Rusiyanın Ukraynanın Vinnitsa şəhərinə raket hücumu zamanı 33 yaşlı dizayner və bloger İrina Dmitriyeva yaralanıb.
Bu barədə blogerin işlədiyi "Kartel” nəşriyyatının baş direktoru İrina Asman sosial media hesabında məlumat yayıb. O, bildirib ki, İrina ayağını itirib və hazırda reanimasiyadadır. Onun dörd yaşlı qızı Liza isə yerindəcə keçinib.
"Bu gün Vinnitsada əməkdaşımız İrina Dmitriyeva kiçik qızı ilə birlikdə mərmilərin episentrində idi. Balac qızı yerindəcə dünyasını dəyişib... İrinanın vəziyyəti isə ağırdır, reanimasiyadadır. Ruslara daha neçə qarğış demək lazımdır ki, Tanrı eşitsin? Bu qədər kədər, çox göz yaşı. Artıq gücümüz yoxdur" - deyə, o, feysbukda yazıb.
Qeyd edək ki, İrina daun sindromlu qızının həyatı haqqında bloq yazırdı. O, qızının uğurlarını sosial şəbəkələrdə bölüşərək, bu sindromdan əziyyət çəkən analarla təcrübələrini bölüşür, məsləhətlər verirdi.
Onu da qeyd edək ki, Vinnitsaya raket zərbəsi nəticəsində 20 nəfər həlak olub, 90-dan çox insan isə yaralanıb. Bu səbəbdən şəhərdə iyulun 15-i matəm günü elan olunub. /// axsam.az


