Tarixi binaların sökülməsi turizmə təsir edəcəkmi?

SOSİAL
10:10 02.06.2016
1663
Hansısa ölkəyə gedən turistlər ilk öncə o ölkənin tarixi ilə maraqlanır, tarixi abidələrini, qədim yerlərini görmək istəyir. Çimərlik mövsümünü çıxmaq şərtilə turistlər səfərlərində yalnız tarixi yerlərlə maraqlanır. Azərbaycana gələn turistlər də paytaxtdakı “İçərişəhər”, “Atəşgah”, “Yanardağ” və digər tarixi yerləri ziyarət edir məlumatlar alır, şəkil çəkdirirlər.
Ancaq son günlərdə gündəmdən düşməyən məsələ Azərbaycanda bir sıra tarixi binaların söküləcəyi ilə bağlı deyilənlərdir. Hətta bir çox ziyalılar buna etiraz olaraq prezidentə müraciət də edib. Tarixi binaların sökülməsi Azərbaycana gələn turistlərin sayına da təsir edəcək. Bunu “FlyTravel” turizm şirkətinin direktoru Mamed Əliyev də deyir. M. Əliyevin sözlərinə görə, tarixi binaların sökülməsi turizmə təsir edə bilər: “Tarixi binaların sökülməsi yaxşı hal deyil. Turistlər bu cür binaların yanında şəkil çəkdirir. Bu cür köhnə tarixi binalar dünyanın hər yerində var. Məsələn, turistlər gələndə ”İçərişəhər"ə gedir, şəkil çəkdirir, tarixi ilə maraqlanır. Turistlər daha çox “İçərişəhər”ə, “Yanardağ”a, Qobustana gedirlər. 1 həftə-10 gün qalan turistlər isə 2-3 günlük Qubaya, Qəbələyə gedirlər".
Deputat Fazil Mustafa isə bildirdi ki, tarixi binaların sökülməsinə görə turist buradan qaçmaz: “Turistlər əsasən istəyirlər ki, qiymətlər ucuz olsun. İctimai iaşədə fırıldaqçılıq olmasın. Hotellər ucuz olsun. İnsanlar istəyirlər ki, gəldikləri ölkənin giriş çıxışında onları incitməsinlər. Əsas problemlər budur. Yoxsa turist ölkəmizə bir binaya görə gəlmir. Binanın sökülüb qalmasının turist üçün bir əhəmiyyəti yoxdur. Bizdə tarixi abidələrin sayı da çox deyil. 19-20-ci əsrin binaları bizim üçün tarixidir. Amma Səmərqənddə, Buxarada yüzlərlə mədrəsə qalıb. Tarixi əsərlər, abidələr bir-birini əvəz edir. Bizdə, sadəcə olaraq, buna bu cür əhəmiyyət verilməsi yanlışdır. Tanınmış şəxsiyyətlərin, məsələn Abbas Mirzə Şərifzadənin evinin sökülməsinin bir mənası yoxdur. Bir forma tapılmalıdır ki, şəhərin ortasında yaxşı bir binadırsa, təmir edin, yaraşıqlı bir bina kimi qalsın. Amma bunu bir tendensiyaya çevirmək yanlışdır. O binanın ki, uçmaq təhlükəsi var, problemlidir, bunu başa düşdük. Amma bu problemlər olmadan binaları sökmək yanlış bir yoldur. Mən də bunun əleyhinəyəm”.
F. Mustafa bizdəki tarixi binaların konkret olaraq şəxsiyyətlərlə bağlı olduğunu dedi: “Biz turisti giriş çıxışda incitməsək, hoteldə, restoranda soymasaq, Gürcüstan kimi normal ucuz qiymətləri qoyub cəlb edə bilsək, turist gələr. Turist daşa-divara görə gəlmir, insana görə gəlir. Məsələn, Türkiyədəki tarixi abidələrin təyinatı da fərqlidir. Bizans dövrü və Osmanlı dönəmləri ilə bağlıdır. Bizdəki tarixi abidələr isə konkret olaraq şəxsiyyətlərlə, ayrı-ayrı aktyorlar, şairlər, yazarlarla bağlıdır. Ona görə də daha konkret tarixi situasiya ilə bağlı olanların qorunması bir az daha çox cəlbedici görünür. Şəxsiyyətlərlə bağlı o qədər də diqqət yetirilmir. Yəni avropalı Abbas Mirzə Şərifzadəni Azərbaycandan soruşsan ancaq adını tanıyarlar, hansı böyük əsər yaratdığı ilə bağlı böyük əksəriyyətin məlumatı yoxdur. Ona görə də bunu o meyarla qiymətləndirə bilmərik. Amma sökülməsinə, bu şəxsiyyətlərin özümüz üçün, onların xatirəsini əziz tutmaq üçün bu abidələri qorusaq, hər halda, faydalı olar”.
Musavat.com

OXŞAR XƏBƏRLƏR