Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə (ADMİU) yeni qəbul olunan tələbələrlə bağlı sosial şəbəkədə yayılan görüntülər müzakirələrə səbəb olub.
ADMİU-nun İntizam Komissiyasının iclasının nəticəsi olaraq Kənan Zindadilin universitetdən xaric edilməsi barədə qərar qəbul olunub. Qərar rektor tərəfindən əmrləşdirilərək qüvvəyə minib.
Tələbənin universitetdən xaric edilməsi cəmiyyətdə fikir ayrılığına səbəb olub. Bir qisim bunu düzgün qərar kimi qəbul etsə də, digərləri tələbənin bu yolla daha da aqressivləşməsinə səbəb olacağını düşünür.
AZXEBER.COMdünyanın müxtəlif ölkələrində universitetlərdə nizam-intizam qaydalarını pozan tələbələrə qarşı hansı tədbirlərin görüldüyünü araşdırıb.
ABŞ
ABŞ-da universitetlərdə intizam pozuntularına görə tətbiq edilən tədbirlər konkret universitetin daxili qaydalarından asılı olaraq dəyişir. Bir çox ali təhsil müəssisəsində tələbənin davranışının ağırlığı, əvvəlki intizam pozuntuları və hadisənin konkret halları nəzərə alınır. Məsələn, Harvard Universitetinin müxtəlif məktəblərində tələbələrə qarşı tətbiq edilə bilən intizam tədbirləri arasında xəbərdarlıq, töhmət, sınaq müddəti, universitetdən müəyyən müddətə uzaqlaşdırılma, məcburi şəkildə təhsildən çəkilmə və xaric edilmə kimi tədbirlər yer alır. Harvardın qaydalarında xaric edilmə ən ağır intizam tədbiri kimi müəyyən edilir. Universitetdən xaric edilən tələbənin yenidən qəbul edilməsinə icazə verilmir. Bununla yanaşı, daha aşağı səviyyəli pozuntular üçün xəbərdarlıq və sınaq müddəti kimi alternativ tədbirlər də nəzərdə tutulur. Yəni tələbənin hər bir qayda pozuntusuna görə avtomatik olaraq universitetdən xaric edilməsi nəzərdə tutulmur. İntizam tədbirinin seçilməsi pozuntunun xarakteri və ağırlığı ilə əlaqələndirilir.
Böyük Britaniya
Böyük Britaniyada da universitetlər tələbələrin davranışı ilə bağlı öz intizam prosedurlarını tətbiq edirlər. Məsələn, Oksford Universitetinin tələbə qaydalarında intizam pozuntularına görə müxtəlif tədbirlər nəzərdə tutulur. Bunlara təlim proqramında iştirak, müəyyən şəxslərlə əlaqə saxlamamaq barədə tələb, cərimə və ya kompensasiya, universitet ərazisinə və müəyyən obyektlərə girişin məhdudlaşdırılması, müvəqqəti uzaqlaşdırma və xaric edilmə daxildir. Universitetin əsasnaməsinə görə, suspension, yəni müvəqqəti uzaqlaşdırma tələbənin müəyyən müddət ərzində universitetin binalarına, dərslərə, imtahanlara və digər akademik xidmətlərə giriş hüququnun dayandırılması deməkdir. Expulsion, yəni xaric edilmə isə tələbənin universitet üzvlüyünün və ya təhsilinin daimi dayandırılmasıdır.
Avstraliya
Avstraliyadakı Kvinslend Universitetinin tələbə intizam qaydalarında da pozuntunun xarakterindən asılı olaraq müxtəlif sanksiyalar müəyyən edilib. Universitetin qaydalarına əsasən, ümumi intizam pozuntusuna görə yazılı xəbərdarlıq və töhmət, sınaq müddəti, universitet xidmətlərindən müəyyən müddət istifadə hüququnun məhdudlaşdırılması, maarifləndirici və ya düzəldici tədbirlər, məsləhətləşmə və müvəqqəti uzaqlaşdırma tətbiq edilə bilər. Daha ağır hallarda isə universitetdən müəyyən müddətə, hətta beş ilədək uzaqlaşdırma və xaric edilmə kimi tədbirlər də nəzərdə tutulur. Beləliklə, burada da intizam tədbirinin seçilməsi pozuntunun ağırlığına uyğun şəkildə həyata keçirilir.
Yaponiya
Yaponiyada da tələbələrlə bağlı intizam məsələləri universitetlərin daxili qaydaları və müəyyən edilmiş prosedurlar çərçivəsində həll edilir.
Yaponiya Tələbələrə Xidmət üzrə Milli Agentliyinin materiallarında ali təhsil müəssisələrində tələbələrlə bağlı intizam və hüquqlar məsələsinin ayrıca prosedurlar çərçivəsində nəzərdən keçirildiyi görünür. Məsələn, bir universitetdə müəllimə qarşı təqib xarakterli davranışla bağlı hadisədə tələbə barəsində araşdırma aparılıb, təhlükəsizlik tədbirləri görülüb və məsələ universitetin müvafiq orqanında müzakirə edilərək tələbənin xaric edilməsinə qərar verilib.
Bu nümunə onu göstərir ki, xaric edilmə qərarı da adətən konkret hadisənin araşdırılmasından və universitetin müvafiq intizam prosedurundan sonra qəbul edilir.
Fəridə Əsədzadə











































