Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğunda, Azərbaycan xalqının qanlı faciəsi – Xocalı soyqırımının ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Konsulluqdan APA-ya verilən məlumata görə, mərasimdə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, baş vermiş faciənin mahiyyəti və acı nəticələri haqqında mərasim iştirakçılarına məlumat verilib.
Azərbaycan Respublikasının Təbrizdəki baş konsulu Əli Əlizadə mərasimdə çıxış edərək, Dağlıq Qarabağ münaqişəsinin süni olaraq yaradılması nəticəsində baş vermiş Xocalı soyqırımının bütövlükdə bəşəriyyətə və insanlığa qarşı cinayət olduğunu, bu səbəbdən 26 fevral gününün dünya tarixinin də səhifələrinə qanlı hərflərlə yazıldığını bildirib.
Baş konsul Xocalı faciəsinin, hal-hazırda dünyanın bir neçə ölkəsi, o cümlədən Meksika, Pakistan, Kolumbiya, Çexiya dövlətlərinin parlamentləri, eləcədə İslam Əməkdaşlıq Təşkilatı tərəfindən də siyasi-hüquqi qiymətin verildiyini qeyd edib, əsaslı dəlil və faktlarla sübuta yetirilmiş bu hadisəyə tezliklə Azərbaycana dost və yaxın olan digər ölkələr tərəfindən də siyasi-hüquqi qiymətin verilməsinin önəmli olduğunu diqqətə çatdırıb.
Çıxışlardan sonra erməni təcavüzü və Xocalı soyqırımının dəhşətlərindən bəhs edən film nümayiş etdirilib, soyqırımı qurbanlarının xatirəsinə ehsan verilib. Xocalı faciəsinə dair DVD filmlər, kitablar, bukletlər, Xocalı əhalisinin dünya ictimaiyyətinə ünvanlanmış müraciəti və fars dilinə tərcümə edilmiş digər əyani materiallar mərasim iştirakçılarına paylanıb.
Mərasimdə, İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Şimal-Qərb nümayəndəliyinin rəhbəri, yerli kütləvi informasiya vasitələrinin nümayəndələri, Türkiyənin Təbrizdəki Baş Konsulluğunun əməkdaşları, həmçinin, şəhər ictimaiyyətinin nümayəndələri də iştirak ediblər.