“Təəssüf ki, bu axşam Ermənistan atəşkəsi pozdu” - Prezident

“Təəssüf ki, bu axşam Ermənistan atəşkəsi pozdu” -  Prezident
SİYASƏT
02:36 07.04.2016
7608

“Son günlər qoşunların təmas xəttində insan tələfatı ilə müşahidə olunan gərgin vəziyyət yaranıb. Əlbəttə ki, bu da həm dünyada, həm regionda, həm də ictimaiyyət arasında narahatlıq doğurur”.

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 6-da Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə görüşündə bildirib.

“Sabah Bakıda Rusiya, İran və Azərbaycanın xarici işlər nazirlərinin görüşü keçiriləcək. Birinci belə görüşün bizim ölkəmizdə keçirilməsindən məmnunuq. Hesab edirəm ki, bu, ölkələrimiz arasında çox ciddi regional əməkdaşlıq prosesinin başlanğıcıdır.

Azərbaycan dünyada yeganə ölkədir ki, eyni zamanda, həm Rusiya, həm də İranla həmsərhəddir. Bu, üç ölkə xalqlarının həm coğrafiyası, həm də qarşılıqlı əlaqələrinin tarixidir. Ölkələrimiz arasında bugünkü qarşılıqlı fəaliyyət də əlbəttə ki, əməkdaşlığın həm də çoxtərəfli formatda dərinləşməsini tələb edir.

Sabah beynəlxalq terrorizmlə və narkotrafiklə mübarizə, qarşılıqlı siyasi fəaliyyət, nəqliyyat problemləri, energetika və digər bir çox məsələlər qarşılıqlı anlaşma və konstruktivlik ruhunda müzakirə ediləcək. Sözsüz ki, həmçinin sizin səfəriniz ikitərəfli problemləri müzakirə etmək üçün yaxşı imkandır. Biz ölkələrimiz arasında münasibətlərin gedişatından, yüksək səviyyəsindən, demək olar ki, bütün sahələri əhatə edən strateji tərəfdaşlıqdan çox məmnunuq. Rusiya və Azərbaycan iki dost, iki qonşudur. Biz bu münasibətləri yüksək dəyərləndiririk, bu münasibətləri möhkəmləndirməyə və inkişaf etdirməyə səy göstəririk. Bu, həm qarşılıqlı siyasi fəaliyyətə, həm humanitar, iqtisadi və energetika sahələrində əməkdaşlığa, həm də, əlbəttə ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə aiddir”, -deyə Prezident söyləyib.

İlham Əliyev qeyd edib ki, son günlər qoşunların təmas xəttində insan tələfatı ilə müşahidə olunan gərgin vəziyyət yaranıb: “Əlbəttə ki, bu da həm dünyada, həm regionda, həm də ictimaiyyət arasında narahatlıq doğurur. Rusiya bu halda yenidən təşəbbüs göstərdi və Rusiya tərəfinin vasitəçiliyi ilə atəşkəs haqqında razılaşma əldə olundu. Biz hesab edirik ki, bu, regionda vəziyyətin gərginləşməsinə imkan verməməyin yeganə yoludur. Atəşkəs rejiminə riayət olunurdu. Təəssüf ki, bu gün axşam Ermənistan tərəfi atəşkəsi pozdu.

Biz danışıqlar prosesinin davam etdirilməsinə köklənmişik. Bu gün mən ATƏT-in Minsk qrupunun həmsədrlərini - səfirləri qəbul etdim. Onlara da dedim və indi mətbuat qarşısında da demək istəyirəm ki, Azərbaycan danışıqlar prosesinə sadiqdir. Biz bu münaqişəni sülh yolu ilə beynəlxalq hüququn norma və prinsipləri əsasında tənzimləmək istəyirik. Düşünürəm ki, atəşkəsin elan olunmasından sonra ötən 20 ildən çox müddət bizim məhz siyasi nizamlanmaya kökləndiyimizi sübut edir”.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilk öncə Bakıda keçiriləcək üçtərəfli görüşdən bəhs edib:

