Xəbər verdiyimiz kimi sabiq millət vəkili, nasir Xeyrəddin Qoca saytımıza açıqlamasında Bakı Nəqliyyat Agentliyinin əməkdaşlarının onun qızına məxsus olan avtomobilə qanunsuz cərimə yazıqlarına görə qurumu sərt tənqid etmişdi. Bu gün BNA-nin ictimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev saytımıza açıqlamasında nasirin ittihamlarına cavab verdi və deyilənlərin əsassız olduğunu bildirdi.
X.Qoca Moderator.az-a açıqlamasında M.Ağayevin fikirləri ilə razılaşmayıb və növbəti dəfə qurum rəsmisinə cavab verib:
"Bakı Nəqliyyat Agentliyinin əməkdaşlarının küçələrə tökülüb sürücülərə qanunsuz cərimələr yazmaları haqqında 4 martda saytınıza açıqlama vermişdim. Yazıda qeyd etmişdim ki, qızıma qanunsuz cərimə yazıblar. Niyə qanunsuz? Çünki agentlik əməkdaşlarının sürücülərə protokol yazmaq ixtiyarları yoxdur! Ona görə ki, agentlik yaradılıb, lakin onların səlahiyyətləri dövlət tərəfindən hələ təsdiq olunmayıb. Bir də ki, qızım avtobus dayanacağından 15 metr aralıda maşın saxlayıb. Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsinin sektor midiri Mais Ağayev isə 15-20 maşının içərisindən qızımın maşınını seçərək qanuna zidd olaraq maşının şəklini sosial mediada yayıb. Maşının sahibi var, maşının nömrəsi var... Mais Ağayev özünü kim hesab edir? Bizi çox məhkəmə ilə qorxudur, onun bu hərəkəti məhkəməlikdir! Bəs, Mais Ağayev niyə belə "iş" görüb? Çünki mənim yazımdan sonra o mənə zəng edib, məsələni öyrənmək istəyərkən, ona bildirmişəm ki, qızım agentliyə zəng edib, Ərəstun Məcidovla danışıb. Ərəstun Məcidov qabalıq edərək ona cavab verib ki, "biz heç kimi tanımırıq!" Yeri gəlmişkən, indi ona cavab verirəm: Ərəstun, biz də nə səni, nə də sizin əməkdaşları tanıyırıq, heç tanımaq da istəmirik! Anladınmı?
Mais Ağayevlə həmin danışığımızda o, bildirdi ki, "Ərəstunun sizinlə elə danışmağa ixtiyarı yoxdur! Yəqin o, cəzalanacaq". Səhəri gün Mais Ağayev mənə zəng edərkən sifəti döndü, "Ərəstun müəllim o sözü deməyib"-dedi. Mən də soruşdum "Ərəstun nə vaxtdan müəllimdir"? Deməli, mənim iki dəfə, qızımın isə bir dəfə agentlik əməkdaşları ilə söhbətimiz olub. Bəs, niyə Mais Ağayev yalan yazır ki, məsələni araşdırmamış yazı yazmışıq? Mais Ağayev üstəlik mənə qanundan "dərs" " keçməyə çalışır.Mais, sən bilməlisən ki, mən MM-in deputatı olanda 5000 qanuna "barmaq" basmışam!.. Mais Ağayev ziyalılıqdan danışır. Mais, xalq məni yaxşı tanıyır! Sən danışığına diqqət et! Nəhayət, təkrar edirəm, Bakı Nəqliyyat Ağentliyi qanunsuz işlərlə məşğuldur, agentliyin əməkdaşlarının yarıtmaz işindən çoxlu insan şikayət edir və hamı onların özbaşınalığını görür! Hələlik ziyalılar fikirlərini yazırlar və çoxlu faktlar var! Sosial mediadakı rəyləri də oxuyun. Elə bu gün agentliyin avtobuslarının dalbadal Zorge parkının içərisindən, insanların dincəldiyi yerdən keçdiklərini gördüm, şəkillərini çəkib sosial mediada yaydım. Budur sizin qanuna əməl etməyiniz? Hələ gözləyin, görün, agentlik haqqında nələr yazılacaq! Yenə deyirəm, söhbət cərimədən getmir, agentliyin qanunsuz əməllərindən gedir! Biz bu əməllərə göz yummayacağıq! Hüquq-mühafizə orqanları isə öz işlərini görəcəklər”.