Təbrizdən müraciət – Həmid Herisçi böhtanlara cavab verdi: "Təbrizdəki evimi..."

Təbrizdən müraciət – Həmid Herisçi böhtanlara cavab verdi: "Təbrizdəki evimi..."
SOSİAL
21:52 09.03.2026
478
Hazırda İranda olan tanınmış yazıçı Həmid Herisçi bir yazı qələmə alıb və həmin yazını yazıçının həyat yoldaşı, jurnalist İlhamiyyə Rza "Azxeber Media"ya göndərib.
 
Azxeber.com həmin yazını məzmununa toxunmadan, yalnız hərf və punktuasiya səhvlərini düzəldərək təqdim edir:


Həmid Herisçi, yazıçı

Mən, Güney Azərbaycan milli azadlıq hərəkatının şanlı memarlarından biri Qafar Kəndli Herisçinin ailəsində doğulmuşam. Uşaqlıqdan bu mübarizənin tarixini öz bioqrafiyam bilmişəm. Jurnalistik və ədəbi yaradıcılığımda bu mövzu həmişə ön sırada olub.

Mən həm də müstəqil Azərbaycan mass-mediasının yaranmasında fəal iştirak etmişəm. Son yaradıcılıq emalatxanam AzTV idi. Burada "Mədəni tənqid” verilişini hazırlayırdıq. Ekranlarımızda azsaylı aparıcı duetlərindən biri olaraq həyat yoldaşım İlhamiyyə Rzayeva ilə mədəniyyət hadisələrini cəmiyyətə təqdim edirdik.

Təəssüf ki, qonorar sistemi ləğv edildikdən sonra AzTV-də fəaliyyətimizi dayandırmağa məcbur qaldıq. Təqaüdlə yaşamaq perspektivi ümidverici deyil. Təbii ki, ailə başçısı olaraq ailəmin maddi təminatı naminə yönümü atamın doğma yurdu Təbrizə saldım. Atamın vəsiyyəti ilə qardaş-bacılarıma qalan evimizi satmağı düşünürdüm.

Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Komissiyasına dəvət olunmağım da yerinə düşmüşdü. Hörmətli Sabir Rüstəmxanlının sədrlik etdiyi komissiyanın müavini seçilmişdim. Həm də Azərbaycan Yazıçılar Birliyinə faydalı ola bilərəm, təəssüratlarımı bölüşərəm deyə düşünürdüm.

Orada olduğum bir həftədən sonra bəlli hadisələr baş verdi. Başa düşdüm ki, cari gərgin hadisələri yazıb ictimailəşdirmə fürsətini qaçırmamalıyam. Amma Bakıya, doğma ailəmə qovuşmaq arzusundaydım. Dedim, gedim ailəmə baş çəkim, qayıdım. Jurnalist kimi kənarda qala bilməzdim.

Bu arada yoldaşım iki gün idi ki, məndən xəbər ala bilmədiyindən təşvişə düşmüşdü. Sağ olsun, İlhamiyyə xanım mənim istəyimi anladı. Razılaşdıq ki, bir müddət qala bilərəm.

Gələk mənim haqqımda yayılan böhtanlara. Təbrizdəki ovqatı isti-isti çatdırmaq üçün video paylaşdım. Çəkiliş üçün Səttarxan heykəlinin yanında dayandım. Videonu Səttar xanın nəticəsi, dostum Saminin çəkməsi üçün telefonu ona verdim və qısa çıxış etdim.

Video hadisədən az sonra çəkilib. Prezidentin bəyanatı isə bir müddət sonra edildi, təbii ki, hadisə araşdırıldıqdan sonra. Mən və bütün Təbriz internetsiz idik. İndi də informasiya blokadasındayıq.

Dediklərim bu idi:

"Mən indi Təbriz şəhərindəyəm. Xəbər gəldi ki, Naxçıvana mərmilər yağıb. Təsəlli verirəm doğma xalqıma Təbrizdən. Çox böyük əhəmiyyəti var – Təbriz təsəlli verir Bakıya, Naxçıvanda ölmüş insanlar üçün, yağmış bombalar üçün. Təbrizin özündə də vəziyyət o qədər də yaxşı deyil. Deyirlər ki, Naxçıvana düşmüş bu bombalar İrandan atılmayıb, başqa yerdən atılıb. Hər halda Təbrizdə bu söz-söhbət getməkdədir. Baş vermiş hadisə dərindən öyrənilməlidir. Öncədən fikirlər demək hələ tezdir.”

Bunu Güney Azərbaycan WhatsApp qrupunda paylaşdım ki, Bakıdakı Güney komissiyası üzvləri də xəbərdar olsunlar.

Mən öz jurnalistlik borcumu yerinə yetirmişəm. Bir neçə gün sonra mənimlə bağlı qaldırılmış çirkin kampaniyadan xəbər tutdum. Bunlar hamısı iftiradır, əsassız çamuratmalardır.

Mübahisələr məni diksindirdi, ikrah doğurdu. Nə isə…

Hörmətli həmvətənlilərim! Mən bizim doğma, qədim Azərbaycan yurdumuzda bədii yaradıcılıqla məşğul oluram. Güney Azərbaycanda qalıb bu qorxulu müharibənin səlnaməsini yazmaqla məşğulam.

Vaxtilə Ernest Heminquey İspaniyadakı vətəndaş müharibəsini necə öz romanlarında yazmışdısa, mən də eləcə yalnız ədəbi maraqlara xidmət edirəm.

Vətənimə sadiqəm. Vətənim o taylı-bu taylı Azərbaycandır. Anam bakılı, atam təbrizlidir. Azərbaycan mənim simamda bütövdür.

Təbrizdə bu səbəbdən yubanmışam. Bakıdan yeganə yazıçıyam burada. Bu hadisələr yazıçı və jurnalist üçün nadir fürsətdir ki, hadisələri yaxından izləsin.

Artıq gündəliyimi yazmağa başlamışam. Bu günədək 11 kitab yazmışam. Növbəti əsərim də bu hadisələr barədə olacaq.

Əleyhimə böhtan yayanları qınamıram – bu onların amalidir. Mənim amalım isə vətənin mənəvi və mədəni bütövlüyünə çalışmaq, yaratmaq və dərc etməkdir.
OXŞAR XƏBƏRLƏR