Tamştatlı model gəlir - dərsdən sonra müəllimi məktəbdə nə gözləyir?

Tamştatlı model gəlir - dərsdən sonra müəllimi məktəbdə nə gözləyir?
SOSİAL
14:10 19.11.2025
707
Elm və Təhsil Nazirliyi müəllimlərin əməkhaqqı mexanizmi ilə bağlı yeni model üzərində işlədiyini açıqlayıb. Qurum bildirib ki, mövcud saat hesabı ilə əməkhaqqı sistemi qalmaqla yanaşı, alternativ olaraq "tamştatlı müəllim” konseptinin tətbiqi planlaşdırılır. Yeni yanaşma müəllimlərin iş rejimini vahidləşdirməklə məktəbdaxili prosesləri sistemləşdirməyi və tədrisin keyfiyyətini artırmağı hədəfləyir.

Nazirlikdən bildirilib ki, yeni modeldə dərs bitdikdən sonra müəllimlər məktəbdə qalıb əlavə məşğələlər, fərdi hazırlıq, metodik işlər, elektron jurnalların doldurulması, məktəbdaxili tədbirlərin təşkili və valideynlərlə görüşlər kimi fəaliyyətlərə zaman ayıracaqlar. Bununla yanaşı, aşağı nəticə göstərən şagirdlərlə fərdi iş də həmin saatlara daxil olacaq.

Nazir Emin Əmrullayev qeyd edib ki, xüsusən kənd məktəblərində musiqi və təsviri incəsənət müəllimlərinin çatışmazlığı müşahidə olunur. Problemin səbəbi müəllim qıtlığı deyil, həmin fənlər üzrə dərs saatlarının azlığı səbəbindən bu işin iqtisadi baxımdan cəlbedici olmamasıdır. Nazir bildirib ki, bu vəziyyət mövcud saat hesabı sistemindən uzaqlaşmağın zəruriliyini göstərir.

Deputat Ceyhun Məmmədov: "Sistem bütün məktəblərə şamil edilmir”


Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Ceyhun Məmmədov AZXEBER.COM-a açıqlamasında qeyd edib ki, yeni model haqqında yanlış rəy formalaşıb:

"Söhbət bütün məktəblərin tamştatlı sistemə keçməsindən getmir. Bu, Sertifikasiyada yüksək bal toplayan müəllimlərin təqribən 10 faizinə aid olacaq. Yalnız həmin müəllimlər bütün günü məktəbdə olacaqlar. Bu addım həm əməkhaqqına, həm də tədris prosesinə müsbət təsir göstərəcək”, – deputat bildirib.

Onun sözlərinə görə, müəllimlər dərsdən sonra məktəbin digər fəaliyyətlərinə dəstək göstərəcəklər, lakin sistemin tətbiqi üçün infrastruktur məsələsi də nəzərə alınmalıdır.

Ekspert Kamran Əsədov: "Kənd müəllimliyi real şəkildə cəlbedici olub”


Təhsil eksperti Kamran Əsədov bildirib ki, kənd məktəblərinə müəllim cəlbi ilə bağlı müzakirələr çox vaxt emosional səslənsə də, real statistika vəziyyətin yaxşılaşdığını göstərir:

"Kənd məktəblərinə gedən müəllimlərə illik 2000 manat əlavə ödəniş tətbiqi nəticəsində regionlarda müəllim çatışmazlığı 2018-ci illə müqayisədə 31 faiz azalıb”, – ekspert deyib.

Onun sözlərinə görə, son 5 ildə:

- 700-dən çox kənd məktəbi əsaslı təmir edilib, 200-dən çoxu yeni binaya köçürülüb;

- məktəblərin internet təminatı 28%-dən 92%-ə yüksəlib;

- interaktiv lövhələrlə təminat 68%-ə çatıb, bu göstərici Türkiyədə 52%, Gürcüstanda isə 34%-dir.

Əsədov əlavə edib ki, sertifikasiya mexanizmi region müəllimlərinin keyfiyyət göstəricilərini yüksəldib – kənd məktəblərində orta bal 2020-ci ildə 38-dən 2024-cü ildə 54-ə yüksəlib.

"Azərbaycan artıq kənd müəllimliyini problem deyil, resurs kimi dəyərləndirən ölkəyə çevrilir və bəzi göstəricilərdə beynəlxalq təcrübəni üstələyir,” – ekspert vurğulayıb.

Şahanə Ziyad
 
Yazı Medianın İnkişafı Agentliyinin "elmi-kütləvi, mədəni-maarif,təhsil proqramlarının hazırlanması" mövzusunda dərc edilib.
 

 



 
OXŞAR XƏBƏRLƏR