəzarətsizlik hökm sürür. Əldə etdiyimiz qeyri-rəsmi məluma görə, ölkəmizdə 5 klinikada sperm bankı var. Bunlardan yalnız biri - Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun nəzdindəki Ailə Planlaması Mərkəzi dövlət tibb ocağıdır. Yerdə qalanlar özəl xəstəxanalarda yerləşir. Təsəvvür edin ki, 1 nəfər pul qazanmaq üçün ölkədəki 5 klinikaya hüceyrələrini satır. Hər klinikada 1 nəfər donordan 3-5 dəfə istifadə etdikdə, bu, o deməkdir ki, 1 nəfər 20-30 uşağın biloloji atası, yaxud anası ola bilir. Bunun da üzərinə süni mayalanma ilə hamilə qalanların bir çoxunun əkiz, yaxud üçəm uşaq dünyaya gətirdiyini gəlsək, say daha da artır. Hələ donorların özünün də orta hesabla 3 uşağı olanda 1 nəfərin genetik xüsusiyyətlərini daşıyan uşaqların sayı 30-u keçir. Azərbaycan əhalisinin 9 milyon nəfər olduğunu nəzərə alsaq, sabah eyni atanın, yaxud ananın genlərini daşıyan uşaqların təsadüfən qarşılaşıb ailə qurması mümkündür. Genetiklər bu halda genlərin qarışdığını və gələcəkdə ölkəmizdə xəstə nəslin yetişəcəyini deyirlər. Buna görə də, mütəxəssislər tezliklə ölkəmizdə sözügedən sahədə qanun layihəsinin diqqətlə hazırlanıb qəbul edilməsini vacib sayılar. Bildirirlər ki, yalnız qanun qəbul edildikdən sonra donorluq fəaliyyəti mərkəzdən idarə olunar, 1 donor 1 neçə klinikada xidmətlərini təklif etmək şansını itirər. Bacı qardaşla evlənə bilər Qeyd edək ki, son 8 il ərzində ölkəmizdə 3 mindən çox adam süni mayalanma ilə uşaq dünyaya gətirib. Onu da deyək ki, mütəxəssislər süni mayalanma üçün müraciət edənlərin 10 faizinin donora ehtiyacı olduğunu deyirlər. Bu da o deməkdir ki, indiyə qədər 300-dən çox adam donor xidmətindən istifadə edərək valideyn olmaq sevincini yaşayıblar. Süni mayalanma üzrə mütəxəssis Mahirə ismayılova düşünür ki, donorluqla bağlı məsələ mütləq qanun çərçivəsində həll olunmalıdır: “Çoxları qəbul etməsələr də, başqa ölkələrdə olduğu kimi, bizdə də buna ehtiyac var”. Mütəxəssisin fikrincə, qanun layihəsi qəbul edilərkən bir donorun üç dəfədən artıq istifadə olunmaması haqqında müddəa da layihədə öz əksini tapmalıdır: “Əgər bir donordan 5-10 dəfə istifadə olunarsa, bir müddət keçdikdən sonra qohum nikahlar baş verə bilər”. M.İsmayılova Mərkəzi Klinikada bir donorun hüceyrələrindən yalnız 3 dəfə istifadə edildiyini dedi. Tənha qadınların ana olmaq şansı Bakıda fəaliyyət göstərən AVA Skandinaviya Klinikasında da sperm bankı mövcuddur. Hətta sözügedən klinikanın saytında beynəlxalq sperma bankının dondurulmuş spermatozoidlərindən də istifadə edildiyi yazılıb. Saytda o da qeyd edilib ki, donordan istifadə ana olmaq istəyən tənha qadınlar və ya qadın cütlükləri üçün də aktualdır. Kimlər donor ola bilər və necə? Qeyd edək ki, hələ parlamentdə qəbul edilməyən mövcud qanun layihəsində somatik və psixi cəhətdən sağlam, yaşı 18-dən 35-dək olan kişi və qadınların müvafiq tibbi-genetik müayinədən keçdikdən sonra mayalanma xüsusiyyətinə malik cinsi toxumaların donoru ola biləcəyi deyilir. Cinsi toxumaların donorlarının və resipiyentlərinin anonimliyi təmin edilir. Donor, tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulduğu halda, cinsi toxumaları üçün bu toxumalardan istifadə edən müvafiq tibb müəssisəsindən pul mükafatı ala bilər. Nikahda olan şəxs yalnız arvadının (ərinin) razılığı ilə donor ola bilər. Bir şəxs yalnız bir ailə üçün donor ola bilər. Bu məqsədlə cinsi toxumaların donoru olmuş şəxslərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən uçotu aparılır. Donor köməkçi reproduktiv texnologiyaların tətbiqi nəticəsində onun toxumasından doğulan uşağa görə öhdəlik daşımır və bu uşağa heç bir hüququ yoxdur. Qanun layihəsinə əsasən, insanın klonlaşdırılması məqsədilə cinsi toxumaların və dölün istifadəsi qadağandır. Parlamentin sosial-siyasət komitəsinin son iclasında “Reproduktiv sağlamlıq haqqında qanun layihəsi”nin müzakirəsi zamanı əhalinin sayını nəzərə alaraq 1 nəfərin 5 dəfə donor olması barədə fikirlər səsləndirilib və genetiklər, bunun normal olduğunu deyiblər. Buna görə də layihədə sayla bağlı dəyişiklik ediləcək. Qeyd edək ki, beynəlxalq qanunlara görə, ölkədə 1 nəfərin neçə dəfə donor ola biləcəyi əhalinin sayına görə hesablanır. Deputatların bilgisizdi? Ailə Planlaşdırması Mərkəzinin süni mayalanma üzrə mütəxəssisi Sevinc Sevdimalıyeva “Bizim yol” qəzetinə açıqlamasında donorluqla bağlı mövcud problemlərin yaranmasında deputatları qınayıb: ”Adlarını çəkməyəcəyəm, bəzi deputatların bilgisizliyi, maariflənməməsi ucbatından onlar donor məsələsini sual altına qoyurlar. Donor istifadəsi Azərbaycanda olar, olmaz? Bu mənəviyyatımıza uyğundur, yoxsa yox? Onların yəqin ki, qəbul etdikləri qanunlardan xəbərləri yoxdur. 1997-ci ildə bu məsələ “Əhalinin sağlamlığının qorunması haqqında” qanunda öz əksini tapıb. Bu qanunun qəbul olunmaması bir çox məsələlərin üstüörtülü qalmasına gətirib çıxaracaq.” “Zatı bilinməyən övlad dünyaya gələr və bu, haramdır” Onu da deyək ki, ölkəmizdə təkcə ötən il ərzində boşananların sayı 11 min nəfərə yaxın olub və bu say ildən-ilə artır. Boşanmaların əsas səbəbləri sırasında birinci yeri sonsuzluq tutur. Süni mayalanma həyata keçirənlərin dediyinə görə, son illər sonsuzluqların əsas səbəbkarı kişilərdir. Sonsuzluq ucbatından ailələrin dağılmasına baxmayaraq “Reproduktiv sağlamlıq haqqında qanun layihəsi”ndəki “surroqat ana” və donorluqla bağlı maddələr cəmiyyətimizdə birmənalı qarşılanmır. Qanun layihəsinə ən çox etiraz edənlərdən biri isə Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadədir. Şeyx “Tibb” qəzetinə müsahibəsində ailənin sağlamlığı ilə yanaşı, onun təməlində halallığın qorunması ümdə məsələlərdən biri olduğunu deyib: “Süni mayalanma məsələsi ilə bağlı birmənalı fikrimi bir neçə dəfə bildirmişəm, indi də təkrar edirəm: ailənin övladı yalnız öz qanuni, halal atasından mayalanmalıdır. Belə olan halda, övladın bu və ya digər səbəbdən təbii yolla mayalanması ərsəyə gəlməyən ailələrdə tibbin köməyindən yararlanmaq olar. Fəqət, halal atanın dölünü qadının bətninə qoymaq olar, başqa kişinin dölü haramdır. Bu, Allahın buyurduğu vacib şərtdir, əks