Tanışlıq şirkətləri ifşa edildi (ARAŞDIRMA)

MARAQLI
09:18 09.05.2011
8257
Bu, tanışlıq bürolarının elanlarına hər yerdə - metroda, elan qəzetlərində, hətta divarlarda da rast gəlmək mümkündür. Elə biz də tanışlıq agentliklərinə bu mövzunu araşdırmaq üçün müraciət etdik və çox maraqlı faktlar əldə etdik. 

“Orxideya” tanışlıq bürosunun elanında yazılıb: “Sizə özünüzün ikinci yarınızı tapmağa köməklik edər (bürcləri və milli ənənələri nəzərə almaqla). Ancaq ailə qurmaq məqsədilə. Axtaran tapar!” Elanı oxuyub, zəng edirik. Dəstəyin o biri başındakı qadına ailə həyatı qurmaq üçün zəng etdiyimizi deyib, ünvanı soruşuruq. O, ailəli olub-olmadığımı soruşduqdan sonra ünvanı verir: “İstiqlaliyyət 37, İqtisad Universiteti ilə üzbəüz binanın 2-ci mərtəbəsi”. Sonra əlavə edir: “Əgər boşanmış, ya da subay tanışlarınız varsa, götürün onları da gəlin. 2-3 ay ərzində qismətinizi tapıb, ailə həyatı quracaqsınız”. 

Xaricə getmək üçün əcnəbi oğlan axtaranlar

Ofisin yerləşdiyi binanın qarşısına bir neçə adam toplaşmışdı.
Adının Ülviyyə olduğunu deyən xanım 3 ay əvvəl bura müraciət etdiyini söylədi: “Şəklim buradadır. 3 ayda mənə 30-dan çox oğlan elçi düşüb. Ancaq heç birini bəyənməmişəm. Ancaq indi zəng etdilər ki, bir ərəb oğlan var, onun məndən xoşu gəlib. Əgər bəyənsəm, əla olacaq. Çox istərdim ki, əcnəbi ilə ailə həyatı qurum”.
Oğlanlardan biri danışır: “Mənim ilk ailəm uğurlu olmadı. Ayrıldıq. Dostumun vasitəsilə bura gəlmişəm. Əvvəl televiziyaların birində evlilik verilişində olmuşam. Ancaq televiziyada qız axtarmaq maraqsızdı. Görək burada necə olacaq”. Bura gələnlərin arasında 16-17 yaşlı qızlar da vardı. Onlar isə özlərinə “dost-tanış tapmaq üçün” gəldiklərini dedilər.
28 yaşı olduğunu deyən Naibə adlı qız dil-dil ötür: “2 il əvvəl buradan özümə türk oğlan tapdım. Bir neçə ay bir yerdə olduq. Ancaq xasiyyətimiz düz gəlmədi deyə ayrıldıq. Yenə bəxtimi sınamaq, amma bu dəfə başqa ölkənin vətəndaşı ilə tanış olmaq və xarici ölkədə yaşamaq istərdim”. Xanımın sözünü büronun əməkdaşlarından biri də təsdiqləyir: “Bizim agentlikdə o qədər olub ki, xarici vətəndaşla ailə qurub xoşbəxt olublar. Qızlarımızın çoxu xarici oğlanlara üstünlük verirlər. Əksəriyyəti türk, ərəb, iranlı, ingilis oğlanları seçir. Elə əcnəbi oğlanların da arzusu azərbaycanlı qızla ailə həyatı qurmaqdır. Əsas odur ki, xoşbəxt yaşasınlar”.

