Sərraf Balaxan,
YAP Gənclər Birliyi Ofisinin rəhbəri
Müasir Azərbaycan dövləti zəngin dövlətçilik tarixinə malik olan Azərbaycan xalqının arzu və niyyətinin ifadəsidir, xəyalının gerçəkliyidir. Azərbaycan adında və hüquqi cəhətdən kamil olan, əsaslı dövlət parametrlərinə cavab verən Azərbaycan Respublikası 95 il öncə yaradılmışdır. Bu xalqımızın şərəfli tarixinin ən parlaq səhifələrindən biridir.O zamankı Azərbaycanı 70 nəfərə yaxın ali təhsilli Azərbaycan övladları yaratdı və bu haqda bütün dünyaya xəbər çatdırıldı. Məlum səbəblərdən öz mövcudluğunu itirən Azərbaycan Cümhuriyyəti 70 il sonra yenidən tarix səhnəsinə zühur etdi. Tarixi kökə bağlı olmamaq dövlət müstəqilliymizə təhlükə yaratdı. Amma xalqın çağırışı ilə zamanında xalqının yanında olan Heydər Əliyev öz gəlişi ilə dövləti qorudu, dövlətimizin öz tarixi ilə rabitəsini yenidən bərpa etdi. Həm Azərbaycan Demokratik Cühuriyyətinə, həm də bu Cümhuriyyəti yaradanlara Ulu Öndər Heydər Əliyev yüksək ehtiram göstərdi. Atdığı hər addımda öz tarixi dövlətçilik ənənələrimizi yaşatdı. Bu ənənə Ulu Öndərin özündən sonra da davam və inkişaf etdirildi. Xalqın öz tarixinə, dövlətçilik ənənlərinə bağlılığına yeni çalar qatan ölkə Prezidenti cənab İlham Əliyev oldu. Dövlətin daxili və xarici siyasətində göstərdiyi qətiyyət Cənab İlham Əliyevi xalqının gözündə daha da uca etdi. Cənab Prezident öz şəxsi nümunəsində hər kəsi tariximizə, milli kimliyimizə, dövlətçiliyimizə, tarixi şəxsiyyətlərimizə ehtirama səslədi. Bu çağırış Milli Lider Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin təməl prinspi idi. “Xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsində, milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərmiş və siyasi publisistikası ilə ədəbi-ictimai fikir tariximizə layiqli töhfələr vermiş görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsini təmin etmək” məqsədi ilə imzalanan Sərəncam Dövlət Başçısının tariximizə olan ehtiramını bir daha göstərdi və bununla sapı özümüzdən olan antimilli insanlara səsləniş etdi. Cənab İlham Əliyev “Jurnalistlərin dostu” mükafatının təqdimat mərasimində çıxışında bir daha bildirdi ki, "Respublikanın baniləri Azərbaycan xalqı qarşısında çox böyük xidmətlər göstərmişlər.Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, digər rəhbərlər, onların dünyagörüşü, cəsarəti, xalqa olan bağlılığı hər bir azərbaycanlı üçün bir nümunədir. Ona görə onların əziz xatirəsi bizim üçün daim qürur mənbəyidir." Bütün bu ehtiram və diqqət indiyə qədər Məhəmməd Əmin Rəsulzadə irsinə, Azərbaycan Demokratik Cümhuriyyətinin tarixi əhəmiyyətinə verilən ən böyük dəyərdir. Prezident cənab İlham Əliyevin atdığı bu addım biz gənclərin bu günkü vəzifələrini və gələcək məsuliyyətimizi daha da artırır. Çünki bizlər tariximizin gələcək himayəçiləri və təbliğatçılarıyıq. Bir gənc kimi mən də öz məsuliyyətimi, vəzifələrimi dərindən dərk edir və bugünkü dövlətim, tarixi dövlətçiliyimlə qürur duyuram!