Təhlükəli Fransa

Təhlükəli Fransa
23:15 27.02.2013
1279

Tural Əliyev
“New Baku Post” qəzetinin redaktoruFransa Milli Assambleyasında 1988-ci ildə Sumqayıt hadisələri ilə əlaqədar tədbir keçirilir, həmin tədbirdə iki azərbaycanlı tələbə iştirak edir.

Toplantıda Sumqayıt hadisələrində azərbaycanlılar günahkar çıxarılaraq öldürülən ermənilərin xatirəsi üçün 1 dəqiqəlik sükut elan olunur.

Hamı qalxır, 2 iştirakçıdan başqa. Zal onlardan təkidlə ayağa qalxmalarını tələb edir. Paris-06 Universitetinin məzunu Mirvari Fətəliyeva “Bu gün Xocalı soyqırımı günüdür, mən ancaq Xocalı qurbanları üçün ayağa qalxıram” deyir və hər şey də bundan sonra başlayır.

Azərbaycanlı tələbələr toplantı iştirakçıları ilə razı olmadıqlarını nümayiş etdirməklə dünyada demokratiyanın simvolu kimi qəbul olunan Fransada sadəcə fikir və söz azadlığı hüququndan istifadə edirlər. Və bu hüquqları qorumalı olan Fransa parlamentinin üzvü Fransua Roşeblounun təhriki ilə 40-a yaxın iştirakçı azərbaycanlı tələbələrə hücum edir.

M.Fətəliyevanı müdafiə edən Paris-08 Universitetinin doktorantı Vüsal Hüseynovun qabırğası sındırılır, ağır xəsarətlər yetirilir. Mirvari Fətəliyeva Fransa Milli Assambleyasında qonşu zala qaçaraq oradakı insanları köməyə çağırır.

Nəticədə sadəcə fikirlərinə görə vəhşicəsinə döyülən azərbaycanlı gənclər kəllə beyin travması, daxili orqanlarının zədələnməsi və sınıq diaqnozu ilə xəstəxanalıq olurlar.

Bu necə demokratiyadır, necə fikir və söz azadlığıdır? Budurmu Fransa dəyərləri, Fransa demokratiyası?

İndi təsəvvür edin ki, həmin hadisə Azərbaycan parlamentində baş verir, fransız tələbələr hansısa tədbirdə fikrini bildirir və hansısa azərbaycanlı deputatın təhriki ilə buna görə vəhşicəsinə döyülürlər.

Bax onda, Avropada hüquq müdafiəçiləri, hətta beynəlxalq təşkilatlar Azərbaycanı söz və fikir azadlığının boğulduğu ölkə kimi təqdim etmək üçün növbəyə düzülərdilər. Amma biz indiki hadisədə belə bir reaksiyanı görmürük.

ATƏT-in Minsk Qrupuna həmsədr ölkənin parlamentində keçirilən tədbirin adına fikir verək:

“Sumqayıt hadisələrindən 25 il sonra; hazırkı vəziyyət və Dağlıq Qarabağ xalqı üçün gələcək perspektivlər”.

Mən Qarabağda doğulmuşam, Qarabağda Azərbaycan və erməni xalqları yaşayıb. Dünyada “Qarabağ xalqı” adında bir xalqmı var? Olmayan bir şeyin perspektivindən necə danışmaq olar?

Fransa dövləti buna aydınlıq gətirməli, hadisənin obyektiv istintaqını aparmalı, günahkarları cəzalandırmalıdır. Azərbaycandan bunu diqqətlə izləyirik. Burada ailələr Fransada təhsil alan övladlarının təhlükəsizliyindən narahatdır. Onların təhlükəsizliyini təmin etmək Fransa hökumətinin borcudur.

Biz sizdən təhlükəsizlik gözləyirik, həm orada yaşayan vətəndaşlarımız üçün, həm də münaqişədən əziyyət çəkən regionumuz üçün. Sərgilədiyiniz davranış isə çox təhlükəlidir.

OXŞAR XƏBƏRLƏR