“Həqiqətən, səfər Sizin Rusiya və İran prezidentləri ilə razılaşmanızın nəticəsidir. Sizin təşəbbüsünüz bu cür üçtərəfli formatı qurmaqdan ibarət idi. Bu format Sizin haqlı olaraq dediyiniz kimi, bir çox nöqteyi-nəzərdən daha sıx üçtərəfli siyasi, təhlükəsizlik, terrorizmlə mübarizə sahələrində əməkdaşlıq baxımından əhəmiyyətlidir. Nəzərə almaq lazımdır ki, üç ölkənin, həmçinin bizim digər qonşularımızın ərazilərindən terrorçuların təchizatı marşrutları, yaraqlıların trafiki keçir. Bu təzahürlərin qarşısının kollektiv əsaslarla alınması üçün qarşılıqlı fəaliyyətin qurulması zəruridir.

Bundan başqa, nəqliyyat marşrutları, iqtisadi əlaqələrin inkişafı, energetika sahəsində qarşılıqlı fəaliyyət baxımından bizim geostrateji, geosiyasi vəziyyətimizdən istifadə etməkdə ümumi maraqlarımız var. Bu məsələlər müxtəlif formatlarda, lakin pərakəndə şəkildə müzakirə olunmuşdu. Ümidvaram ki, Sizin Prezident Putin və Prezident Ruhani ilə razılaşmanızı rəhbər tutaraq biz sabah nazirliklərə bölmələr üzrə daha dəqiq müvafiq nəqliyyat və energetika layihələrinin gerçəkləşməsi üzərində işləməyə imkan verən siyasi çərçivə yarada biləcəyik. Sözsüz ki, bizim ikitərəfli münasibətlərimiz, strateji tərəfdaşlığımız da nəzərdən keçiriləcək. Mənim sabah öz həmkarımla ayrıca görüşüm nəzərdə tutulub.

Biz ötən ilin iyun ayında Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfəri zamanı Sizin onunla əldə etdiyiniz prinsipial razılaşmaları rəhbər tutacağıq. Yeri gəlmişkən, o, Sizə ən səmimi salamlarını göndərir və xatırladır ki, Siz Rusiyaya səfərə dəvət olunmusunuz. Sözsüz ki, bu, bizim xarici siyasətin ən dəyərli istiqamətidir. Həmçinin elə gətirdi ki, həm Ermənistan, həm Azərbaycan üçün yaxın, həm də ATƏT-in Minsk qrupunun həmsədri olan ölkə kimi əvvəllər də, indi də məşğul olduğumuz Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi Sizin qeyd etdiyiniz şəraitə görə ciddi çağırışla qarşılaşdı. Uzun illər ərzində yəqin ki, bu, ən irimiqyaslı döyüş əməliyyatlarıdır”.

Lavrov vurğulayıb ki, hazırki vəziyyəti sabitləşdirmək vacibdir: “Ümid edirəm ki, son günlərin hadisələri bizi siyasi tənzimlənmə ilə daha fəal məşğul olmağa sövq edəcək. Bizim təkliflərimiz var. Biz bu təklifləri həmsədrlərlə birlikdə Azərbaycan ilə Ermənistan arasında razılaşmanın əldə olunması naminə daha fəal işə salmağa çalışırıq. Hesab edirəm ki, biz bu məsələlərə ortamüddətli və uzunmüddətli perspektivdə də diqqət yetirə biləcəyik. Bu barədə həm bu gün, həm də sabah söhbət edəcəyik.

Biz indi həmsədrlərin göstərdikləri təşəbbüsləri tamamilə dəstəkləyirik. Onlar Bakıya səfər etdilər, sabah təmas xəttində, birigün isə İrəvanda olacaqlar. ATƏT-in, əlbəttə ki, təkcə ATƏT-in yox, həm də Beynəlxalq Qırmızı Xaç Komitəsinin köməyi ilə ən yaxın vaxtlarda hansısa etimad tədbirləri görmək və siyasi prosesin bərpası üçün zəruri şərait yaratmaq vacibdir. Bu qəbula görə çox sağ olun. Bir daha bu səfərin gedişində məhsuldar danışıqlara ümid bəsləyirəm”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
05:46 15.03.2026
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
04:11 15.03.2026
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
03:29 15.03.2026
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
02:17 15.03.2026
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”