Kaliforniyanın eks-qubernatoru və məşhur aktyor Arnold Şvarsneqqerin həyat yoldaşı Mariya Şrayverin 2011-ci ilin iyulunda elan etdiyi boşanma prosesini dayandıracağı istisna edilmir. Arnold Şvarsnneqer evindəki qulluqçudan nikahdan kənar oğlu olduğunu etiraf edəndən sonra uşaqlarını götürüb evi tərk edən Mariya Şrayver deyəsən boşanma fikrindən vaz keçib. Şvarsneqqer özü də ailəsini qorumağın tərəfdarıdır. Anonim mənbələr onun yenidən hədiyyələrlə həyat yoldaşının rəğbətini qazanmağa cəhd göstərdiyini deyirlər. "People" jurnalının yazdığına görə, Şrayver, Şvarsneqqer və uşaqları Milad bayramında birlikdə çox gözəl vaxt keçiriblər.Şrayveri boşanma davası açdıqdan sonra ərinin şirkətində artıq bir neçə dəfə görüblər. Hələ boşanmağa qərar verdiyi iyul ayında Şvarsneqqerin 64-cü doğum günündə də iştirak edib.Xatırladaq ki, Arnold Şvarsneqqer ABŞ-ın keçmiş prezidenti Con Kennedinin bacısı qızı olan telejurnalist Mariya Şrayverlə 1986-cı ildə evlənib. Bu nigahdan onların 4 övladı dünyaya gəlib. Şrayver iyul ayında boşanma ərizəsi ilə məhkəməyə müraciət edib və onlar neçə aydır birlikdə yaşamırlar. Şvarsneqqerdən ayrıldıqdan sonra yenidən jurnalistika ilə məşğul olan Şrayver, eyni zamanda Kaliforniyada imarət də alıb.