AZXEBER.COM xəbər verir ki, tədbiri giriş sözü ilə açan agentliyin həmtəsisçisi Azər Niftiyev bildirib ki, rəhbərliyində təmsil olunduğu qurum dörd ildir fəaliyyət göstərir.
O, qeyd edib ki, ictimai rəyin öyrənilməsi, media ilə ictimaiyyət arasında qarşılıqlı və faydalı əlaqələrin genişlənməsi sahəsində fəaliyyət göstərən qurum indiyə qədər bir çox layihələrə müəlliflik edib:
“Biz hələ bir neçə il öncə digər iki ictimai birliklə birgə Analatik Təhlil və Sorğu Mərkəzi adından “Xəzər” milli mükafatının təqdimat mərasimini keçirmişik. Mərasimdə mükafatın qalibləri olan yüksək ranqlı dövlət məmurları, milət vəkilləri, ictimai xadimlər şəxsən iştirak edərək, simvolik ödül alıblar”. “Bizim fəaliyyətimiz Azərbaycan həqiqətlərini dünyaya yayan, beynəlxalaq arenada ölkəmizi təbliğ edən fədakar həmyerlilərimizi stimullaşdırmaqdan ibarətdir” deyən qurum sədri idman sahəsindəki təşkilatçılığına və Azərbaycan idmanını beynəlxalq səviyyədə uğurlu təmsil etdiyinə görə, Elnur Məmmədovun bu mükafata layiq görüldüyünü diqqətə çatdırdı.
Digər çıxışçılar – politoloq Elşən Musayev, Azxeber.com informasiya portalının baş redaktoru Hacıbəy Heydərli, YAP Gənclər Birliyinin təmsilçisi Səbuhi Abbasov, “Piar Service” sorğu agentliyinin həmtəsisçisi Əfsələddin Ağalarov, gənc fəal Cavid Süleymanlı idman ictimaiyyətinin və gənclər sektorunun nümayəndələri mükafatın əhəmiyyətindən danışaraq, Elnur Məmmədovun fəaliyyəti ilə bağlı təəssüratlarını bölüşdülər.
Elnur Məmmədovun keçirdiyi beynəlxalq səviyyəli tədbirlərin video-çarxı yayımlandıqdan sonra söz qalibə verildi. Mükafata layiq görüldüyünə görə, “Piar Service” agentliyinin rəhbərliyinə təşəkkürünü çatdıran Elnur Məmmədov bildirdi ki, bu mükafat təkcə ona deyil, bütövlükdə Azərbaycan idmanına verilən qiymətdir. K-1 döyüş növünün Azərbaycanda yenicə yarandığını, bu müddət ərzində populyarlıq qazandığını deyən Elnur Məmmədov bir müddət öncə “Sərhədçi” İdman Olimpiya Mərkəzində “Best of the Best” təşkilatının keçirdiyi K-1 Dünya Qran-Pri yarışlarından və bu yarışların əhəmiyyətindən söz açdı.
O bildirdi ki, Azərbaycanda K-1 idman növünün inkişafı istiqamətində səylərini bundan sonra da davam etdirəcək. Sonda “Piar Service” agentliyinin həmtəsisçisi Azər Niftiyev Azərbaycan idmanının inkişafındakı xidmətlərinə, idman təşkilatçılığı sahəsindəki nailiyyətlərinə, habelə Azərbaycan idmanını beynəlxalq arenada uğurla təmsil etdiyinə görə, “İlin idman təşkilatçısı” fəxri mükafatını Elnur Məmmədova təqdim etdi.



