Qardaşın qardaşa qarşı irəli sürdüyü ittiham əsassız olub.
Bakıda polisə terror olacağı ilə bağlı yalan məlumat verən şəxs tutulub. Binəqədi Rayon Polis İdarəsinin rəisi Ağalar Məhərrəmovun Anspress-ə verdiyi məlumata görə, Sulutəpə qəsəbəsində yaşayan 1952-ci il təvəllüdlüƏrəstun Qaraxan oğlu RəcəbovDaxili İşlər Nazirliyinin “102” məlumat mərkəzinə zəng vuraraq bildirib ki, qardaşı 1961-ci il təvəllüdlüƏflatunterror törətməyə hazırlaşır. “Qardaşım evinə çoxlu silah-sursat yığıb. Əflatun Bakıda terror aktları həyata keçirməyi planlaşdırır. Onunla bir çox insanlar əlaqəlidir. Bu məlumatı polisə deməklə vətəndaşlıq borcumu yerinə yetirirəm”, - deyə Ərəstun Rəcəbov polisə məlumatında bildirib. Dərhal Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları əməliyyata başlayıblar. Əflatun Rəcəbovun evinə və digər tikililərə baxış keçirilib. Nəticədə yalnız bir “Vinçester” markalı silah olub. Həmin silahın da xüsusi razılıq sənədi olub. Əflatunun terror aktı törədəcəyi barədə məlumatın yalan olduğu məlum olub. “Əməkdaşlarımızın keçirdiyi axtarış əməliyyatları nəticəsində Ərəstun Rəcəbovu tapıb. Onu idarəyə gətirmişik və dindirmişik. İzahatında bildirib ki, xəbəri verərkən sərxoş olub. Hazırda müvəqqəti saxlanma təcridxanasındadır. Onun barəsində Cinayət Məcəlləsinin 216-cı (Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə cinayət işi də başlanılıb”, - deyə Ağalar Məhərrəmov bildirib.