təqdirdə, zatı bilinməyən övlad dünyaya gələr və bu, haramdır. Elm və onun nailiyyətlərindən sui-istifadə etmək, dini-əxlaqi sərhədləri, mənəvi hüdudları aşmaq olmaz. Bunun çox fəsadlı nəticələri ola bilər”. Nə vaxt donor xidmətinə müraciət edilir? Hansı halda donordan istifadəyə gəlincə, süni mayalanma üzrə mütəxəssis Mahirə İsmayılova bildirib ki, əgər kişilər azoospermiyadan əziyyət çəkirsə və əməliyyat zamanı da kişi hüceyrələrinin əldə edilməsi mümkünsüzdürsə, bu halda ər və arvadın razılığı ilə klinikadakı sperm bankına müraciət edirlər: “Donorluq xidmətini icra etdikdə donorun sağlamlığı yoxlanılır, psixoloji, genetik, infeksion testlərdən keçirilir. Donor seçdikdə biz alıcının, yəni donora ehtiyacı olan insanın xarici görünüşünü, qan qrupunu nəzərə alır, ona uyğun donorun hüceyrələrindən istifadə edirik. Təsəvvür edin ki, qara gözlü insana mavi gözlü olacaq embrionu köçürürsən. Xanımlara gəlincə, yumurta rezervi olmayan, yaxud klimaks dövrünü yaşayan qadınlar da övlad istəyirlər. Bu zaman qadın donorlarımızdan istifadə etmişik. Belə hallarda da xanımın xarici görünüşünə, qan qrupuna uyğun donor seçilir, amma sperm hüceyrəsi xanımın həyat yoldaşından götürülür və xanımın uşaqlığına yerləşdirilir. O, 9 ay bu uşağı bətnində daşıyır, sadəcə, genetik olaraq hüceyrələr başqa birisindən götürülmüş olur. 48 və 54 yaşında da donor vasitəsilə süni mayalanma tətbiq etdiyimiz qadınlar olub. Başqasının hüceyrəsi baha başa gəlir Onu da deyək ki, süni mayalanma zamanı başqa kişi, yaxud qadın donorun hüceyrələrindən istifadə etdikdə, əməliyyat baha başa gəlir. Adi halda, cütlüyün öz hüceyrələrindən istifadə etdikdə bu, 4-5 min manat arasında dəyişirsə, başqa kişinin hüceyrələrindən istifadə edildikdə, bu, 6-7 min manat olur. Qadın donordan istifadə isə 8 min manata başa gəlir. Xaricdə necədir? London Sperm Bankının saytı “londonspermbank.com”un yazdığına görə, İngiltərədə 1 nəfər maksimum 10 dəfə donor ola bilər. Qeyd edək ki, London Sperm Bankı İngiltərədə yeganə bank deyil. “Europeanspermbank.com” saytında da donorluqla bağlı istədiyin suala cavab tapa bilərsən. Burada hətta istədiyin donoru İnternet vasitəsilə seçmək haqqın var. Donoru saçının rəngi, boyu, çəkisi, qan qrupu, milliyyəti, yaşadığı ölkə, təhsili, işi, xarakteri, hobbisi, artistlik qabiliyyətinə görə seçə bilərsən. Bütün bu məlumatlar saytda öz əksini tapıb. Hətta bəzi donorlar körpə vaxtının şəkillərini də təklif edirlər. Amerikada da 50-yə yaxın sperm bankı mövcuddur. Kaliforniya ştatındakı sperm bankına məxsus “thespermbankofca.org” saytında bütün testlərədən keçdikdən sonra sperm verənlərə 500 dollar ödənilir, kiçik yaşlarının şəklini də banka təqdim edənlərə əlavə 100 dollar verilir. Hətta pasiyent istəsə, onun donorla görüşü də təklif edilir. Onu da deyək ki, başqa ölkələrdə istənilən ölkə vətəndaşı banka donor kimi müraciət edə bilər. Azərbaycanda isə ölkə vətəndaşı olmayanların banka müraciət edib etməməsi ilə bağlı “Reproduktiv sağlamlıq haqqında qanun layihəsi”ndə öz əksini tapmayıb.
Kaspi qəzeti