Son zamanlar gördüyü təqdirəlayiq işlərlə gündəmdə olan tanınmış cərrah mama-ginekoloq Dr. Səbinə Mirzəyevanın təşəbbüsü ilə 2 aprel saat 16:00-da "Fairmont Baku” otelində konfransın keçiriləcəyindən xəbər tutduq. Hamilələrin maarifləndirilməsi üçün nəzərdə tutulan konfransda aparıcı mütəxəssislər endokrinoloq Dr. Hidayət Məmmədzadə, Azərbaycan Tibb Universitetinin Terapiya Klinikasının həkim-dietoloqu Dr. Tutu Zeynalova, Narınc Uşaq Psixologiya Mərkəzinin rəhbəri, klinik psixoloq Narınc Rüstəmova da iştirak edəcəklər. Konfransın məqsədi və Dr.Səbinə Mirzəyevanın planları ilə bağlı ətraflı məlumat əldə etmək üçün onunla söhbətləşdik:
- Səbinə xanım, aprelin 2-də "Sağlam nəsil naminə hamilələrlə görüş” devizi altında böyük bir konfrans təşkil edəcəyinizdən xəbər tutduq. Bu barədə bizə məlumat verə bilərsinizmi?
- Həyatda hər zaman tək bir devizim var: Xalqıma, vətənimə və peşəmə faydalı və sadiq olmaq! Ölkəmizin səhiyyə sferasında aparılan böyük islahatlara və təqdirəlayiq işlərə baxmayaraq, ana və uşaq ölümlərinin sayı yenə də gündəmdədir. Lakin bilməliyik ki, bu kimi hadisələrə hər zaman təkcə həkimin qeyri-peşəkarlığı, savadsızlığı və ya məsuliyyətsizliyi səbəb olmur. Bir çox hallarda ana namizədlər özləri öz körpələrinə və öz canlarına qarşı məsuliyyətsiz yanaşırlar. Vaxtı-vaxtında müayinələrə getmir, vaxtında lazımi və önəmli testlərdən keçmir, kliniki və laborator müayinələri ixtisara salır və bütün bu səbəblərdən xoşagəlməz hadisələrlə üzləşirlər. Bütün bu hadisələrin sayının azalmasına yardım etmək məqsədilə belə bir konfrans təşkil edib hamilələri bilgiləndirmək istədik.
- Ana olmağa hazırlaşan və artıq ana olan xanımlarımızın belə bir konfransa böyük bir ehtiyacı olduğu aydındır. Necə oldu ki, bu konfransa ehtiyac duyulduğunu hiss edib onu həyata keçirmək qərarına gəldiniz?
- Mənim sosial şəbəkə hesablarıma saysız-hesabsız suallar gəlir. Mən başa düşürəm ki, hər hansı bir hamilə qadın hansısa qadın
məsləhətxanasında qeydiyyata dursa belə, onun özəl bir həkimi olsa belə o, hamilə qalmadan öncə və hamiləlik zamanı beynində müxtəlif suallarla dolaşır. Onların bu suallarına və şübhə dolu fikirlərinə son qoymaq məqsədilə qadınlara çatdırmaq istədim ki, hamiləlik bir qadının həyatında çox məsuliyyətli və böyük dəyişikliklərə səbəb olacaq bir dönəmdir. Mənim yanıma gələn pasientlərə mən bunu başa salıram. Lakin bu konfrans sayəsində mənim pasientim olmayan hamilələrə də öz sözümü çatdırmaq istədim.
-Konfransda nə qədər hamilənin iştirakı gözlənilir və onlar hansı mövzularla bağlı bilgilənmiş olacaqlar?
- Konfransda 200-dən artıq hamilə qadının, yaxud ana olmağa hazırlaşan, hətta uşaq planlaşdıran xanımların iştirakını gözləyirik. İnşallah bu konfransda hamiləliklə bağlı bütün olarlar, olmazlar, müayinələrdən tutmuş doğuma qədərki bütün proseslər haqqında, ana namizədin qidalanması və psixo-emosional durumu ilə bağlı, riskli hamiləliklər və qeysəriyyədən sonra normal doğuş mövzusunda və hətta normal doğuşun anaya və körpəyə faydaları barədə də danışılacaq. Hamiləlikdən sonra artıq çəkidən azad olmaq, hamiləlikdə baş verən endokrin ve metabolik xəstəliklər haqqında mən və həmkarlarım bütün önəmli məlumatları xanımlarımıza çatdıracaq və hamilələri maksimum maarifləndirməyə çalışacağıq.
-Konfransa qatılmaq üçün qeydiyyatdan keçənlərin çoxu sizin öz pasientinizdir, yoxsa başqalarının?
- Konfransa qatılmaq istəyən və bunun üçün qeydiyyatdan keçən xanımların 80 faizi mənim öz pasientim deyil.
-Azərbaycanda bu tip layihələrin həyata keçirilməsi təqdirəlayiqdir. Gələcəkdə başqa necə layihələr təşkil etməyi planlaşdırırsınız?
- Beynimdə bir çox fikirlər və reallaşdırmaq istədiyim layihələr var. Ən əsas planım isə hər zaman xalqımın gözəl xanımlarına yararlı və faydalı olmağımdır.
- Bu qədər gərgin və ağır iş qrafikiniz var. İşlərinizi necə çatdırırsınız?
