Xaricdə təhsil adı ilə fəaliyyət göstərən bəzi şirkətlərin məsuliyyətsizliyi azərbaycanlı tələbələri çətin vəziyyətə salır.
Bu günlərdə Moldovaya təhsil məqsədilə yollanan 40-a yaxın azərbaycanlı gəncin ölkəyə girişinə icazə verilməyib və onlar geri qaytarılacaq. Məlum olub ki, tələbələrin sənədləri düzgün qaydada tərtib olunmayıb.
Ukraynada təhsil almaq üçün yollanan azərbaycanlı tələbələrin universitetə qəbul sənədləri qaydasında olmadığı üçün Moldova tərəfi onların ölkəyə girişinə icazə verməyib. Tələbələr ölkəmizə geri qaytarılacaq.

Təhsil eksperti Elşən Qafarov AZXEBER.COM-a açıqlamasında deyib ki, burada həmin gəncləri xaricə aparan təhsil şirkətləri məsələləri düzgün qurmayıb:
"Burada həmin gəncləri xaricə aparan şirkətlər təşkilati məsələləri düzgün qurmayıb. Nəticədə, təəssüf doğuran və etimadı zədələyən bir vəziyyət yaranıb. Ümumiyyətlə, xaricdə təhsillə bağlı sahə bir qədər fərqli və ciddi yanaşma tələb edən biznesdir. Burada həm "beyin axını”, həm də insan alveri ehtimalları böyükdür".
Eskpert xaricdə təhsil şirkətləri ilə bağlı müvafiq qurumlara müraciət edib:
"Bu baxımdan düşünürəm ki, hüquq-mühafizə orqanları xaricdə təhsil şirkətlərinin fəaliyyətini nəzarətə götürməlidirlər. Hər kəs bu sahə ilə məşğul ola bilməz. Hazırda onlarla, hətta yüzlərlə insan bu şirkətlər vasitəsilə xaricə göndərilir və bu prosesdə böyük məbləğdə pullar dövriyyəyə girir. Burada təkcə maliyyə maraqları deyil, həm də milli maraqlar məsələsi var. Belə fırıldaqçı şəxslər bu sahədə fəaliyyət göstərə bilməməlidirlər”.

Ekspert bildirib ki, vətəndaşlar da diqqətli olmalıdırlar:
"Vətəndaşlar xaricdə təhsil üçün müraciət edərkən, şirkətlərin təklif etdiyi ucuz variantlara aldanmamalıdırlar. Müraciət etdikləri şirkətin əvvəllər hansı tələbələri xaricə göndərdiyini, həmin tələbələrin hansı universitetlərdə oxuduğunu və onlarla əlaqə qurulub-qurulmadığını araşdırmaq lazımdır. Dəqiqləşdirmə aparmadan, 2-3 min manat qarşılığında hər hansı şirkətə müraciət etmək düzgün deyil”.
E.Qafarov əlavə edib ki, Moldovaya gedən gənclərin sənədlərində müəyyən uyğunsuzluqlar olub:
"Moldovaya gedən gənclərin sənədlərində müəyyən uyğunsuzluqlar olub. Çünki Azərbaycanla Moldova arasında çox yaxşı münasibətlər mövcuddur və düşünmürəm ki, burada hər hansı mənfi yanaşma sərgilənib. Əgər sənədlər doğrudursa, həmin şəxslərin Moldovaya buraxılmaması üçün heç bir əsas yoxdur. Deməli, sənədlərdə saxtalaşdırma və ya yanlış məlumat halları olub. Həmin şəxslər xaricdə təhsil adı altında fəaliyyət göstərən bəzi şirkətlər tərəfindən aldadılıblar”.
Şahanə Ziyad











































