Suriya Prezidenti Əhməd əş-Şaraa hökumətin tərkibində bir sıra kadr dəyişiklikləri aparmağa hazırlaşır.
Bu barədə Suriyanın "Sham TV” telekanalı məlumat yayıb.
Məlumata görə, dəyişikliklər ilk növbədə daxili işlər, iqtisadiyyat, sosial məsələlər və əmək sahələrini əhatə edəcək.
Bildirilir ki, daxili işlər naziri Ənəs Xəttabın yerinə Deyr əz-Zor vilayətinin qubernatoru Ziyad Fəvvaz Ayişin təyin olunması gözlənilir.
Ayiş 2026-cı ilin əvvəlində daxili işlər nazirinin müavini vəzifəsində çalışıb. O, prezidentin tapşırığı ilə Dəməşq hökuməti və kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələri arasında əldə olunmuş razılaşmanın icrasına nəzarət edib.
Telekanalın məlumatına əsasən, yaxın günlərdə iqtisadiyyat naziri də dəyişdiriləcək. Bu vəzifəyə Dərviş əl-Əclaninin təyin ediləcəyi gözlənilir.
Sosial məsələlər və əmək naziri postuna isə rəqəmsal texnologiyalar üzrə mütəxəssis Rəşad Ənvər Kaməlin gətirilməsi planlaşdırılır.
O, 2025-ci il martın 29-da formalaşdırılmış keçid hökumətinin yeganə qadın üzvü Hind Kabvatı əvəz edəcək. Kabvat hökumətdə xristian azlığını təmsil edirdi.
Qeyd edək ki, oktyabrın 19-da Əhməd əş-Şaraa Basil Əbdülhənnanı sənaye və ticarət naziri təyin edib.
Hökumətdə gözlənilən digər dəyişikliklərlə bağlı hələlik rəsmi qərar açıqlanmayıb.
///teleqraf///











































