Trans-Anadolu qaz kəməri (TANAP) layihəsində 20%-lik paya malik olan Türkiyənin TPAO və Botaş şirkətlərinin payı artırıla bilər.
AZXEBER.COM xəbər verir ki, bu barədə Dövlət Neft Şirkətinin (SOCAR) prezidentiRövnəq Abdullayevjurnalistlərə bildirib.
Şirkət prezidentinin sözlərinə görə, Türkiyənin bu iki şirkətinin layihədəki payı “Statoil” (12%) və “Total” (5%) şirkətlərinə təklif olunan pay hesabına artırıla bilər:
“Türkiyə tərəfi TANAP layihəsində TPAO və Botaş şirkətlərinin payının artırılması üçün müraciət ediblər”.
R.Abdullayev hazırda bu məsələnin müzakirə mərhələsində olduğunu qeyd edib.
Amma SOCAR prezidenti Türkiyə şirkətlərinin layihədəki paylarının nə qədər artırılacağını bildirməyib.Qeyd edək ki, Hazırda TANAP layihəsində SOCAR 80%, Türkiyənin “BOTAŞ” və TPAO şirkətləri isə 20% paya malikdir.
SOCAR-a məxsus olan səhmlərin 29%-nin “Şahdəniz” Konsorsiumundakı tərəfdaşları olan – BP (12%), “Statoil” (12%) və “Total” (5%) şirkətlərinə verilməsi üçün razılığa gəlinmişdi.
Azərbaycan və Türkiyə arasında TANAP layihəsi üzrə saziş 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb.
Dörd mərhələdə həyata keçiriləcək layihənin ilk mərhələsi 2018-ci ildə başa çatacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 mlrd. kubmetr Azərbaycan qazının 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri isə Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə tutulan qaz TAP boru kəməri vasitəsilə nəql olunacaq.