Müğənnilər toyların olmamasından gileylənib.
Artıq bir neçə gündür ki, matəmlik ayları (məhərrəm və səfər) bitib. Məlum olduğu kimi, bu aylar şiə məzhəbinə mənsub olan şəxslər 40+20 gün ərzində şadlıq mərasimləri keçirmirlər. Hətta paytaxt Bakıda bəzi şadlıq sarayları bu müddət ərzində öz fəaliyyətini dondurur. Beləliklə də şou-biznes nümayəndələri, xüsusən də müğənnilər bu aylarda qazancsız qalır. Matəm günləri bitdikdən sonra isə müğənnilər üçün “toy mövsümü” başlayır.
Bəs görəsən müğənnilərin toy hazırlıqları, sifarişləri nə yerdədir?
Bu suallarla bir neçə müğənniyə müraciət etdik.
Əməkdar artist, müğənni İzzət Bağırov matəm günlərinin bitməsinə baxmayaraq toy mövsümünün başlamadığından gileylənib:
“Demək olar ki, matəm ayları hələ də davam edir. Toy ümumiyyətlə yoxdur. Ya tamamilə evlənən yoxdur, ya da bunun başqa səbəbi var, bilmirəm. Başqalarını deyə bilmərəm, amma məndə vəziyyət belədir”.
Müğənni hər zaman aktiv yaradıcılıq fəaliyyətində olduğunu da qeyd edib:
“Tez-tez verilişlərə dəvət alıram. Hazırda bütün televiziyalarda yeni il çəkilişləri gedir. Sağ olsunlar, bütün kanallar məni bu çəkilişlərə dəvət edib.
Hər zaman aktiv yaradıcılıq fəaliyyətindəyəm. Bu il yeni albomum işıq üzü görüb, 5 yeni klipim çəkildi, möhtəşəm konsertim oldu”.
Aşıq Zülfiyyə toy qiymətlərində artım olmayacağını deyib:
“Çünki camaatın vəziyyəti elədir ki, mümkün deyil qiyməti artıraq. Camaatın vəziyyəti çox pisdir. Toylar da azalıb. Belə başa düşürəm ki, bu ya maddiyyatla, yaxud da qışla bağlıdır”.
Aşıq Zülfiyyə bir neçə ay bundan əvvəl dünyaya gələn nəvəsi ilə əlaqədar yaradıcılıqdan bir qədər uzaq düşdüyünü deyib:
“Başım nəvəmə qarışmışdı. Lakin bundan sonra yenidən yaradıcılığıma başlayacam”.
Manaf Ağayev də toy qiymətlərində artım olmayacağını deyib:
“Biz toylara həmişə camaatı qane edəcək münasib qiymətlərə getmişik, konkret qiymət qoymuruq.
Hazırda yeni mahnılar üzərində işləyirəm. Onların bəziləri artıq işıq üzü görüb, bəzilərinin isə üzərində işləyirik”.
Cabbar Musayev toyların başlanmasını gözlədiyini bildirib:
“Toy qiymətlərində heç bir artım olmayacaq. Xalqın hazırki durumunu başa düşən insanlar həddindən artıq azdır. Ona görə də çalışacağıq ki, xalqın cibinə uyğun toylara gedək.
Bir sıra mahnılarımız var ki, onları aranjemana vermişik. Bilirsiz ki, aranjemanı da havayı etmirlər. Ona görə də toyların başlanmasını gözləyirik ki, ordan qazandığımız pulla mahnılarımızı işləyib, ortaya çıxaraq”.
Əməkdar artist Nüşabə Əlsəgərli isə anasının hüzrü ilə əlaqədar şadlıq mərasimlərinə qatılmadığını bildirib.
Onu da qeyd edək ki, matəm günləri bitər-bitməz bir çox müğənnilər öz yeni mahnılarını təqdim etdilər. O cümlədən xalq artisti Aygün Kazımovanın “Gecə yarı”mahnısı işıq üzü görüb. Yeni mahnın sözləri Azər Şirinə, musiqisi isə Tərlan Məmmədhüseynova məxsusdur.
Xalq artisti Gülyaz Məmmədova da “Ağam Süleyman” adlı yeni ifasını sevənlərinin ixtiyarına verib.
Niyam Salami isə sözləri Arzu Hidayətqızına, musiqisi bəstəkar Nailə Mirməmmədliyə məxsus “Neftçilər” adlı mahnısını təqdim edib. Mahnıda Vasif Məhhərrəmli, Mətanət Əsədova, Gülay Zeynallının da ifası yer alıb.
Müğənni Elçin Cəfərov bu günlərdə “Dağılsın dünya” adlı yeni klipini təqdim edib. Klipdə aktyorlar Asya Atakişiyeva, Bəhruz Vaqifoğlu, Azər İlhamoğlu rol alıb. // musavat.com