Məlum olduğu kimi, müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanları müəyyən güzəştlər də tətbiq olunur.
Elm və Təhsil Nazirliyinin müvafiq qərarına əsasən müsabiqənin vakansiya seçimi mərhələsində əvvəlcə vakant yer seçmək imkanı MİQ imtahanlarında minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinə verilir. Belə ki, namizədin şəhid ailəsinin üzvü olması təqdim etdiyi sənədlər və "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları” əsasında müəyyənləşdirilir. Şəhid ailəsinin üzvü olan şəxslərin vakansiya seçimi başa çatandan sonra digər namizədlər də prosesə buraxılırlar.
Lakin təhsil eksperti Kamran Əsədov şəhid ailələrinə qarşı edilən bu güzəştə qarşı çıxıb. O, facebookdakı hesabında bu güzəştin yanlış olduğunu bildirib: "Biri var, imtahana hazırlaşır, gecəsini gündüzünə qatır, 70+ bal toplayır, amma işə qəbul ola bilmir. Biri də var, xüsusi kateqoriyaya aid olduğu üçün 40 balla məktəbə təyin olunur. Və bu, rəsmi mexanizmdir. Əgər bu güzəşt deyilsə, bəs nədir? Bəli, şəhid ailələri bizim baş tacımızdır. Onlara hər cür dəstək göstərilməlidir, amma bu dəstək təhsilin keyfiyyətinə zərbə vuracaq formada yox”.
Təhsil ekspertinin bu fikirləri birmənalı qarşılanmayıb. Belə ki, şəhid ailə üzvlərinə edilən bu güzəştin şişirdilməsinin yersiz olduğunu bildiriblər. Çünki güzəşt edilən şəhid ailə üzvlərinin sayının o qədər də deyil. Digər tərəfdən, bunu ayrı-seçkilik kimi qələmə vermək şəhid ailələrinə qarşı ədalətsizlik deyil, bəs nədir?
///unikal.az