Türkiyə Azərbaycandan aldığı qazın həcmini niyə azaldır?

Bütün Xəbərlər
06:15 23.02.2011
1631
Dövlət Statistika Komitəsinin məlumatına görə, "Şahdəniz"dən qaz təkcə Cənubi Qafqaz boru kəməri (Bakı-Tbilisi-Ərzurum) ilə ixrac edilib və yanvarda 336,5 milyon kubmetr qaz nəql olunub. 2011-ci ilin ilk ayında Azərbaycan qazının Bakı-Tbilisi-Ərzurumla nəqli ötən ilin yanvarı ilə müqayisədə 129,9 milyon kubmetr azalıb. Bir il əvvəl bu göstərici 466,4 milyon kubmetr idi.

2010-cu ildə Bakı-Tbilisi-Ərzurumla cəmi 4,9 milyard kubmetr qaz ixrac edilib. Bu, 2009-cu ildəkindən 300 milyon kubmetr azdır.

Ümumiyyətlə, son iki ildə Azərbaycan qazının Türkiyə bazarına tədarük həcmi artmaq əvəzinə azalır. DSK-nın son məlumatından belə görünür ki, bu tendensiya 2011-ci ildə də davam edə bilər.

Hökumət mənbələri "Turan"a izah ediblər ki, Azərbaycan qazının Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə ixrac həcminin azalması Türkiyənin "Şahdəniz" yatağından qaz alışı həcmini artırmaq istəməməsi ilə bağlıdır.

Xatırladaq ki, ötən ilin yayında Azərbaycan qazın qiymət formuluna yenidən baxılmasına nail olub və bundan sonra Türkiyənin "Botaş" şirkəti "Şahdəniz" səhmdarlarına $1,351 milyard borcunu etiraf edib: bu borcun $700 milyonu 2010-cu ilin sonuna kimi ödənilib.

"Azərbaycan qazı Türkiyə bazarında Rusiya və İran qazından baha deyil. Ona görə həcmin azalmasını maliyyə məsələsi ilə bağlamaq olmaz", - deyə "Turan"ın müsahibi bildirib.

Türkiyə mənbələri bildirir ki, ötən ilin IV rübündə "Botaş" Azərbaycan qazının 1000 kubmetri üçün $280-285 ödəyib. Amma Rusiya qazı $300-ə başa gəlir. Digər tərəfdən, Türkiyədə hesab edirlər ki, "Qazprom"la ticarət şərtləri ("al və ya ödə") daha sərtdir. Bu səbəbdən "Botaş" qaz idxalında riski minimuma endirmək istəyir. Eyni zamanda, Ankara yeni AES tikintisində daha çox mənfəət əldə etmək istəyir və Moskva ilə münasibətlərdə özünü imzalanan müqavilələrə dəqiq əməl edən tərəfdaş kimi qələmə verir.

Azerbaican Gas Supply Company ("Şahdəniz" yatağından çıxan Azərbaycan qazının rəsmi satıcısı) ilə "Botaş" arasında saziş 12 mart 2001-ci ildə imzalanıb. Sazişə əsasən, "Mərhələ-1" çərçivəsində Türkiyə tərəfi 2008-ci ildən başlayaraq minimum 6,3 milyard kumbetr qaz almalı idi. Amma "Botaş" sazişdə "al və ya ödə" (take or pay) bəndi olsa da, öhdəliyə əməl etmir. Bir vaxtlar "Şahdəniz" səhmdarları beynəlxalq İqtisad Məhkəməsi ilə "Botaş"ın borcu ödəməsinə nail olmaq istədilər. Amma Azərbaycan hökuməti onları sakitləşdirdi və xatırlatdı ki, "böyük qaz"ın ixracında (2017-ci ildə başlayacaq "Mərhələ-2" layihəsi- red.) Türkiyə əsas alıcı ola bilər. 

/"Ekspress"/

 

OXŞAR XƏBƏRLƏR