"2022-ci ildə 12 min 440 işçi işə qəbul olunub".
AZXEBER.COM xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov "TƏBİB - Tibbdə müasir keyfiyyət mərhələsi: real perspektivlər, gələcəyə baxış" adlı hesabat konfransında çıxışı zamanı deyib.
O, qeyd edib ki, TƏBİB-in tabeliyində olan tibb müəssisələrində çalışan işçilərin sayı 97 min 125 nəfərdir. Onların 16 min 381 nəfəri həkim, 38 min 949 orta tibb işçisi, 22 min 608 kiçik tibb işçisidir. 2022-ci ildə 12 min 440 işçi işə qəbul olunub:
"Tibb müəssisələrində çalışan həkim və orta tibb işçilərinin peşə hazırlığının artırılması, təcrübə mübadiləsinin təşkil edilməsi, təlim proqramlarının hazırlanması, müvafiq sahə üzrə təlimçilərin hazırlanması məqsədilə tibb müəssisələrindən ümumilikdə 2000 dən çox personal təlimlərə cəlb edilib. Türkiyə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi, Fövqəladə Hallar Nazirliyi, Beynəlxalq Qızıl Xaç Komitəsi ilə əməkdaşlıqda "Təcili Tibbi Yardım” təlimləri təşkil edilib.
Qarşıya qoyulan vəzifələrdən danışan Vüqar Qurbanov, vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılmasının olduğunu qeyd edib: "TƏBİB-in qarşısına qoyulmuş vəzifələrdən biri vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılmasıdır. Bu baxımdan tibb müəssisələrində yeni - keyfiyyətin idarə edilməsi üzrə ştat strukturunun yaradılması, müəssisələrdə göstərilən tibbi xidmətlərin keyfiyyətlərinin beynəlxalq standartlara uyğunlaşdırılması üçün yeni bir addımdır. Hazırda tətbiq olunan keyfiyyət standartlarının qiymətləndirmə meyarları işlənib hazırlanıb ki, bu da gələcəkdə tibb müəssisələrinin keyfiyyət dinamikasını əyani olaraq izləməyə imkan verəcəkdir".