“Təhsil Nazirliyi akademik Ramiz Mehdiyevin nitqindən nəticə çıxarmalıdır” - Millət vəkili

SİYASƏT
14:55 27.10.2014
2252

“Hesab edirəm ki, Prezident Administrasiyasının (PA) rəhbəri, akademik Ramiz Mehdiyevin Prezident yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) 15 illik yubileyi münasibətilə akademiyanın elmi şurasının iclasında kadr böhranı problemi ilə bağlı söylədikləri özündə gerçəklikləri ehtiva edir”. 

Bunu SİA-ya millət vəkili, professor Musa Qasımlı deyib.

Deputatın sözlərinə görə, akademik Ramiz Mehdiyevin dedikləri real fakt və materiallara əsaslanır: “Bu söylənilənlər yaranmış vəziyyətin bütün mənzərəsini ortaya qoyur. Əslində akademik bu sözləri ilə Azərbaycanın təhsil sahəsində olan qüsurları və ondan çıxış yollarını göstərir. Bununla PA rəsmisi vurğulayır ki, bizim təhsilimizə keyfiyyət gəlməlidir. Ali və orta məktəblərimizdə təhsilin keyfiyyəti yaxşılaşdırılmalı, eləcə də kadr hazırlayan Ali məktəblərin məsuliyyəti gücləndirilməlidir. Ali təhsil haqqında diplomu olmaq hələ yüksək ixtisaslı kadr, idarəçi olmaq demək deyil. Bu mənada dövlət idarəçiliyi üçün kadr hazırlayan məktəblərdə də keyfiyyət artırılmalıdır. Hesab edirəm ki, məsələ ilə bağlı aidiyyatı orqanlarımız xüsusilə Təhsil Nazirliyi akademik Ramiz Mehdiyevin nitqində söylədiklərindən nəticə çıxarmalıdır”.

Qeyd edək ki, Prezident Administrasiyasının (PA) rəhbəri, akademik Ramiz Mehdiyevin Prezident yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) 15 illik yubileyi münasibətilə akademiyanın elmi şurasının iclasındakı çıxışında deyib: “Bu gün həm Prezident Administrasiyası, həm Nazirliklər, həm də yerli hakimiyyət strukturları ciddi kadr böhranı problemi ilə üzləşiblər. Biz hamımız müasir idarəetmənin incəliklərinə bələd olan hazırlıqlı kadrlara ehtiyac duyuruq və etiraf etməliyik ki, yüksək tələblərə uyğun kadr tapmaqda çətinlik çəkirik. Prezident Administrasiyasının kadr ehtiyatı şəxsən məni Administrasiya rəhbəri kimi heç cür qane etmir”.

OXŞAR XƏBƏRLƏR