Tağı Əhmədov: 'Azərbaycan əhalisinin 35 faizi ilə hər gün təmasda oluram' - MÜSAHİBƏ

Tağı Əhmədov:
14:14 02.06.2012
2388
Müsahibim Bakı Metropoliteninin rəisi Tağı Əhmədovdur. İlk zəngimdə üstümə təpindi, ikinci zəngimdə “görmürsən məşğulam, bə bu yekəlikdə də olmaz, axı” dedi. Amma bir şənbə səhəri də telefonu açıb ”gəl, baxaq görək, hansımız dəliyik, diktafonunu da götür, gəl” dedi.- Şair olmaq çətindir, məmur olmaq, yoxsa ümumiyyətlə insan olmaq? Hansı daha çətindir?- Müsahibəni metrodan başlamamağınız professional olmadığınızdan xəbər verir (İlk zərbəni aldım). Hər şeydən əvvəl mən Bakı Metropolitenin rəisiyəm, hər şeydən əvvəl də ancaq və ancaq metro işçisiyəm. Şairlik, yaxud da ki, hərdənbir yazmaq sadəcə hobbidir, yeri gələndə adam yazır. Özü də bu uzun illərdir yığılıb, indi sözə tökürsən. Amma metropoliten işçisi olaraq nə az, nə çox, düz qırx üç ildir işləyirəm. Metropolitenlə nəfəs alıram və ilk növbədə əsas işim metroploitendir. Şairlik isə bir az yekə məfhumdur, mən bunu heç cür qazana bilmərəm. Eyni zamanda istəmirəm də bu adı öz üstümə götürüm, adıma elə bir söz işlənsin. Bu, böyük məsuliyyətdir. Metropolitençi olar, metro işçisi olar, bunların hamısına hə, amma şairliyə yox.- Axı, var…- Varsa da bilirsiz, yenə deyirəm, biri var, kimsə nəiləsə maraqlanır, amma bu o demək deyil ki, sırf o peşəyə gedir. Xeyr. Mənim bir nömrəli işim metropolitendir. Baxın, bu gün istirahət günüdür, hər kəsin dincəldiyi bir vaxtda mən metrodayamsa, deməli işimi sevərəkdən gəlmişəm. Başqaları kimi istirahətə də gedə bilərdim, işə gəlməyə də bilərdim, ancaq mənə sual olunanda ki, niyə sən istirahət günü də işləyirsən, çox təəccüb eləyirəm, məyər istirahət günü metro işləmir? Metro işləyirsə, Bakı şəhərindəyəmsə deməli, mən işdə olmalıyam.- Həyatımda ilk dəfədir ki, bir məmurla söhbət edirəm. Bu baxımdan düz deyirsiz, professional deyiləm. Mənim dünyam ədəbiyyatdır, mədəniyyətdir. Məni sizin yanınıza gətirən də elə bunlardır. Metroya düşəndə “Koroğlu” uvertürasını, Qarabağ şikəstəsini, Qarayevin simfoniyasını eşidəndə başım dikəlir. Ən pis anımda belə, bu bir anlıq musiqi məni özümə qaytarır…- Akademiyada da “tələbəlik illəri” (gülümsəyir). Amma ona da irad tutanlar var ki, çox yaxşı iş görməmisən, bu düz deyil. İnsanlar müxtəlifdir, minlərlə adam keçir burdan. Bunların hamısının qəlbinə uyğun mahnı düzmək mümkün deyil.- O ideya kimindir?- Özümün. Gələndən o ideya mənim olub. İdeyalarımız çoxdur. Düşünün ki, xaricdə metroda telefon işlətməyə qadağa qoyulmuşdu. Əgər sərnişin metroda yarım saat yol gedirsə, ona niyə zəng gəlməsin? Ona görə də təbiq elədik. Çox yazıb-pozdular, radiasiyadır, ziyandır deyə. Bu deyilənlər boş şeydir. Mən eləyəndən sonra Moskva elədi, getdim ki, Londonda da, Fransada da var. 1999-cu ildə ilk dəfə bizdə olub.