Suriya prezidenti Əhməd əl-Şəra Əsəd rejiminin devrilməsindən sonra qurulan hökumətin 7-ci və 8-ci fərmanlarını imzalayıb.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, əl-Şəra bu fərmanlarla ölkənin Ali Fətva Şurasına mühüm təyinatlar həyata keçirib.
7 saylı fərman çərçivəsində Suriyanın böyük İslam alimlərindən olan Üsamə ər-Rifai ölkənin yeni baş müftisi təyin olunub.
Fərmana əsasən baş müftiyə Ali Fətva Şurasının işinə nəzarət etmək və qəbul edilən qərarların icrasını təmin etmək vəzifəsi verilib.
Bundan başqa baş müftiyə vəzifəsi çərçivəsində Suriyanı rəsmi və beynəlxalq platformalarda təmsil etmək səlahiyyəti verilib.
8 saylı fərman çərçivəsində isə Ali Fətva Şurası yaradılıb. Fərmana əsasən, şuranın vəzifələrinə fətvaların nəşri, şəriət hökmlərinin izahı, vilayətlərdə müfti və fətva komissiyalarının təyin edilməsi, fətva mərkəzlərinin təftişi daxildir.
Fərmanda deyilir ki, şura səs çoxluğu ilə qərar qəbul edəcək. Səslərin bərabər olduğu halda isə prezidentin qərarı həlledici olacaq.