Bu sözləri AZXEBER.COM-a açıqlamasında deputat Vüqar İskəndərov müəllimlərin sertifikasiya imtahanından danışarkən deyib.
Millət vəkili qeyd edib ki, müəllimlərin sertifikasiya imtahanları Təhsil Nazirliyinin son illərdə ən uğurlu qərarlarından biridir:
"Son illərdə Təhsil Nazirliyinin ən uğurlu qərarlarından biri də müəllimlərin sertifikasiya imtahanından keçirilməsi və müəllimlərin həmin proseslərdə aktiv iştirakı, o cümlədən sertifikasiyadan keçən müəllimlərin maaşının artırılması habelə keçməyənlərə şansların verilməsi, üzərlərində işləməsi üçün vaxtın verilməsi məsələsi özündə ehtiva edir. Bu yaxınlarda müəllimlərin sertifikasiya imtahanından 3 mindən yuxarı müəllimin keçid balını toplamadan kəsilməsi məlumatını aldıq. Təbii olaraq, bu o deməkdir ki, kifayət qədər müəllim hələlik bu imtahanlardan kəsilərək sertifikasiyadan keçməyib. Ümumiyyətlə, fikrimizcə, bu uğurlu layihədir. Birincisi, özündə bir çox məsələlərin həllini tapılmasını görürəm. İkinci məsələ müəllim öz üzərində daim işləyir. Çünki müəllim tədrisdə şagirdlərə bilik verməlidir. Gərək müəllimlər müasir, çağdaş biliklərin fərqində olmalı, öz üzərində işləməli, daimi olaraq məlumatı almalı həm də biliklərin şagirdlərə çatdırılması üçün bütün elmi biliklərə sahib olmalıdır".
Vüqar İskəndərov bildirib ki, sertifikasiya imtahanları müəllimlərə əlavə stimul verir:
"Digər məsələ müəllimlərin stimuludur. Müəllimlər daimi olaraq üzərlərində işləyirlər. Gələcəkdə bu imtahanları versinlər, həm öz fəaliyyətlərini davam etdirsinlər, həm də maaşlarında artım olsun. Bu, çox vacib məsələdir. Ümumi təhsilimizin inkişafına öz köməkliyini göstərmiş olur. Hər hansı bir müəllim sertifikasiyadan keçmirsə, bu artıq dəfələrlə təkrar olunursa, həmin müəllimin öz üzərində işləməsinə çox ehtiyac var. Çünki yeni biliklər sürətlə dəyişir. Çağdaş, müasir bilik və savada malik olmaq üçün hər bir müəllim öz üzərində gərgin çalışmalıdır".
Deputat hesab edir ki, müəllimlərin sertifikasiya imtahanının keçirilməsi təhsilimizin inkişafına vacib töhfəsini verəcək:
"Düşünürük ki, zaman-zaman bu cür məsələlər öz həllini tapacaq. Ümumi olaraq, şagirdlərimizin keyfiyyətli biliklərə sahib olması üçün onlara bilik verən müəllimlərin də təhsil sahəsində mükəmməl, müasir və savadlı müəllim kimi inkişaf etmələri bu imtahanlar keçir. Hesab edirik ki, illər ötdükcə artıq sertifikasiyadan keçən müəllimlərin sayı daha çox olacaq və bu ümumi təhsilimizin inkişafına öz vacib töhfəsini verəcək".
Mikayıl Mirzəzadə