“MİLLƏTİMİN YAXŞISINI DA SEVİRƏM, PİSİNİ DƏ…”- Siz deyirsiz ki, millətçi olmaq üçün insanın damarlarında ən əvvəl türk qanı axmalıdır…- O, mənim öz sözüm deyil, bu sözlərin hamısı deyilib. Mən də həmişə birmənalı olaraq deyirəm ki, hər hansı yerdə işləyirsənsə işlə, Vətəni sevən adamın damarlarında mütləq və mütləq tərtəmiz türk qanı axmalıdır. Tərtəmiz TÜRK olmalıdır. Hansısa bir qarışığı varsa, çox, çox təsadüfən ola bilər ki, o həqiqətən millətini, dövlətini sevsin. Amma qəlbilə, canıyla millətini sevən hər bir adamın qanında öz millətinin təmiz qanı axmalıdır.Millətçiliyə gəlincə, bu fərqli anlayışdır. Millətçilik ayrı şeydir, milləti sevmək ayrı şeydir. Mən millətçi deyiləm, bütün millətlərdən mənim dostum da var, yaxınım da. Amma Azərbaycan mənim üçün ən böyük idealdır. O mənada yox ki, mən azərbaycanlıyam, xeyr, o mənada ki, hər bir millətin ümumi say-seçməsinə baxanda, irəliləyişinə baxanda və analiz eləyəndə görürsən ki, bəli, Azərbaycan xalqında xeyirxahlıq da var, Azərbaycan xalqı həddindən artıq mülayim xalqdır, eşidən, məsləhətə qulaq asan xalqdır. Bunların hamısını götürəndə ulu öndərin dediyi sözlər bir zirvə olaraq hamının qulağında qalır: “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam!”Mən milləti sevirəm, birmənalı olaraq, hərtərəfli olaraq sevirəm! Yaxşısını da, pisini də. Pisinin gərək müəyyən dərəcədə yolunu düzəldəsən, yaxşının isə daha yaxşı olmasına çalışasan. Aydın məsələdir, millətin içində yaxşısı da olmalıdır, pisi də, əgər pis yoxdursa yaxşı bilinməyəcək… Necə sevməyə bilərsən bu milləti?! Ona görə də üstünlüyü əlbəttə bir fərd olaraq öz millətindən olan adamlara verməli, onları yüksəltməlisən. Məsələn, bizdə Yusif Məmmədəliyev olub, çox təəssüf ki, qəzetdə, yazılarda haqqında çox az-az material gedir. Heydər Əliyev siyasətdə nə qədər zəngin idisə, nə qədər təcrübəliydisə, elmdə də Yusif Məmmədəliyev bir o qədər təcrübəli və zəngin idi. 1945-ci ildə SSRİ Elmlər Akademiyanın filialını burada yaradanda Moskvadan tökülüşüb gəlirlər ki, görək burada akademiklərdən kim var? İndiki kimi test imtahanı keçirilir. SSRİ Elmlər Akademiyasının prezidenti deyir ki, əgər burada bircə nəfər akademik olmasa belə, təkcə Yusif Məmmədəliyevə görə burda akademiyanın filialını açmaq lazımdır. Bax, bu, fəxrdir. O mənada fəxrdir ki, bu sənin millətinin oğludur. Yusif Məmmədəliyevə Nobel mükafatı düşürdü, ixtiralarına görə, “Aktan” benzini yaratdığına görə verməliydilər. Xudpəsənd erməni ömürboyu bizim üçün düşmən olub, düşmən olacaq da. Erməni gəlir deyir ki, biz o Nobel mükafatını versək, gərək bu elmi kəşfi açıqlayaq, açıqlasaq isə biz uduzuruq. Aydın məsələydi ki, o vaxtkı SSRİ başbilənləri, Stalin, Mikoyan, Geordadze yığılır bir yerə, konkret olaraq deyirlər ki, yox, ona mükafat vermək olmaz. Bu gün ən acınacaqlı şey budur ki, Nobel qardaşlarının Bakı neftindən əldə etdiyi pullar kimlərəsə milyon-milyon paylanır, Azərbaycandan bir nəfər belə, bu mükafata layiq görülməyib. Bu o demək deyil o mükafata layiq kimsə yoxdur ölkəmizdə, xeyr, bu, o deməkdir ki, qoymurlar, imkan vermirlər.“Getdim Əbülfəz Elçibəyin yanına…”- Çox maraqlı bir təzad var. Siz naxçıvanlısız. Naxçıvan adamlarısa çərçivəyə sığmır. Həddindən artıq dəli-dolu, həddindən artıq çılğın olurlar. Maraqlıdır, gəlmisiz Bakıda yeraltı bir sənət seçmisiz. Ruhunuz sıxılmır ki?