TANAP-ın Türkiyə hissəsini inşa edəcək şirkətlər müəyyənləşib

SİYASƏT
17:40 23.12.2014
862
Tenderə 15 yerli və xarici şirkət dəvət olunub.
Türkiyə ərazisində TANAP qaz kəmərinin inşasını həyata keçirəcək şirkətlər seçilib.
AZXEBER.COM-un APA-ya istinadən verdiyi xəbərə görə, “Şahdəniz-2” layihəsi çərçivəsində çıxarılacaq təbii qazın Türkiyə üzərindən Avropaya nəqlini həyata keçirəcək TANAP boru kəmərinin inşası ilə bağlı “TANAP Doğalqaz İletim A.Ş” şirkəti tərəfindən açılan 3 lot üzrə tenderin qaliblərinin adları açıqlanıb.
Boru xəttinin Gürcüstan sərhədindən Əskişəhərə qədər olan 1337 km-lik hissəsinin inşası ilə bağlı bu ilin aprel ayında elan edilmiş tenderə 15 yerli və xarici şirkət dəvət olunub.
Tenderin yekunlarına əsasən birinci lot üzrə kəmərin 375 km-lik hissəsinin (Ərdahan-Posof-Türkgözü-Ərzurum -Askala) inşasını “Fernas İnşaat A.Ş”, ikinci lot üzrə 375-825 km-ləri əhatə edən hissəsinin (Ərzurum-Askala-Sivas-Yıldızeli) inşasını “Sicim-Yüksəl-Akkord” ortaqlığı, üçüncü lot üzrə 825-1334 km-ləri əhatə edən hissəsinin (Sivas-Yıldızeli-Əskişəhər-Seyidqazi) inşasını isə “TEKFEN İnşaat və Tesisat A.Ş” şirkətləri həyata keçirəcək.
Qeyd edək ki, TANAP layihəsi çərçivəsində inşa olunacaq qaz kəməri Azərbaycanın “Şahdəniz” yatağından çıxan qazın Gürcüstan-Türkiyə-Yunanıstan-Albaniya-İtaliya marşrutu üzrə nəqlini nəzərdə tutur. Kəmər vasitəsilə Türkiyəyə 6 mlrd. kubmetr, Avropaya isə 10 mlrd. kubmetr həcmində qaz nəql ediləcək.
OXŞAR XƏBƏRLƏR