"Şuşanın bərpası üçün bütün imkanlar səfərbər olunacaq"

"Şuşanın bərpası üçün bütün imkanlar səfərbər olunacaq"
SİYASƏT
14:21 24.03.2021
836

Azərbaycan xalqı tarixinin ən yadda qalan və şanlı dönəmlərindən birini yaşayır. Ali baş komandan, Prezident cənab İlham Əliyevin strateji rəhbərliyi ilə Azərbaycan ordusu vaxtilə nağıl kimi görünən həqiqətləri bərqərar etdi, işğal olunmuş ərazilərdən didərgin düşmüş əhalinin uzun illərin həsrətinə son qoyuldu.

2020-ci ildə bütün dünya ölkələri pandemiya, dünya iqtisadi böhranı əksər ölkələrin iqtisadi durumuna ciddi təsirlər göstərmiş, ölkələr planlaşdırdıqları irimiqyaslı siyasətləri təxirə salmış, lakin, Azərbaycan dövləti və xalqı hər hansı iqtisadi, sosial və səhiyyə çətinliklərinə, müharibənin gətirdiyi maddi ziyanlara, çoxsaylı və çoxçeşidli maliyyə xərclərinə baxmayaraq, özünə qarşı edilmiş təcavüzə sipər gəldi və torpaqlarını yağı düşməndən azad etdi.

Şuşanın işğal edilməsi nəticəsinda 8 muzey, 31 kitabxana, 17 klub, 8 mədəniyyət evi dağıdılmış, viran edilmişdir. Şuşa şəhərinin tarixi muzeyinin 5 minədək eksponatı, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyinin Şuşa filialının, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək eksponatı, Azərbaycan professional musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəyovun (300-dən çox əşya), Azərbaycan vokal sənətinin əsasını qoymuş böyük müğənni BüIbülün (400-dək əşya), görkəmli musiqiçi və rəssam Mir Mövsüm Navabın (100-dən çox əşya) xatirə muzeylərinin, Ağdam tarix-diyarşünaslıq muzeyinin (2 mindən çox əşya), Qubadlı tarix-diyarşünaslıq muzeyinin (3 mindən çox əşya), Zəngilan tarix-diyarşünaslıq muzeyinin (6 minədək əşya) fondları qarət edilmişdir.

Şuşa şəhəri ətrafındakı bürünc dövrünə aid yüzlərlə məzarda arxeoloji qazıntılar aparmaqla beynəlxalq hüquq normalarına saymazyana münasibət nümayiş etdirilmişdir. Ermənilər zəbt olunmuş Azərbaycan ərazilərində soydaşlarımızın məzarlarını, mərmər daşları, qəbirüstü abidələri qarət etmişlər. İşğal zonasındakı meşələr talan olunmuş, təbiətin incisi sayılan çinarlıqlar məhv edilmiş, bu ağaclar kütləvi şəkildə doğranılmışdır.

Şəhərdə erməni vəhşiliyi ilə üz-üzə qalan tikililərdən biri də Şuşa Dövlət Rəsm Qalereyasının binasıdır.

Bugün artıq Azərbaycan qalib ölkədir. Qalib ölkənin qarşısında duran əsas məsələ, işğaldan azad olunan torpaqlarının bərpasıdır. İllərdir ki, düşmən əsarətində qalan bu torpaqlara can vermək bizim mənəvi borcumuzdur. Hazırda Azərbaycan dövlətinin qarşıya qoyduğu bir nömrəli hədəf məhz budur. Ötən günlərdə möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən təsdiqlənən "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də bu məsələ öz əksini tapmışdır. İşğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcəkdir.

Beynəlxalq iqtisadiyyatın da təməl tələblərindən birinə uyğun olaraq investisiya yatıran üçün onun yatırımının minimum risk ilə müşayiət olunması birinci şərtdir. Deməli, hazırda regionda risklərin azaldılması, hətta sıfra endirilməsi xarici investorlar üçün bölgənin cəlbediciliyini artırır. İndi hər bir investor heç bir qorxusu olmadan öz yatırımını Qarabağa qoya bilər və əmin ola bilər ki, Qarabağda onun yatırımı etibarlı əllərdədir.

Azərbaycan Ordusunun Dağlıq Qarabağda apardğı döyüşlərin müasir hərb tarixinə yazıldığı dünyaya bəyan oldu. Müzəffər Ordumuzun düşmənə qarşı müxtəlif tipli çoxsaylı dronlar tətbiq edərək onun canlı qüvvəsini və texnikasını məhv etməsi yeni müharibə taktikası kimi hərbi mərkəzlərdə təhlil edilir. Ən mühümü odur ki, Azərbaycan Ordusunun keçirdiyi hərbi əməliyyatlar döyüş əməliyyatlarının aparılması taktikasını dəyişir. Belə ki, hərbi əməliyyatlarla bağlı indiyə qədər mövcud olmuş ənənələr yeniləri ilə əvəz olundu. Bütövlükdə, torpaqlarımızın azadlığı uğrunda aparılan Vətən müharibəsi ordumuzun gücünün və ümumən Silahlı Qüvvələrimizdə aparılan quruculuğun və modernləşmənin nəticələrinin döyüş meydanındakı praktik təsdiqi oldu. Azərbaycan göstərdi ki, ən müasir vasitələrlə döyüş aparmaq imkanları olan bir orduya malikdir.

Bizim "Böyük Qayıdış”ımızın həm tarixi, həm siyasi, həm də sosial-iqtisadi mahiyyəti artıq hər kəsə məlumdur. Bu qayıdışın Azərbaycan xalqı üçün çox böyük mənası vardır. Dövlətimiz və xalqımız o torpaqları göz bəbəyi kimi qoruyacaq və inkişaf etdirəcək!

Naftalan şəhər sakini: Ülfət Əliyev
OXŞAR XƏBƏRLƏR