- Yox, qətiyyən. Metronun o vaxt mənə verdiyi ən yaxşı işlərdən biri buydu ki, gecə çalışırdım, gecə də işləyirdim. Beləcə gecələr işləyərək iki universitet bitirmişəm. Bunlar metronun mənə verdiyi sərbəstlik idi. Heç kəsə minnət eləmədən, işləyib, çalışıb oxumuşam. Dərsdən gəlirdim, əynimi dəyişib, on ikinin yarısından saat altıya qədər metroda işləyirdim, bu vəziyyət on səkkiz il davam edib. İndi bir texnikum bitirən az qalır adamın başını yarsın ali təhsilliyəm deyə, halbuki institut bitirənlərimiz daha çoxdur. Mən iki institut bitirəndə belə, heç kimə ağız açıb iş istəmirdim. Daha sonra adicə bir stansiya rəisi, xidmət rəisi işlədim. Mən metronun həmişə işləməsini istəmişəm. Niyə bilirsizmi? Çünki metrodan beş qəpiyə möhtac olanlar istifadə edib. Yaxşı varı-karı olanlar şəxsi maşınlarından istifadə edə bilirdilər. O vaxtlar nümayişlər olurdu, Xalq Cəbhəsi çıxıb iddia edirdi ki, metro da işləməsin. Adam hiss eləyirdi ki, bunlar istehsalatdan kənar adamlardılar, heç nə bacarmırlar. 1989-cu ilin avqust ayının 15-ində elan verildi ki, metro saat 10-dan işləsin. Mən üç nəfərlə metronun hərəkət qrafikini götürüb getdim Əbülfəz Elçibəyin yanına. Onda hələ prezident deyildi. «Azərbaycan» jurnalının redaksiyasında, Yusif Səmədoğlunun otağında Əbülfəz Elçibəy idi, Nəcəf Nəcəfovuydu, Yusif Səmədoğluydu, Araz Əlizadə, Zərdüşt Əlizadə, Nemət Pənahov, hamısı ordaydılar. Mən qapıda görünəndə dedilər, “Siz nə istəyirsiz? ”. Dedim bir sözüm var, qrafiki açdım, Etibar Məmmədovuydu eyni zamanda o şüarı verən. Dedim siz deyirsiz ki, metro saat 10-dan işləsin, bu sizə avtobus parkı deyil ki, qapını açıb qatarlara deyəsən bir-bir çıx. Metroda baxın görün, qatarlar hansı saniyədə, hansı stansiyada olmalıdır. Sizin dediyiniz olarsa, qrafiki necə təşkil edək? Rəhmətlik Əbülfəz Elçibəy dedi ki, “biz hələ çox şey bilmirik, çox şey öyrənməliyik”. Beləcə mənim israrımla qrafik dəyişmədi.Metro mənim ən özəl hesab etdiyim nəqliyyat növlərindən biridir və biz bu gün, Beynəlxalq İctimai Nəqliyyatlar İttifaqının üzvüyük. Dünyanın 165 şəhərində metro var, o cümlədən də bizdə. Ulu öndər 2002-ci ildə, metropolitenin otuz beş illiyini keçirəndə dedi ki, “metro xalqın ən böyük sərvətidir”. Və biz çox xoşbəxtik ki, metro kimi bir nəqliyyat növü bu gün bizdə işləyir. Bir gündə ən azı orta hesabla 575-600 min sərnişin gedir metrodan. Bu sərnişinin hamısına biz məsuliyyət daşıyırıq. Birinin burnu qanasa cavabdehi bizik.“NECƏ VARSANSA, ELƏ GÖRÜN…”- “Tağı müəllim” deyəndə, insanların simasında ləzzətli bir gülümsəmə yaranır. Çünki bizim rəsmilikdən, çərçivədən kənar, xalqa yaxın adamlarımızdansız…- Xalqla işləyirəm da mən, xalqın içindəyəm. Azərbaycan əhalisinin 35 faizi ilə hər gün təmasda oluramsa, aydın məsələdir ki, xalqın içərisindəyəm. Necə görünürsən, elə də olsan daha yaxşıdır. Yoxsa, bu gün mən müsahibə vermək xatirinə, bəzəkli cümlələri seçim-danışım, yox, necə varsan, elə də görün.- Tağı müəllimin günahları varmı?- Çoox. Metroda günahım yoxdur, işçilərim arasında günahım yoxdur. Heç bir günahım ola bilməz işçilər arasında. Mənim otağımın qarşısına yazılan qəbul günlərinə baxmayın, o boş şeydir. Hər gün qəbul günüdür, hər gün aşağıda da görüşürəm, hər gün depoya da gedirəm, vaqona minirəm, mənim işçim harda məni görürsə, sözünü deyə bilir. Ən böyük günahımsa günahsızlığımdır. Bir də ki, günahsız adam yoxdur.