- Artıq illərdir ki, mən bu gərgin iş rejimində çalışıram. Özü də istirahətsiz... Çünki bir ginekoloq "acil” deməkdir. Ginekoloqun bayramı olmur, istirahət günü olmur, gecəsi və gündüzü belə olmur. Hərdən düşünürəm ki, öz işimi ürəyim istədiyi kimi yerinə yetirmək üçün 24 saat mənə yetmir. Bircə onu deyə bilərəm ki, hər bir işə sevgi ilə yanaşmaq lazımdır. Mən hər zaman digər müsahibələrimdə də deyirəm ki, istər həkim ol, istər müəllim... Əgər bir işə sevgi ilə yanaşdınsa, bu işə öz ürəyini qoydunsa, o işdə mütləq və mütləq uğur qazanırsan. Buna görə mən düşünürəm ki, əgər mən bu həyatda başqa bir peşənin sahibi olsaydım belə yenə də uğur qazanacaqdım. Çünki mən sevmədiyim heç bir işə əl qoymaram.
-Ölkənin ən öndəgedən cərrah-ginekoloqlarının siyahısında ön sıralarda durursunuz. Bütün bu zirvələri fəth etmək yəqin ki, elə də asan olmadı?!
- Təşəkkür edirəm, verdiyiniz dəyərə görə... Təbii ki, bu uğur yuxusuz gecələrin, çox böyük və əziyyətli işlərin, illərin nəticəsidir. Bu yerə gəlib çatmaq üçün mənə ailəm, müəllimlərim hər zaman dəstək olublar. Mənə savad verən valideynlərim və müəllimlərim olub. Yenə də deyirəm ki, hər bir işə can qoymaq lazımdır. Mən düşünürəm ki, çalışqanlıq mənim xasiyyətimdədir. Çox çalışmışam, hələ də çalışıram, hələ də öyrənirəm və öz üzərimdə işləməyə davam edirəm.
-Bu qədər böyük işlərin məsuliyyətini öz üzərinizə götürürsünüz. Bəs həmkarlarınızdan dəstək görürsünüzmü?
- Bəli, əlbəttə ki, dəstək görürəm. Sağ olsunlar Dr.Hidayət, dəyərli psixoloqumuz Narınc xanım, dietoloq Tutu xanım... Onlar bu konfransın həyata keçirilməsi üçün mənə böyük bir dəstək oldular. İnşallah ki, aprelin 2-də biz birlikdə konfransımızı uğurla yekunlaşdıracağıq və bundan sonra da birgə işlər görməyə davam edəcəyik.
-Bir ginekoloq kimi xanımların güvənini ən çox riskli hamiləlikləri üstlənməklə qazandığınızı öyrəndik. Bu həqiqətən də böyük riskdirmi?
- Məni daha çox riskli hamiləliklər, çətin doğuş və qeysəriyyə əməliyyatları edən həkim kimi tanıyırlar. Ona görə də mənim həkim fəaliyyətim dönəmində daha çox riskli anlar olub. Məsələn indi açıq ürək əməliyyatı keçirən, hamiləlik qadağan olunmuş qadını xatırladım. Mənə müraciət etdi. Bu, çox riskli idi. O qadının istəyi ilə razılaşmaq düzgün deyildi. Amma qadın ana olmaq istəyirdi. Dünyanın ən gözəl duyğusunu yaşamaq istəyirdi və məndən ona kömək etməyimi istəyirdi. Yox deyə bilməzdim. Çünki mən bu arzunun gerçəkləşməsi üçün nəsə edə bilərdim, mənim belə bir şansım vardı və mən ona yox demədim. Razılaşdım... Biz hamiləliyi 32 həftəyə çatdırdıq və gözəl nəticə əldə etdik.
- Yaxşı, yaddaqalan həkim olmaq üçün nə etmək lazımdır?
- Çox çalışmalısan. Bilirsiz, sizə öz həkimlik sirlərimdən birini deyim. Xəstələrə xəstə kimi yanaşmaq olmaz. Hamiləlik xəstəlik deyil, bu dönəmi xəstəlik kimi qəbul etmək lazım deyil. Əksinə, bunu həyatın daha dadlı və rəngli dönəmi kimi yaşamalısan. Yaxşı həkim pasientin hissini, həyəcanını onunla yaşamalıdır... Ona doğmalığını hiss etdirməlidir... Hamıya məlumdur ki, doğuş ən ağrılı prosesdir. O ağrı dönəmini atlatmaq üçün onunla səmimi söhbət etməlisən. Psixoloji olaraq xəstə həkimini əziz, yaxın, doğma insan kimi yanında hiss etməlidir, çəkinməməlidir.
- Səbinə xanım, aprelin 2-də sizi böyük bir həyəcan və böyük bir iş gözləyir. Bu üzdən sizə uğurlar arzu edirik. Son olaraq, qadınlara sözünüz...
- Təşəkkürlər... Mən qadınlara demək istərdim ki, qadınlığın hər dönəmi gözəldir. Qadın olmağın özü gözəldir. Sizin yeni bir insanı öz içinizdə daşımaq, böyütmək şansınız var. Ona öz canınızdan, qanınızdan pay verirsiniz. Bu, allah tərəfindən sizə verilmiş mükafatdır. Və elə siz özünüz də həyata mükafat olaraq verilmisiniz. Qadın doğulduğunuz üçün, qadın olduğunuz üçün heç vaxt şikayət etməyin, əksinə qürur duyun. Ana olmağın ləzzətini doya-doya yaşayın. Ana olmaq hər bir qadının haqqıdır...