Tanınmış aktrisa Vəfa Zeynalovanın "Müqəddəs heyvan" filmində canlandırdığı obraza münasibətlər səngimək bilmir.
Aktrisanın erotiksəhnəni canlandırması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Şərhlərə əsəbiləşən aktrisa bu haqda deyib : "Mən aktrisayam - mənim vəzifəm rejissorun qoyduğu tapşırığı yerinə yetirməkdir. Çəkilmişəm, əcəb eləmişəm”.
Bu rola görə Vəfanı tənqid edənlər qədər haqq qazandıranlar da çoxdur.
AZXEBER.COM sosial şəbəkələrdə tanınmış şəxslərin, ziyalıların Vəfa haqda yazılarından bəzilərini təqdim edir:
Jurnalist Seymur Qasimbəyli aktrisa V. Zeynalovanın cəsarətinə görə alqışlamaq lazım olduğunu bildirib: “Jurnalistlərin Vafa Zeynalovanın üzərinə getməsi, kinonun bir səhnəsinə görə sürəkli şəkildə açıqlama almağa cəhd etməsi doğru deyil. Məncə, Vəfa xanımı bu cəsarətinə görə alqışlamaq lazımdı”.
Müğənni Roza Zərgərli də aktrisaya dəstək olub: “Yalnız bizdə aktrisanı oynadığı rola görə qınayarlar. Mediada gedən söz söhbəti anlamıram, harada görülüb ki, insanın oynadığı rola görə özü, şəxsiyyəti müzakirə olunsun?! Vəfa Zeynalova gözəl ana, dost, həyat yoldaşı, insan və AKTRİSADIR!
525-ci qəzetin redaktoru, tanınmış jurnalist Yusif Rzayev isə daha sərt mövqe ortaya qoyub: "Neçə gündü bu filmdəki bir epizodla bağlı yazılmayan söz qalmadı. Özü də elə təqdim olunur ki, elə bil bu video hansısa pritonda çəkilib. Əvvəla, lap belə olsaydı da, kiminsə yatağının keşiyini çəkmək ayıbdı və əxlaqdan uzaq işdi. İkincisi də, axı bu kadrlar bir filmdən kiçik hissədi və filmi izləymək istəyən hər tamaşaçı buna sərbəst baxa bilər. Nə tumantökdüdü axı bu? Belə bir istedalı aktrisa haqda nə gəldi yazmaq, gic-gic mentalitet keşiyi çəkmək hansı "ağıllı" başın məhsuludu görən? Belə şeylər oxuyanda adam jurnalistika ilə məşğul olduğuna görə xəcalət çəkir..."
Xalq Cəbhəsi qəzetinin baş redaktoru, politoloq Elçin Mirzəbəyli isə bunun Azərnaycan efirində fərqlənməq üçün bir cəhd adlandırıb. “Filmi izləyə bilməmişəm. Amma müzakirələrə səbəb olan kadrları izlədim. Uğursuz səhnədi. Qoyun cəmdəyi ilə bağlı olan hissə də, çobanın çomağı da ikrah doğurur. Erotik səhnələr bu gün hətta ciddi kinomatoqrafiya üçün də sensassiya kimi qəbul olunmur. Amma istənilən səhnə özünü doğrultmalıdır. Hətta kontekstdən çıxarılsa da, belə tamamlanmış, bütöv görünməlidir. Amma izlədiyim səhnədə detallarla işə cəhd olsa da ayrı-ayrı səhnələr arasında keçid yoxdur. Peşəkar iş deyil, vəssalam. Azərbaycan mühitində fərqlənməyə cəhddir sadəcə. Geniş müzakirə açmağa dəyməz”
Vəfa Zeynalova isə açıqlamasında bildirib ki, hər kəsin fikirlərinə hörmətlə yanaşmaq lazımdır. O jurnalistləri xırda məsələri böyütməkdənsə, gördüyü böyük məsələləri cəmiyyətə çatdırmalarını istəyib: “Əziz dostlar, hər birinizin fikrinə hörmətlə yanaşıram. Heç bir ay yoxdu ki Macarıstan (gənclər festivalında) ermənilər qondarma Qarabağ bayrağı qaldırdıqlarına görə mən və bir neçə vətəndaşlarımız böyük mübahisələrdən sonra, nəinki bayrağı endirtdik, həmçinin erməni dəstəsini festivaldan uzaqlaşdırdıq. Mənə çox maraqlıdır. Nəyə görə bizim jurnalistlərə bu böyük işimiz maraqlı gəlmədi, amma mənim filmdə çəkildiyim kiçicik bir epizodu bu qədər bəzəyib düzəyib şişirdirsiz!? Oxucu dilənirsinizsə, inanın mənə bizim gördüyümüz bu böyük işdən yazsaydız daha çox oxucu toplamış olardınız”.
Maraqlıdır ki, Vəfa Zeynalova bu məsələdə jurnalistləri günahlandırsa da, ona sosial şəbəkələrdə ən çox dəstək olanlara elə jurnalstlər olub.
Fatimə İbrahimovaAZXEBER.COM