Siyahıda evlisi də, ayrılanı da, subayı da var

Nəhayət, növbə mənə çatdı. İradə adlı xanım məni qəbul etdi. Onu da deyim ki, ofisin otaqları çox səliqəli, bahalı mebellərdən və geniş otaqlardan ibarətdir. Divarlara bəy və gəlin şəkilləri yapışdırılıb.
Agentliyin əməkdaşı əvvəlcə yaşımı, harada işlədiyimi, ailəm haqqında və sair məlumatlar toplamağa çalışdı. Sonra bildirdi ki, burada yalnız ciddi insanların məlumatları saxlanılır: “Bizim büro 7 ildir ki, fəaliyyət göstərir. Bura müxtəlif yaş kateqoriyalarından müraciətlər daxil olur. Hazırda siyahımızda 17 yaşdan 70-80 yaşadək evlənmək istəyən bəy və xanımlarımız var. Onlar arasında evlisi də, ailəli olub ayrılanı da, subayı da var. Seçim sizdən asılıdır. Yəni sizi kimsə məcbur edə bilməz ki, bu şəxslə, və ya digəri ilə evlən”. Agentliyin yalnız evlənənlər üçün nəzərdə tutulduğunu bir daha vurğulayan xanım deyir ki, burada kiminsə ailə qurmaq istəmədiyi qızı Türkiyədə, İranda, eləcə də dünyanın başqa bir yerində yaşayan azərbaycanlı, ola bilsin ki, başqa millətin nümayəndəsi çıraqla axtarır: “Ona görə də biz büromuz vasitəsilə xarici ölkələrdəki vətəndaşlarla da əlaqə saxlayırıq. Əgər onlar istəsələr, dəvət edirik gəlirlər bura. Əksəriyyəti də özü üçün gələcək həyat yoldaşı tapıb gedir. Demək olar ki, hər ay azı 2 toyumuz olur”.
Büronun digər əməkdaşı söhbətə qarışır: “Tanışlıq zamanı agentliyin psixoloq və astroloqu da onlara kömək edə bilər. Təbii ki, bu xidmət xasiyyətin uyğun gəlib-gəlməməsi baxımından yaxşıdır. Büroya gələnlər buradan çox razıdır. Çünki onlarla yüksək əxlaqlı, normal gözəlliyi olan qızlar var ki, ailə həyatı qura bilmir. Belələrinin yolunu bəzən bizim mentalitetimiz kəsir. Məsələn, birinin bacısı əxlaqsız olub, o qızla evlənmək qəbahət sayılır. Həmin qız da illərlə ata evində oturmalı olur. Belə hallar qızların pisixikasında ciddi sarsıntılara səbəb olur. Onların bəzisinin əsəbləri pozulur. Belələri çox əsəbi, bəzən deyingən olur. Bəzilərində ətrafdakılara nifrət yaranır. Ancaq bizim agentlik onlara çox kömək edir. Onların ailə həyatı qurmasında vasitəçi rolunda çıxış edir”.

“10 manat pul, gözəl pozalı şəkil və şəxsiyyət vəsiqəsinin üzü, vəssalam”

Sonra İradə xanım agentliyin şərtlərini açıqlayır: “Belə ki, siz əvvəlcə qeydiyyata düşməlisiniz. Bunun üçün 5 manat pul, müxtəlif pozalarda şəkillər və şəxsiyyət vəsiqəsinin üzü lazımdır. Ancaq şəkilləri elə seçin ki, gözəl görünəsiniz. Çünki sizin taleyiniz şəkildən asılıdır. Qızlarımızın əksəriyyəti toyda çəkdirdikləri şəkilləri gətirirlər. 5 manat da verib oğlan şəkillərinin yığıldığı kataloqa baxmalısınız. Əgər bu kataloqda bəyəndiyiniz oğlan olarsa bizə deyirsiniz. Biz sizin görüşünüzü təşkil edirik. Ancaq ilk görüş üçün hər ikiniz ayrı-ayrılıqda 80 manat ödəməlisiniz. Bu pul 2 il müddətinə qüvvədə qalacaq. Yəni birinci oğlanı bəyənmədinizsə, başqaları ilə də pulsuz görüşmək imkanınız var. Bizim psixoloq, astroloq və digər xidmətlərdən yararlanmaq isə 20 manatdır”.
Agentliyin əməkdaşı deyir ki, əgər burada tanış olan cütlüklər evlənmək istəsələr, bütün xərc də onların üzərinə düşür: “Biz sadəcə toyu təşkil edə bilərik. Amma maliyyə tərəfi bəy və gəlinin üzərindədir. Bununla yanaşı, bizim vasitəmizlə tanış olanlar nişan, xına yaxtı, toy zamanı da bizə 100-300 manat arası pul verməlidirlər”.
Nümunə üçün kataloqdan oğlanlardan birinə baxmaq istədiyimizi deyirik. Ancaq xanım deyir ki, bu mümkünsüzdür: “5 manat ödəmədən baxa bilməzsiniz. Bizə belə tapşırılıb”. 5 manat verib, kataloqu alt-üst edirik. Burada ərəb, türk, amerikalı, pakistanlı, çinli və nəhayət, azərbaycanlı oğlanların şəkilləri və onlar haqqında məlumatlar yerləşdirilib. Onu da deyim ki, əksəriyyəti 25 yaşdan yuxarı idi. Kataloqu vərəqlədikcə xanım oğlanların əlaqə nömrələrini gizlətməyə çalışırdı. Bunun səbəbini belə izah etdi: “Bəziləri nömrələri oğurlayıb, gedib evdə zəng edib tanış olurlar. Bizim əziyyətimiz də qalır havada”.
O, oğlanlardan birini göstərib deyir: “Bu oğlanın adı Rüfətdir. 28 yaşı var. Təcili olaraq qız axtarır ki, tanış olub getsinlər Türkiyəyə. Orada da toy edəcək. Evi var, maşını var, topdağıtmaz dirriyi, dədəsinin də şirkəti var. Ağlın varsa elə bununla tanış ol. Varlı ailədəndir. Bəlkə də o qədər qız tapıb. Sadəcə bəxtini burada da sınamaq istəyir. Sən də özün bilərsən”.
Mən çıxanda agentliyə gələnlərin ardı-arası kəsilmirdi. Ancaq büronun ofisinin yerləşdiyi ərazidə yaşayanlar və oradakı mağaza sahibləri maraqlı faktlar dedilər. Adının çəkilməsini istəməyən şəxslərdən biri belə deyir: “Burada tanış olan qızların bir neçəsi insan alverinin qurbanı olub, ya da ki, əxlaqsız yola düşüblər. Çünki tanımaza-bilməzə ərə gediblər”.

Pul ödəməyib, aradan çıxanların işi məhkəmədə həll olunur

Növbəti getdiyimiz tanışlıq bürosu Ş.Əzizbəyova 203, mənzil 33-də yerləşən “Natality” oldu. Buranı da tanımaq çətin idi. Çünki ofisin qapısı üzərində heç bir ad göstərilməmişdi. Digər bürodan fərqli olaraq, buranın ofisi darısqal idi. Həm də müraciət edənlərin sayı az idi.
İçəridə tanışlıq üçün müraciət edən yaşlı bir xanım özü haqqında danışmağa başlayır: “40 yaşa qədər ata evində qaldığıma görə çox əzab çəkirdim. Toylara ayağım gedirdi, ürəyim yox. 10-15 il öncə balaca uşaq kimi oynatdığım körpə qızlar gəlin köçür, ana olurdu. Həm sevinir, həm ağrıyırdım. Düşünürdüm ki, niyə ömrümdə bir dəfə mənim üçün ”Vağzalı" havası çalınmayacaq? Hətta ehtirasımı boğmaq üçün bəzən sakitləşdirici, ehtiras öldürücü dərmanlar da atır, iynə də vurdururdum ki, səhv addımlar atmayım. İndi bura müraciət etmişəm. Zəng etdilər ki, özümdən 2 yaş böyük bir kişi məni bəyənib. Əgər qismətimiz alınsa, təbii ki, mən razı olacağam".
Agentliyin direktoru Natality xanımla biz də görüşdük. O, rus dilində bütün şərtləri bizə açıqladı. Buradakı qiymətlər digər bürodan fərqli idi. Natality xanım deyir ki, bura qeyri-ciddi insanlar müraciət etmir: “Oğlanlar əsasən neft, özəl sektorda çalışanlar, qızlar isə tibb bacısı və müəllimələrdir. Çünki bu sahədə işləyənlər heç yerə çıxmırlar. Vaxtları olmur ki, kiminləsə münasibət yaratsınlar. Ona görə də bizə müraciət edirlər. Siz əvvəlcə şəklinizi, şəxsiyyət vəsiqənizin üzünü və 10 manat pul verib qeydiyyata düşməlisiniz. Kataloqa baxmaq isə 5 manatdır. Ola bilər ki, sizi bir neçə oğlan bəyənsin. O zaman seçim sizdən asılıdır. İlk görüş 50 manatdır. Bu bir il müddətinə nəzərdə tutulub. Görüş yerini özünüz seçirsiniz.
Bəyəndiyiniz oğlanla ailə həyatı qurduqda biz sinlə müqavilə bağlayırıq. Toy zamanı bizə 100 manat pul ödəməlisiniz. Əgər bizim vasitəmizlə tanış olanlar müqaviləni pozub, bizə pul ödəməzlərsə hüquqşünasımız onu məhkəməyə verir. Bu yolla pulumuzu alırıq. Sizə onu deyə bilərəm ki, mən 5 ildir ki, burada işləyirəm. Mən bizim agentliyin vasitəsilə 76-dan çox cütlüyün evlənməsinin şahidi olmuşam. “Natality” bürosunun xətti ilə evlənənlər xoşbəxt ailə və uşaq sahibidirlər".

“Narkomanam deyirsə, anketə onu yazırıq”

“Bəs sizə müraciət edənlər haqqında ətraflı məlumat toplayırsınızmı və ya ailə quranların gələcək həyatına da zamin durursunuzmu” sualına büro əməkdaşlarının cavabı belə oldu: “Bizim elə çox işçimiz yoxdur ki, bura müraciət edən hər kəs haqqında məlumat toplayaq. Kim özü haqqında nə dedisə onu da yazırıq. Tutaq ki, biri reallıqda narkomandırsa gəlib burada evlənmək istədiyini deyirsə biz ona ”yox" deyə bilmərik. Çünki onun haqqında heç bir informasiyamız yoxdur. Yalnız özünə istinadən yazırıq. Ancaq digər tərəfdən, əgər bir şəxs haqqında bizə 3-4 dəfə şikayət daxil olarsa biz onun anketini ləğv edirik. Evlənən cütlüklərin gələcək həyatına gəlincə, buna görə heç bir məsuliyyət daşımırıq. Çünki əvvəlcədən evlənən şəxslərlə bizim büro arasında müqavilə bağlanılır. Ümumiyyətlə, biz ailə qurub xarici ölkələrə gedən qızların gələcək həyatı ilə maraqlanmırıq. Əgər onlar ailə qurduqdan sonra boşansalar buna görə də biz günahkar deyilik. Çünki agentlik heç kimi zorla evləndirmir. Hər kəs öz istəyi ilə bura müraciət edir".
Onu da deyək ki, bu tanışlıq bürolarının rəhbərləri tam qanuni fəaliyyət göstərdiklərini desələr də, ekspertlər Azərbaycanda nikah agentliklərinin fəaliyyəti ilə heç kimin maraqlanmadığını və onların lisenziyasız işlədiklərini dedilər. Onların fikrincə, bura çirkin məqsədlər üçün müraciət edənlərin sayı çox olur.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Ema xanım isə bildirdi ki, belə büroların olmasından xəbərsizdirlər: “Ümumiyyətlə, bu büro nə işlə məşğul olur ki? Biz bu haqda birinci dəfədir ki, eşidirik. Məsləhət görərdik ki, siz ora müraciət etməyəsiniz. Ancaq istənilən halda biz bu məsələni araşdıracağıq”.

Günay MUSAYEVA, Yeni Musavat

OXŞAR XƏBƏRLƏR