Vəzifə müddəti 2013-cü ildə başa çatacaq Baş Qərargah rəisi Işık Koşanerin istefasından sonra Quru Qoşunları komandanlığındakı tam general heyəti boşalıb. Bir sıra ekspertlər Türkiyədə baş verənləri yeni siyasi böhranın başlanğıcı kimi dəyərləndirsələr də, fərqli mövqedə olanlar da az deyil. Onların fikrincə, ordudakı istefalar Türkiyədə son zamanlar baş verənlərin məntiqi nəticəsi idi və bu olayların heç bir siyasi nəticəsi olmayacaq.
«Baş verənlər Türkiyəyə Avropa dəyərlərinin gəlməsi, demokratiyanın təzahürüdür»
Politoloq Zərdüşt Əlizadənin fikrincə, Türkiyədə hazırda müşahidə olunanlar sağlam prosedur qaydaların təzahürüdür. Hazırda qardaş ölkədə cərəyan edən proseslərin Türkiyənin bir demokratik dövlətə çevrildiyini göstərdiyini vurğulayan Z.Əlizadə hesab edir ki, Türkiyə artıq hərbi çevrilişlər dövrünü arxada qoyub: “Əvvəllər ordu rəhbərliyi hökumətdən narazı olanda baş naziri qəbuluna çağıraraq, ondan istefa verməsini tələb edirdi. Ərdoğan hazırda ölkəni Avropa qanunları çərçivəsində idarə edir. Xeyli sayda qiyamçı zabit həbs olunub. Əgər bir vaxtlar ordu rəhbərliyi hökuməti istefaya göndərirdisə, indi özü istefaya gedib”. Baş verənlər demokratik dövlətlərə xas cəhət olduğundan istefaların siyasi mühitə heç bir təsir göstərməyəcəyini deyən Z.Əlizadə qeyd etdi ki, Türkiyə ordusu artıq normal, demokratik dövlətlərdə olduğu kimi mülki hakimimiyyətə tabe olmağa başlayıb: “Baş verənlər Türkiyəyə Avropa dəyərlərinin gəlməsidir. AKP son seçkilərdən uğurla çıxıb və qarşıda bir sıra siyasi-iqtisadi islahatlar həyata keçirməyi düşünür. Bu sırada ən mühüm islahat Konstitusiya dəyişiklikləridir. Bütün bunlar Türkiyədə demokratiyanın möhkəmlənməsinin təzahürüdür”.
«Türkiyədə demokratiya o səviyyədədir ki, ordu rəhbərliyi hökumətin siyasətini qəbul etmirsə, istefa verir»
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun sözlərinə görə, hərbçilərin istefası daha çox iki səbəblə izah olunur. Birinci səbəb kimi ordunun PKK ilə son toqquşması zamanı verilən itkilər göstərilir. Ekspertin fikrincə, ordu rəhbərliyi baş verənlərə görə, ictimaiyyətin ciddi tənqidlərilə üzləşdiyindən istefa verib. Ikinci bir səbəb isə istefada olan zabitlərin işinin məhkəmələrdə yubanması göstərilir: “Amma o alqışlanan haldır ki, Türkiyədə dəyişikliklər artıq əvvəlki illərdə olduğu kimi reallaşmır. Yəni, ordu rəhbərliyi normal qaydada istefa verərək, uzaqlaşır. Daha hər hansı çevrilişə cəhd göstərmir. Bu isə o deməkdir ki, Türkiyədə artıq demokratiya o səviyyəyə qalxıb ki, ordu rəhbərliyi hökumətin siyasətini qəbul etmirsə, cəmiyyətin tənqidi ilə üzləşirsə, könüllü şəkildə istefa verir”.