Sevilən müğənni Fuad Musayev televiziya kanallarını və orada yayımlanan musiqili verilişləri sərt tənqid edib.
AZXEBER.COM xəbər verir ki, sənətçi sosial media hesabında yayımladığı videoda MTV Azərbaycan telekanalında yayımlanan "Toylar kraliçası" müsabiqəsində çıxış edən xanımlara iradını bildirib.
Televiziyaları keyfiyyətli musiqinin təbliğatına yer ayırmağa çağıran sənətçi fikirlərini belə izah edib:
"Mtv Azərbaycan telekanalında yayımlanan "Toylar kraliçası" yarışmasına baxıram. Dostlar, bu nə biabırçılıqdır? Ayıbdır vallah! Ansamblda ifa edən musiqiçiçi dostlarımız ola bilər ki, keyfiyyətli musiqiçilərdir, amma bu müsabiqə, bu ifalar MTV-nin adına ayıbdır! MTV və ya "MUZ TV" dünya televiziyalarında ən yaxşı musiqiləri təqdim etməklə məşquldur. Bizim MTV isə... Bizdə belə bir layihənin olmasına görə şəxsən mən utanıram. Biz hələ inkişaf edirik. Amma bizim mədəniyyətimiz də inkişaf etməlidir. Təəssüf ki, həm sosial şəbəkələrdə, həm də bəzi verilişlərdə bir çox müğənnilər sadəcə bədən quruluşları ilə yadda qalırlar, ifaları ilə yox. İzləyici müğənninin ifalarına baxmalıdır, bədən quruluşuna yox!".
Daha sonra Heydər Əliyev Sarayında baş tutan silsilə konsertlərindən görüntülər yayımlayan Fuad Musayev keyfiyyətli musiqinin inkişaf etməsi üçün əlindən gələni etməyə hazır olduğunu bildirib:
"Bu konsertlər mənim gördüyüm keyfiyyətli işin nəticəsidir. Mən hər zaman bunun üçün hazıram. Amma təəssüflər olsun ki, bir adam da çıxıb demir ki, "Fuad, sənə səlahiyyət verirəm, gəl bu biabırçılıqlara son qoy!"".
Aysel