Tağı Əhmədov 'Azadlıq'dan 200 min manat istəyir

Tağı Əhmədov
16:19 05.06.2012
2119
Bakı Metropoliteninin rəisi Tağı Əhmədov “Azadlıq” qəzetini defamasiyaya görə məhkəməyə verib. Məhkəmə T.Əhmədovun iddiasını haqlı hesab etsə tənqidçi qəzetin üzərinə 200 000 AZN təzminat ödəmək yükü qoyula bilər.T.Əhmədov tənqidçi qəzetin 8 aprel 2012-ci il tarixli sayında dərc olunan “Taşı Əhmədov 5 qəpikləri mənimsədi” sərlövhəli məqalədən narazı qalıb. Sözügedən yazıda 2012-ci ilin yanvarında metroda gediş haqlarının artırılmasından bəhs olunub. Yasamal Məhkəməsinə təqdim olunan iddia ərizəsində qeyd olunur ki, qəzet yazısında Tağı Əhmədovun fəaliyyətinə qərəzli yanaşılıb. İddiaçı hesab edir ki, yazıdakı “...yanvar ayında metroda gediş haqqı on beş qəpikdən iyirmi qəpiyə qaldırılanda çoxlarının kartında beş qəpiklər qaldı. Bax, metropoliten rəisi həmən pulları mənimsəyib...” cümlələri onun şərəf və ləyaqətini aşağılayıb. İddiaçı qeyd edir ki, məqalədə Bakı Metropoliteninin rəisi kimi vəzifəsindən sui-istifadə etməklə mənimsəmə cinayəti törətməkdə ittiham olunub. “Bu fikirlər jurnalistin uydurmasından, onun qərəzli münasibətindən və məni aşağılamaq, şərəf və ləyaqətimi, uzun illər ərzində dövlətə sədaqətlə xidmət göstərməyimlə, peşəmi, vəzifə borcumu vicdanla yerinə yetirməyimlə topladığım işgüzar nüfuzumu ləkələmək cəhdindən başqa bir şey deyil” iddia ərizəsində vurğulanır. İddiaçı məhkəmədən xahiş edib ki, məqaləni onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab etsin, “Azadlıq” qəzetinin üzərinə təkzib vermək və vurduğu mənəvi zərərə görə 200 000 AZN təzminat ödəmək vəzifəsi qoyan qərar qəbul etsin.
OXŞAR XƏBƏRLƏR