Sürücülərin nəzərinə - Bunları bilməlisiniz

Sürücülərin nəzərinə - Bunları bilməlisiniz
SOSİAL
16:37 21.01.2026
340
"Qarlı və şaxtalı havalarda sürücülərin əməl etməli olduğu bir çox vacib məqamlar var. Bunların başında təcrübə dayanır. İkinci əsas məsələ isə avtomobilin texniki sazlığıdır”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib.  

O deyib ki, sürücülər qış təkərlərinin olmasına diqqət yetirməlidir:

"Sürücülər istifadə etdiyi avtomobili yaxşı tanımalı, qış təkərlərinin olmasına diqqət yetirməlidir. Təəssüf ki, sürücülərimizin bir çoxu, xüsusilə də Bakıda bu vacib detalların fərqində olmur. Çünki Bakıya qar nadir hallarda yağır. Bəzən bir neçə il ardıcıl olaraq ümumiyyətlə Bakıya qar yağmayıb. Nəticə etibarilə, sürücülərin qarlı-buzlu hava şəraitində idarəetmə təcrübəsi zəif olur. Elə buna görə də belə havalarda çətinliklər, gərginlik və qəza riski artır. Bir az qar görən kimi bəzi sürücülər panikaya düşür və nə edəcəyini bilmirlər”.
 


Ekspert qeyd edib ki, belə hallarda sürücü ilk növbədə yola və avtomobilinə bələd olmalıdır:

"Belə hallarda sürücü ilk növbədə yola və avtomobilinə bələd olmalıdır. Əks halda bu, artıq naşı, təcrübəsiz sürücü deməkdir. Baş verən qəzaların səbəblərinə baxanda da görürük ki, bir çox hallarda sürücülər peşəkar deyillər, avtomobilə vaxtında texniki qulluq göstərmirlər. Məsələn, yay təkərləri qışda da avtomobilin üzərində qalır. Bu isə təbii ki, xoşagəlməz nəticələrə gətirib çıxarır”.

E.Muradlı vurğulayıb ki, digər vacib məqam isə səfərlərin düzgün planlaşdırılmasıdır:

"Digər vacib məqam isə səfərlərin düzgün planlaşdırılmasıdır. Bəzi sürücülər səhər tezdən tələsik yola çıxır, hər yerə tez çatacağını düşünür. Amma hava proqnozlarını, şaxta və buzlanma ilə bağlı edilən xəbərdarlıqları izləmirlər. Yol polisi və digər qurumların verdiyi rəsmi məlumatlara diqqət yetirmək lazımdır. 
Halbuki ağıllı sürücülər belə havalarda bir qədər gözləməyi üstün tuturlar. Günəş çıxandan sonra, yaxud gün ortasına yaxın temperatur bir qədər yüksələndə yola çıxmaq daha təhlükəsizdir. Çünki artıq yolda buz azalır, hərəkətlilik olur və risk xeyli aşağı düşür. Bir sözlə, qarlı-şaxtalı havalarda kor-koranə hərəkət etmək düzgün deyil”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR