Tağı Əhmədov: “Metrodakı obyektlərdən ayda 100 min manat pul götürürəm” – MÜSAHİBƏ

MARAQLI
20:39 22.12.2011
5702

AZXEBER.COM portalı Bakı Metropolitenin sədri Tağı Əhmədovun “Yeni Müsavat” qəzetinə verdiyi müsahibənin ictimaiyyət üçün maraqlı olacağına inanaraq, həmin müsahibəni olduğu kimi təqdim edir...

- Tağı müəllim, metropolitenin gəliri deyəndə yalnız sərnişin daşınmaları nəzərdə tutulur. Metro stansiyalarında fəaliyyət göstərən ticarət obyektlərindən gələn gəlir barədə məlumatlar ictimaiyyətdən gizli saxlanılır. Bunun səbəbi nədir?

- Bu rəqəmlər gizli deyil. Kimin kefi istəsə, bu rəqəmi ona açıqlaya bilərəm. Metropolitenin gəlirləri sırasına reklam, ticarət və örtülü yerdə kabel saxlanılması daxildir. Etiraf edirəm ki, ticarətdən hər ay 100 min manat pul götürürük. Bunu isə ancaq metropoliten keçidlərindən yığıram. Təəssüf ki, metropolitenə bitişik keçidlər, metro ətrafında 40 metrlik mühafizə zolağındakı ərazilər bizə verilmədi. Halbuki bu yerlər də metropolitenə verilməli idi.

- Dediyiniz rəqəm realdırmı? Heç illik artıb-azalma olmurmu?

- Mən başkəsənlik edən deyiləm. Bu, real rəqəmdir. Ticarətdən yığılan pul da metro işçilərinin dolanması üçün onlara verilir.

- Yəqin ki, dediyiniz 100 min manatın qeyri-rəsmi hissəsi də var...

- Qeyri-rəsmi hissəsi deyəndə ki... Təhlükəsizliklə bağlı növbəli rejimdə işləyən işçilərimizin də burada payı var. Məsələn, metrodakı obyekt bizim işçimizə məxsusdursa həmin yeri kiməsə icarəyə verir və oradan da metropolitenin icarə haqqını verir. Yerdə qalan gəlir onun olur.

- Bəs metrodakı obyektlərin hər kvadratmetrinin icarə haqqı nə qədərdir?

- Kvadratmetrə vuranda...(bir qədər fikirləşir). Bu dəqiqə deyə bilmərəm axı...

- Eybi yox, müsahibə hazır olan vaxtlar zəng edib sizinlə dəqiqləşdirərik bunu.

- Yox, yox, dayanın, bircə dəqiqə... 1-ci gün də ala bilərəm bu rəqəmi. Amma dayanın, deyirəm. Deməli, 904, haradasa 3600 kvadrat...

- Bəs icarə haqqı nə qədərdir?

- İcarəyə verilən obyektlərin icarə haqqı metro stansiyalarından asılıdır. Hər birində fərqlidir. Misal üçün, “İçərişəhər”, “Sahil”, “Ulduz”, “Dərnəgül”, “Bakmil” stansiyalarında ticarət yoxdur. İcarə haqqının nə qədər olduğunu dəqiq deyə bilməyəcəm. Amma deyim ki, hər kvadratmetri 40-100 manat arasında dəyişir. Yəni insanların gur olduğu yerlərdə icarə haqqı yüksəkdir. Bu gün Bakı Metropoliteni günə bir milyon yüz min sərnişin daşımaq iqtidarındadır. Əgər hər gün bu qədər sərnişin olarsa mənə ticarətdən gələn gəliri götürməyə ehtiyac yoxdur.

- Bəs maaş alırdınız?

- Maaş yox, qonorar alırdım. Cek Londonun ac qəhrəmanı Martin İden kimi mən də məqaləm çıxan kimi redaksiyaya gedib qonorarımı tələb edirdim. Ancaq və ancaq pul qazanmaq üçün yazırdım. Çox kasıb ailədə böyümüşəm. 6 qardaş, 1 bacı olmuşuq. Ailədə çörəkpulu qazanan yalnız atam olub.

- Kasıb ailədə böyüyən uşaqlar adətən daim varlanmaq arzusu ilə yaşayır. Sizdə də bu hisslər olub?

- Əlbəttə, yox. Yalnız onu bilirəm ki, mən oxuduğum zaman bircə təzə kitabım olub. Təsəvvür edin, yazı yazmağa dəftər-qələmim də yox idi. Bəzən sinif yoldaşlarım məndən xahiş edirdilər ki, riyaziyyat fənnindən misalları verim köçürsünlər. Mən onlardan bunun əvəzində dəftər və ya qələm alırdım. Çox çətinliklə oxumuşam. Ancaq qiymətlərim həmişə yüksək olub.

- Allaha inanırsınızmı?

- Öz qəlbimdəki Allahıma inanıram. Heç kimə pislik etməmişəm və etmək fikrim də yoxdur.

- İbadətlə məşğul olursunuzmu?

- Qətiyyən yox.

- Gələcəkdə necə, bu yolu tutmaq istərdinizmi?

- Qətiyyən yox.

- Həccə getmək planınız varmı?

- Qətiyyən yox.

- Bəs niyə “qətiyyən yox”?

- Çünki hazır deyiləm.

- Siz Tağı Sadiq imzası ilə şeir yazırsınız. Şeirlərinizə mahnı bəstələnibmi?

- Bəli. Çoxlu sayda şeirlərim var. Ancaq indiyədək kitab çap etdirməmişəm. Sağ ikən də bu kitabı nəşr etdirmək fikrim yoxdur. İnşallah, məndən sonra bu kitab işıq üzü görər. Çünki bu dəqiqə o qədər şairlərimiz var ki, mən istəmirəm həmin cərgəyə qoşulum. Mən ancaq özüm üçün yazıram.

- Şeirləriniz nədən bəhs edir?

- Bütün sahələrdən. Məhəbbət, mədəniyyət, dövlət və sair mövzularda şeirlərim var. Misalçün, bir bənd şeirimin tarixçəsini sizə danışa bilərəm. Deməli, 1963-cü ildə texnikumda oxuyurdum. Xruşşovun hakimiyyətdə olduğu illər idi. Ölkə aclıq keçirirdi. Mən həm oxumaq, həm də işləmək məcburiyyətində qalmışdım. O zaman səhərdən axşamadək çörək növbəsində dayanan yoxsul insanlar var idi. Naxçıvanın da qışı çox soyuq olur. Mən o vaxt bundan təsirlənərək belə bir şeir yazmışdım:

“Aldığımız qara çörək Hər gün vurur bizə külək. Lap olmuşuq hacıleylək Sağ ol səni, kommunizma. Biz dedik ki, addım ataq irəli Demədik ki, sən yüz ilə gələsən, Gəlsin qoy başına vuran əlləri Gəlmə, istəmirik səni, kommunizma".

Rauf Bektaşi adlı müəllimim var idi. O, çox dəyərli insan idi. Bu şeiri oxuyub mənə belə dedi ki, oğlum, bu şeiri cır tulla, yoxsa sizi nəsillikcə yox edərlər. Demək istədiyim odur ki, mən həqiqəti yazmağa o vaxtdan alışmışam. İndiyə kimi şeirlərimə 50-yə yaxın mahnı bəstələnib.

- Kimlər oxuyub sizin şeirlərinizə bəstələnən mahnıları?

- Ehh... Kimlər oxumayıb ki...

- Məsələn, heç olmasa beş müğənninin adını çəkə bilərsinizmi?

- Beş nədir, lap istəsəniz 15-nin adını çəkərəm. 14 mahnını Mələkxanım Əyyubova ifa edib. Mənsum İbrahimov, Təyyar Bayramov, İlkin Əhmədov, Nazpəri Dostəliyeva, Aybəniz Haşımova və başqaları da oxuyub. Bu siyahını uzatmaq da olar. Siz beşini dediniz, mən altısını saydım.

- Bəs şeirlərinizə yazılan mahnıların bəstəkarı kimlərdir?

- Bəstəkarlar Rauf Məmmədov, Zamiq Əliyev və başqaları. Söhbətimizin bu yerində Tağı müəllim kompyuterin ekranını bizə tərəf yönəldib YAP-a həsr etdiyi mahnısına çəkilən klipə baxmağımızı təklif edir. Dediyinə görə, klipin təqdimatı hələ olmayıb.

- Yəqin ki, sevgi şeirləriniz də çoxdur...

- Əlbəttə, çoxdur. Bilirsiniz, gözəlliyə baxmaq heç də ayıb sayılmaz. Üstəlik, gözəlliyə baxıb zövq almaq da ayıb deyil. Elə olub ki, gözəl bir qadını görüb onu şeirlə vəsf etmişəm. Bunu da gizlətmirəm.

- Metroya minirsinizmi?

- Əlbəttə, minirəm. Özü də metroya minəndə adamların içində oluram. Bir şeyi də qeyd edim ki, mən metropolitenin rəisi vəzifəsinə gələndən sonra maşinistliyi öyrənmişəm. İndi sərbəst şəkildə qatarı sürə bilirəm. Demək olar ki, gündəlik də olmasa, günaşırı metrodan istifadə edirəm.

- Metro kartınız var?

- Əlbəttə. Amma mən xidməti keçiddən keçirəm. Metro kartımda da istənilən qədər gediş var.

- Həmin kartın gediş haqqını cibinizdən vermisiniz?

- Təbii ki, öz cibimdən vermişəm. Hətta bəzən olur ki, 50-yə yaxın karta gediş haqqı yükləyib imkansız sərnişinlərə pay verirəm.

- Sizin işlətdiyiniz bir çox ifadələr artıq neçə ildir ki, siyasi və mətbu leksikona daxil olub. Onlardan ən məşhuru jurnalistə dediyiniz “burcutma” ifadəsidir.

- Bilirsiniz, bizim adamlar Azərbaycan dilini çox pis bilirlər. Burcutma sözü toyda sındıra-sındıra oynamaq deməkdir. Əgər jurnalistlər pedaqogika fənnini yaxşı oxusaydılar, bu sözün mənasını yerindəcə tutardılar. 2004-cü ildə tədbirdə jurnalist mikrofonu mənə tərəf uzadıb metroda ticarət məsələsi ilə bağlı sual verdi. Cavab verdim ki, metroda ticarət var, olub və olacaq. Həmin jurnalist mikrofonu yenə mənə tərəf uzatdı və bu, məni əsəbiləşdirdi. Ona dedim ki, sualını verdin, cavabını da aldın, daha niyə burcudursan. Yəni bu, söz oynatmaq deməkdir. Düzdür, o vaxt ANS bunu çox şişirtdi.

- Etiraf edin ki, çox aqressivsiniz...

- İndi siz mənə deyin görüm, bayaqdan bəri siz məndən aqressiv münasibət gördünüz?

- Xeyr, görmədik. Yəqin düşünürsünüz ki, bunlar qonağımdır və ona görə mülayim cavablar verirsiniz.

- Heç də elə deyil. Mən bilikli jurnalistin suallarını çox gözəl cavablandırıram. T.Əhmədov mərhum prezident Heydər Əliyev haqda da danışdı: - Heydər Əliyev Azərbaycana gəlişi ilə xalqımızı xilas etdi. Mən həmişə deyirəm bütün Azərbaycan xalqı naxçıvanlılara minnətdar olmalıdır ki, Heydər Əliyev kimi bir şəxsiyyətə vaxtında sahib çıxıb onu qorudu. O da zamanı gələndə Azərbaycanı xilas etdi. Heydər Əliyev olmasaydı, indi Azərbaycan da yox idi. T.Əhmədob arada masanın üstündəki monitordan stansiyalardakı vəziyyəti izləyirdi. Dediyinə görə, bütün platformalara kameralar vasitəsilə baxa bilir. Diqqətimizi masanın üstündəki ingilis dili lüğətləri, orta məktəb ingilis dili dərslikləri cəlb etdi. Günay “deyəsən, ingilis dilini də öyrənirsiniz” deyə soruşdu. Cavabı bu oldu: - Əslində orta səviyyədə, əsasən jarqon sözləri bilirəm. Biz Beynəlxalq İctimai Nəqliyyatlar İttifaqının üzvü olduğumuz üçün gərək bu dili mükəmməl bilək. Onu da deyim ki, “Eurovision” yarışmasına görə hazırda 50 işçimizə ingilis dili kursunda dil öyrədilir. Heç olmasa onlar yarışmaya qədər ingilis dilində elementar ifadələri bilməlidir.

Və... Müsahibənin pik həddi

Bu zaman Tağı müəllimin telefonuna zəng gəlir. Məlum olur ki, təcili “Əzizbəyov” stansiyasına getməlidir. Təklif edir ki, maşınla yox, metro ilə gedək. Birlikdə “Elmlər Akademiyası”nın girişinə daxil oluruq. Tağı müəllim xidməti keçiddən keçir... Eskalatorla aşağı düşürük. Qatar gəlir. Rəis sükan arxasına keçir. Bizi də maşinist kabinəsinə dəvət edir. T.Əhmədov sükan arxasında da suallarımızı cavablandırır. Stansiyalar boyu tuneldə qarşılaşdığımız hər bir işarənin nəyə aid olmasını və metro stansiyalarında yaranan problemlər barədə ona sual verib cavab alırıq. Söhbətarası deyir ki, bunlar haqda daha ətraflı bilmək üçün maşinistlərlə ayrıca bir gündə müsahibə edə bilərik. Tağı müəllim həyəcanlı görünməsə də, maşinistin çox həyəcan keçirdiyini də dilə gətirdi. Rəisin yanında özünü sərbəst aparan maşinist Çingiz Əliyev mikrofonu götürüb: “Stansiya ”Əzizbəyov" deyir. Tağı müəllim bu stansiyada düşüb bizimlə sağollaşır. “Neftçilər”ə çatıb düşməyə hazırlaşanda Günay maşinistdən yarızarafat, yarıciddi soruşdu ki, rəis qatarı necə sürdü. Çingiz bəy bunu yüksək qiymətləndirdi: - Vallah, əla. Biz ona çata bilmərik.

OXŞAR XƏBƏRLƏR