Xəbər verdiyimiz kimi, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bu gün keçirilən brifinqdə taksilərin sayının 50 faizədək endirildiyini açıqlayıb.
Nazir müavini bildirib ki, əvvəl Bakıda 65-70 min taksi fəaliyyət göstərirdi, indi isə 35 minə yaxın taksi var: "Bu rəqəmi elektron sistem üzərindən əldə etmişik. Taksi sahəsində tənzimləmələr davam etdiriləcək”.
Bəs taksilərin sayının azaldılması keyfiyyətə təsir edəcəkmi?
Məsələ ilə bağlı AZXEBER.COM-a açıqlama verən nəqliyyat eksperti Yasin Mustafayev taksilərin müəyyən olunmuş şərtlərə cavab vermədiyini və irəliləyən vaxtlarda saylarının daha da azalacağını bildirib:
"Gözlənilən odur ki, taksilərin sayı daha çox azalacaq. Nazir müavini son açıqlamasında 11 min nəqliyyat vasitəsinin qeydiyyatdan keçdiyi bildirilmişdi. Əvvəl isə bu rəqəm 70 min idi. Bu isə təxminən 12-15 % qədər azalmanı göstərir. Taksilərin belə ixtisara düşməsinin əsas səbəbi tələblərə cavab verməmələridir. Qoyulan tələblər maşının buraxılış ili, isitmə-soyutma sisteminin olması, AB standartı, Avro 5 standartı və s.-dir. Çox maşın isə bu standartlara cavab vermir.
Əlavə olaraq isə proqram təminatının olması, sürücülərin tibbi baxışdan keçməsi, reys qabağı nəqliyyat vasitələrinin texniki baxışdan keçməsi də əlavə tələblərdən hesab olunur. Təbii ki, bunlar hamısı taksilərin fəaliyyətinə müsbət təsir göstərəcək".
Gələcəkdə taksilərin qiymətinin artacağı ilə bağlı danışan espert bunu daha aydın hiss edəcəyimizi deyib:
"Taksilərin fəaliyyəti ilə yanaşı keyfiyyətində də dəyişiklik olacağı gözlənilir. Bu keyfiyyətin qarşılığında isə qiymətin artması da qaçılmazdır. Zaman keçdikcə qiymət artımını daha aydınlıqla görəcəyik. Hətta bunu indidən hiss edirik”.
Oksana Orucova