- Bütün titullarından kənarda hər kəsin içində başqa bir ÖZü var. Çəkilir öz dünyasına və təkcə onunla baş-başa qalır. Tağı müəllimin dərdləşdiyi o adam kimdir?- İnsan mənliyini tutduqca uca, Özü o zirvədən ucaya qalxır, İnsan var, ucalıb, uca olunca, Bilsən neçə kərə sönür, alçalır?!Hərdən əsəbiləşmək həyata qəsddir, Acı dil, qəlb qırmaq, məncə, əbəsdir. Yüz il qəm-kədərlə yaşamaqdansa, Əlli il gülüşlə yaşamaq bəsdir.Yaş yüzə çatanda zəka işləmir, Yaranır beyində, təlaş, səs-səmir. İnsanın qaməti əyilir, sanki, Torpaq bir maqnitdir, baş isə dəmir. Çəkir özünə sarı torpaq, baş əydirir.- Bəs bayaqdan bunu istəyirdim də sizdən. Metronu hamı bilir, mənim istədiyimsə sizin bu tərəfinizdir.- (gülür) Sən istədin, mən də dedim də.“HÜSEYN CAVİD ƏN YARALI YERİMDİR…”- Hüseyn Cavid…- Mənim ən ümdə yerim, qəlbimin yaralı yeri. Onu da bizim millət o günə salıb. Məsələ ondadır ki, Hüseyn Cavid 59 yaşında rəhmətə gedib, 1941-ci ildə. Əgər yaşasaydı, elə mən qədər yaşasaydı, görün nələr yaradardı. Allah bir daha rəhmət eləsin, onun elədiyinin yüzdə birini heç kəs eləmir. Ulu öndərin 1982-ci ildə Hüseyn Cavidin nəşinin Azərbaycana gətirməsindən böyük heç nə yoxdur, olmayıb, olmayacaq da. Özü də düşünün ki, bu Cavidə olan vurğunluq idi. Heydər Əliyev o qədər əziyyətlə Cavidi vətənə gətirdi. Fəxri Xiyabanda minlərlə dahilərimiz yatır, Hüseyn Cavidi də orada dəfn edə bilərdi. Çox adama Cavidin Naxçıvanda dəfn olunmağının mahiyyəti çatmır. Naxçıvan Şərqin qapısıdır. Cənubi Azərbaycana, Türkiyəyə gedən-gələn Naxçıvandan keçərək Cavidə baş əyir. Cavid məqbərəsinə baş vurur. Ona görə də Heydər Əliyev böyüklüyünə çatmaq belə mümkün deyil. Cavidi gətirəndən sonra demişdi ki, burda Cavidin məqbərəsi qoyulacaq. Bir nəfər də daşı daş üstə qoymadı. Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra Cavidi əbədiləşdirdi. Getdi, özü açılış elədi Turan xanımla. Burada bir məqam da var. Cavidin başının ölçüsü 59, Cavid uyuyub 59-cu qəbirdə, Cavid ölüb 59 yaşında, Cavidinin nəşini 1982-ci ildə 59 yaşlı Turan Cavid və Heydər Əliyev qəbul eləyib. Bəlkə bilmədiyimiz daha neçə belə məqamlar da var. Yəqin ki, hər hansı bir axıcılıq var, biz bilmirik.Müşgünaz bibim 1976-cı ildə rəhmətə getdi, onun qeydlərini mən çap elətdirmişəm.Çox əsəri- Müşgünaz xanımın qeydləri, Turan xanımın qeydləri, Tahir Rəsizadənin əlyazması, Ərtoğrul Caviddən qalanlar, Hüseyn Cavid İstanbul universitetində işlədiyi vaxt ordan türk atalar sözləri toplamışdı, onu Turan xanım azərbaycanlılaşdırmışdı, yeddi mindən çox atalar sözü idi, çap elətdirmişəm. Heç vaxt istəmirəm ki, onların ürəyində bir şey qalsın. Turan xanım Cavid nəslinin sonuncusuydu. Hər yerdə demişəm, yenə deyirəm Cavid haqqında kim nə tapır, elə bilin ki, onun varisi kimi mən hazıram. Turan xanımın büstünü Eldar Ömərova düzəltdirib qoymuşam, muzeydədi, Afaq Məlikova xalçasını toxutdurmuşam, muzeydədi, Ərtoğrul Cavidin xalçasını toxutdurmuşam, o da