"Müsəlman Birliyi" təşkilatının sədri Tale Bağırovun və digər 20 nəfərin barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşır.
Bu barədə vəkil Elçin Sadıqov məlumat verib.
Vəkil istintaq orqanı tərəfindən T.Bağırova qarşı yeni məzmunda yekun ittiham aktı elan olunduğunu deyib: "Cinayət işi üzrə ibtidai istintaq yekunlaşmaq üzrədir. Yaxın günlərdə iş baxılması üçün məhkəməyə göndəriləcək.
Qeyd edək ki, ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T.Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu Rayon Məhkəməsinə göndərilib və məhkəmə onlar barəsində hökm çıxarıb.
T.Bağırov Cinayət Məcəlləsinin 214.2.1-ci (Terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 220.2-ci (Kütləvi iğtişaş, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə), 278-ci (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama), 279.3-cü (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma, adamların həlak olmasına və ya digər ağır nəticələrə səbəb olduqda), 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə), 283.2.3-cü (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması mütəşəkkil dəstə tərəfindən törədildikdə), 315.2-ci (Hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə ittiham olunur.
Onu da qeyd edək ki, ötən ayın 7-də Nəsimi Rayon Məhkəməsində T.Bağırov barəsində seçilmiş həbs-qəti imkan tədbirinin müddəti 3 ay uzadılıb. Məhkəmə qərarından narazı qalan "Müsəlman Birliyi Hərəkatı" adlı təşkilatın sədri apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi T.Bağırovun apellyasiya şikayətini təmin etməyib.
///virtualaz.org