Gəncədə 13 yaşlı qız çoxmərtəbəli binadan yıxılaraq ağır xəsarətlər alıb. Hadisə martın 12-si axşam saat 10 radələrində şəhərin Yeni Gəncə qəsəbəsində yerləşən 20 saylı binada baş verib.
AZXEBER.COM xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilir.
Doqquzmərtəbəli binanın doqquzuncu mərtəbəsində yerləşən mənzilin pəncərəsindən yıxılan qız torpaq əraziyə düşərək müxtəlif bədən xəsarətləri alıb. O, dərhal ailə üzvləri və qonşuların köməkliyi ilə şəhərdəki özəl tibb müəssisələrindən birinə çatdırılıb.
Qonşulardan biri hadisənin təfərrüatını belə izah edib: "Uşaq balkondan baxarkən ehtiyatsızlıqdan telefonunu əlindən salıb. Deyəsən, telefonu götürmək istəyəndə yıxılıb. Şükür Allaha, yaxşıdır. Daxili qanaxma dayandırılıb, indi əməliyyat ediləcək".
Başqa bir qonşu isə əlavə edib: "Paltar asılan ipə, sonra da ağaca dəyib. Dərin xəsarət almayıb".
Yeniyetmənin yerləşdirildiyi özəl xəstəxanadan bildirilib ki, pasiyent əməliyyat edilib, daxili qanaxma dayandırılıb, ümumi vəziyyəti stabildir. Hazırda xəstənin huşu özündədir, çoxsaylı sınıqlar isə sonrakı mərhələdə müalicə olunacaq.










