eynilə. Heydər Əliyevlə Hüseyn Cavidin ipəkdən toxunma şəkilləri muzeydədir. Bu gün kimliyindən asılı olmayaraq Hüseyn Cavid haqqında kimin bir tapıntısı varsa, mən hazıram onu çap etdirməyə. İrəvanda tamaşa olmuşdu, Hüseyn Cavidin “Knyaz” əsərini tamaşadan yazıb saxlamışdılar. Turan xanım bəlkə birillik maaşını vermişdi ki, onu alıb-saxlasın. Alıb gətirəndən sonra da “Knyaz” əsərini çap elətdirdi. Mənə sual eləmişdilər ki, Turan xanım sağlığında niyə Ərtoğrul Cavid haqqında əsər yazmırdı? Turan xanım həmişə gözləyirdi ki, hardasa Ərtoğruldan bir misra tapılacaq. Ərtoğrulla Üzeyir Hacıbəyovun, Tahir Rəsizadənin yazışması var, Fikrət Əmirovla bir yerdə oxuması, bunlar hamısı dəryadır. Ərtoğrulun yaxşı təcnisləri, yaxşı şeirləri var. Romansı var, bu gün çalınır, o vaxt adsız müəllif deyə çalırdılar, bu gün artıq adıyla çalınır. Bunlar hamısı böyük bir dəryadır. Hər hansı bir əsərini götütürsən götür. Ümumi götürəndə bəzən xaricidir deyə Şekspirə yaxşı baxırıq, amma Cavid Azərbaycanın Şekspiridir, ondan da yüksəkdir.- Siz bir çox yazarların kitablarını çap elətdirirsiz…- Borcumuzdur.- Eyni zamanda bölgələrdə yaşayan yazarların da…- O da bir borcdur. Əgər bu onun ürəyindən gəlirsə, buna ehtiyacı varsa, kitabını çıxartmaq çox böyük işdir. Bir də ki, kimisə sevindirməkdən gözəl heç nə yoxdur.Nigar İsfəndiyarqızı
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İsrail kəşfiyyatı: hücumlar İranın nüvə proqramını yalnız bir neçə il geri salıb
08:38 25.06.2025
İsrail kəşfiyyatı: hücumlar İranın nüvə proqramını yalnız bir neçə il geri salıb
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:23 25.06.2025
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
İsrailin gecə baş verən hücumları nəticəsində Qəzzada azı 21 nəfər həlak olub
07:54 25.06.2025
İsrailin gecə baş verən hücumları nəticəsində Qəzzada azı 21 nəfər həlak olub
Uitkoff: ABŞ AEBA ilə İranla mümkün nüvə sazişini müzakirə edir
07:44 25.06.2025
Uitkoff: ABŞ AEBA ilə İranla mümkün nüvə sazişini müzakirə edir
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
01:57 25.06.2025
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
00:22 25.06.2025
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
Putinlə Lukaşenkonun telefon danışığı oldu
23:56 24.06.2025
Putinlə Lukaşenkonun telefon danışığı oldu
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
23:51 24.06.2025
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
23:46 24.06.2025
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
23:18 24.06.2025
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
23:07 24.06.2025
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
22:56 24.06.2025
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
22:45 24.06.2025
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
22:20 24.06.2025
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
İran hava məkanını beynəlxalq reyslərə açıb
22:16 24.06.2025
İran hava məkanını beynəlxalq reyslərə açıb
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
21:51 24.06.2025
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO