Tətil başa çatır: Uşaqların məktəbə adaptasiyası necə olmalıdır?

Tətil başa çatır: Uşaqların məktəbə adaptasiyası necə olmalıdır?
SOSİAL
12:14 01.09.2026
109
Yay tətilinin başa çatması və yeni dərs ilinin başlamasına az vaxt qalması ilə şagirdlərin gündəlik rejimi də dəyişir. Tətil müddətində gec yatmağa, səhərlər daha gec oyanmağa və gün ərzində sərbəst vaxt keçirməyə alışan uşaqlar üçün məktəb rejiminə qayıtmaq ilk günlərdə çətin ola bilər.

Xüsusilə erkən oyanmaq, dərs saatlarına uyğunlaşmaq, ev tapşırıqlarını yerinə yetirmək və gün ərzində diqqəti uzun müddət qorumaq uşaqlar üçün müəyyən adaptasiya dövrü tələb edir.

Bəs uşaqların tətildən sonra dərs rejiminə daha rahat uyğunlaşması üçün nələrə diqqət etmək lazımdır?

Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov AZXEBER.COM-a açıqlamasında deyib ki, tətildən sonra dərs rejiminə uşaqlardan çox, valideynlər adaptasiya olmalıdır:

"Tətildən sonra dərs rejiminə uşaqlardan çox, valideynlər adaptasiya olmalıdır. Valideyn öz uşaqlığını xatırlamalı, uşağın yeni mühitə və dəyişən həyat rejiminə uyğunlaşması üçün ona zaman verməlidir. Uşaq yeni məsuliyyətlərlə qarşılaşanda müəyyən təşviş yaşaya bilər. Bunu problem kimi deyil, adaptasiya prosesinin təbii hissəsi kimi qəbul etmək lazımdır. Əsas məsələ həmin narahatlığın davamlı xarakter almasına imkan verməməkdir. Proses uzanarsa, əvvəlcə məktəb psixoloqu ilə birgə addımlamaq, ehtiyac yarandıqda isə digər psixi sağlamlıq mütəxəssisinə müraciət etmək lazımdır”.


O qeyd edib ki, valideyn hər gün uşağa yalnız "Bu gün neçə aldın?” sualını verməməlidir:

"Valideyn hər gün uşağa yalnız "Bu gün neçə aldın?” sualını verməməlidir. Daha vacib sual "Günün necə keçdi?” olmalıdır. Uşaq bilməlidir ki, ev onun üçün yalnız qiymətlərin soruşulduğu yer deyil, yaşadıqlarını rahatlıqla bölüşə biləcəyi təhlükəsiz məkandır. Uşaq dərslərinə diqqətli olacaq, amma əsas məsələ onun məktəbdə nə yaşadığını valideyni ilə bölüşməkdən çəkinməməsidir. Hər hansı problem yaranarsa, məsələni nə yalnız uşağın üzərinə qoymaq, nə də dərhal günahkar axtarmaq lazımdır. Əvvəlcə uşaq dinlənilməli, sonra zərurət yaranarsa məktəblə məsələ aydınlaşdırılmalıdır”. 

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR