Taksimdə partlayış törədən qadının tutulduğu ev görüntülənib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, İstiqlal küçəsində 6 nəfərin həyatını itirdiyi hücumda bomba yerləşdirən qadın terrorçunun tutulduğu ev "CNN Türk” qrupu tərəfindən görüntülənib.
Məlum olub ki, terrorçu qadın burada suriyalı ailə ilə qalıb. Ailənin ifadəsinə görə, terrorçu qadın hadisəni törətdikdən dərhal sonra evə qayıdıb, qonaq otağında əyləşərək kiminləsə mesajlaşırmış. O, terror törətdiyi zaman geyindiyi geyimi isə zibil qutusuna atıb.
Sonra evin sahibi olan qadın ondan "nə edirsən, paltarını niyə atıb gedirsən?”, - deyə soruşub. Terrorçu daha sonra evin sahibi olan qadından paltarları sobaya atıb yandırmasını istəyib. Ev sahibinin sözlərinə görə, gecə saat 02:50 radələrində qruplar qadının bu ünvanda olduğunu müəyyən etdikdən sonra səssizcə bu ünvana gəliblər. O bildirib ki, hətta terrorçu qadın polislərin gəldiyini bildikdə şüşəni sındırıb evdən qaçmaq istəyib, lakin alınmayıb.
Qeyd edək ki, İstiqlal küçəsində baş verən partlayışda 6 nəfər həyatını itirib, 81 isə yaralanıb. Partlayışa səbəb olan bombanı küçəyə qoyan qadın terrorçu Əhlam Əlbəşir hücumdan 10 saat sonra yaxalanıb. Qadın terrorçu ilə yanaşı, hadisə ilə əlaqəli olduğu ehtimal edilən daha 50 nəfər saxlanılıb.
Terrorçunun evinin görüntülərini təqdim edirik:
Ayşən