Strateji Araşdırmalar Mərkəzinin (SAM) son illər ortaya qoyduğu mövzular böyük aktuallıq kəsb edir. Bu, istər yerli, istərsə də beynəlxalq təhlilçilər üçün öz tədqiqatlarını aparmaqdan ötrü böyük zəmin yaradır.
AZXEBER.COM xəbər verir ki, bunu Prezident Administrasiyasının (PA) Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov “Ərəb ölkələri son dəyişikliklərdən sonra: sosial, iqtisadi və siyasi proseslər” adlı beynəlxalq konfransın açılışı zamanı çıxışında dilə gətirib.
PA rəsmisi qeyd edib ki, son 2-3 il ərzində “Ərəb baharı” bir çox tədqiqatçıları, iqtisadçıları, siyasətçiləri və filosofları narahat edir.
E. Aslanovun sözlərinə görə, istənilən inqilablar təkcə siyasi dividentlərlə ölçülmür, onlar həm də iqtisadi nəticələri ilə ölçülür:
“Ərəb baharı” “demokratikləşmədir” deyənlər bir məsələni unutmamalıdırlar ki, ərəb ölkələrində baş verən proseslər cəmiyyətin inkişafı ilə birgə həyata keçirilən amildir”.
PA rəsmisinin sözlərinə görə “Ərəb baharı” bir çox ölkələrdə transformasiyalara da gətirib çıxarır. O, buna misal olaraq Suriyada, Liviyada, Tunisdə, Misirdə baş verənləri göstərib.
E. Aslanov eyni zamanda deyib ki, “ərəb baharı” bəzi radikal dini qruplaşmaların siyasətə atılması və bunun da nəticəsində xoşagəlməyən hadisələrin baş verməsi üçün müəyyən zəmin yaradır:
“Bəzi radikal dini qruplaşmaların aktiv şəkildə siyasətə atılması və hakimiyyətə iddia etməsi gözlənilməz nəticələrlə bitə bilər”.
PA rəsmisi həmçinin “ərəb baharı” proseslərinin fonunda islamafobiyanın geniş şəkildə səviyyəyə gətirilməsindən təəssüfləndiyini bildirib. Bununla yanaşı o, İslam dini ilə terrorun eyniləşdirilməsinin əleyhinə olduğunu vurğulayıb:
“Bəzi qüvvələr, dövlətlər İslam deyərkən bunu terrorla, terror aktları ilə eyniləşdirməyə çalışırlar. Ancaq bu əslində belə deyil. Terrorun nə dini, nə də milləti var.
Ümumiyyətlə terrordan, onun dövlət səviyyəsinə qaldırılmasından söhbət gedirsə ilk növbədə göz önünə gələn Azərbaycan torpaqlarını hələ də işğal altında saxlayan Ermənistandır. Çünki 20 ildən çoxdur ki, terrorizmi, separatizmi dövlət səviyyəsinə qaldıran Ermənistanın terroru ilə üz-üzə qalmışıq. Ona görə İslamı terrorla eyniləşdirmək istəyənlər ilk öncə bu məqama diqqət yetirməlidirlər”.
E. Aslanov sonda qeyd edib ki, ikigünlük müzakirələr “ərəb baharı” mövzusu ilə bağlı təhlil aparan insanlara öz gələcək təhlillərində geniş töhfələr əldə etmək imkanı verəcək.