Tələbələr arasında keçirilən müsabiqənin qalibləri mükafatlandırıldılar

Tələbələr arasında keçirilən müsabiqənin qalibləri mükafatlandırıldılar
SOSİAL
16:06 30.08.2018
4272
"İnnovativ Media” Jurnalistlərin Peşəkarlığının Artırılmasına Dəstək İctimai Birliyi tərəfindən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə tələbə jurnalistlər arasında keçirilən müsabiqə başa çatıb.

AZXEBER.COM xəbər verir ki, layihə çərçivəsində avqustun 29-da Beynəlxalq Mətbuat Mərkəzində tədbir keçirilib.

İctimai Birliyin rəhbəri Aynur Nəsirova layihə barədə məlumat verib. Bildirilib ki, layihənin məqsədi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır. Hazırlanan videoçarxlarda məlumatların digər dillərdə verilməsi də bu məqsədlə edilib. Tələbələr arasında keçirilən müsabiqənin elanı müxtəlif kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə paylaşılıb. Daha sonra müsabiqəyə təqdim edilmiş çarxlar arasından seçim edilib. Müsabiqə şərtini ödəyən çarxlar arasından qaliblər müəyyənləşdirilib.

A.Nəsirova qeyd edib ki, müsabiqə gənclərimizin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatlılığının artırılmasına kömək edir. İnformasiya müharibəsində fəal olmaq bu gün vacib şərtdir. Bu işdə isə gənclərimiz daha çox çalışmalıdırlar. Belə müsabiqələr, hazırlanan məlumatlar da bu işə töhfə verir.

Tədbirdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsi dekanının müavini Sevinc Əliyeva, yazıçı-publisist İlqar Rəsul və digər çıxış edənlər bu cür müsabiqələrin keçirilməsinin təqdirəlayiq olduğunu bildiriblər. Qeyd olunub ki, belə layihələrin həyata keçirilməsi gənclərin vətənpərvərliyinin artmasına müsbət təsir göstərir.

Sonra mükafata layiq görülən sosial çarxlara baxış olub, müzakirələr aparılıb, təkliflər səsləndirilib.

Qaliblər mükafatlandırılıblar.
 

 


OXŞAR XƏBƏRLƏR