"Təyyarə qəzası ilə bağlı təxribat xarakterli məlumatlar yayılır" - Məqsəd nədir?

"Təyyarə qəzası ilə bağlı təxribat xarakterli məlumatlar yayılır" - Məqsəd nədir?
SİYASƏT
13:57 12.11.2025
841
Xəbər verdiyimiz kimi, Azərbaycandan Türkiyəyə uçan və Gürcüstanın sərhədinə yaxın ərazidə "C-130” tipli hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb. Hadisə həm regionda, həm də beynəlxalq səviyyədə ciddi narahatlıq doğurub.

Bəzi qüvvələr bu faciədən istifadə edərək Azərbaycan əleyhinə təxribat xarakterli məlumatlar yayır, informasiya çirkliliyi yaratmağa cəhd göstərirlər. Məqsəd həm regiondakı ictimai rəyin çaşdırılması, həm də Azərbaycan və Türkiyə arasında strateji əməkdaşlığın zədələnməsidir.

Milli Məclisin deputatı Elman Nəsirov AZXEBER.COM-a açıqlamasında bildirib ki, hadisə ilə bağlı Azərbaycan tərəfindən dərhal diqqət və reaksiya göstərilib:
 


"Azərbaycandan Türkiyəyə istiqamətlənən və qardaş dövlətə məxsus hərbi nəqliyyat təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. Hadisə baş verən kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib və onunla telefon danışığı aparıb. Eyni zamanda Azərbaycanın müvafiq dövlət qurumları Türkiyə tərəfi ilə birbaşa təmasdadır”, – deputat qeyd edib.

İki versiya araşdırılır

E.Nəsirovun sözlərinə görə, hazırda əsas məsələ qəzanın hansı səbəbdən baş verdiyini müəyyənləşdirməkdir:

"Əsas məsələ 20 nəfərin həlakı ilə nəticələnən bu qəzanın səbəbidir. İlkin məlumatlara əsasən, iki versiya üzərində araşdırma aparılır. Birinci versiyaya görə, təyyarənin istismar müddəti başa çatmış və bəzi hissələri köhnəlmişdi. Yüksək təzyiq altında həmin hissələrdə texniki nasazlıq yarandığı ehtimal olunur.
İkinci versiyaya əsasən, hərbi nəqliyyat təyyarəsi Bakıda keçirilən hərbi paradda iştirak edən Türkiyəyə məxsus F-16 təyyarələrinin ehtiyat hissələrini daşıyırmış. Ola bilsin ki, bu hissələrin bərkidilməsi zamanı texniki boşluqlar yaranıb və qəza buna görə baş verib”.

"Kənar müdaxilə versiyası təsdiqini tapmayıb”

Deputatın sözlərinə görə, ilkin ekspert qiymətləndirmələri qəzanın xarici müdaxilə nəticəsində baş vermədiyini göstərir:

"Ekspertlərin ilkin dəyərləndirməsinə görə, hadisədə kənar müdaxilə faktı yoxdur. Qəzanın xaricdən təsirlə törədildiyini sübut edən hər hansı dəlil aşkarlanmayıb. Bu, ötən ilin dekabrında Rusiya hava məkanında vurulan Azərbaycan təyyarəsi hadisəsindən fərqli olaraq, üçüncü tərəfin müdaxiləsini təsdiqləyən heç bir göstəricinin olmadığı anlamına gəlir.
Hazırda istintaq orqanları qeyd olunan ehtimallar üzərində işləyir və yaxın zamanda rəsmi mövqe ictimaiyyətə açıqlanacaq”.

"Uydurma xəbərlər iki qardaş ölkə arasındakı münasibətlərə kölgə salmaq məqsədi daşıyır”

Deputat sosial şəbəkələrdə yayılan təxribat xarakterli paylaşımların məqsədli şəkildə aparıldığını da vurğulayıb:

"Təəssüf ki, sosial şəbəkələrdə bəzi şəxslər reallığı təhrif edən, uydurma versiyalar yayırlar. Məqsəd Azərbaycan–Türkiyə qardaşlığına kölgə salmaq, iki dövlət arasında gərginlik yaratmaqdır.

Lakin bu cəhdlər əsassızdır. Azərbaycan–Türkiyə dostluğu və qardaşlığı əsrlərin sınağından çıxmış münasibətdir. 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi bu əlaqələri müttəfiqlik səviyyəsinə qaldırıb. Bakıda Azadlıq Meydanında keçirilən hərbi paradda Prezident Rəcəb Tayyib Ərdoğanın və Türkiyə Silahlı Qüvvələrinin nümayəndələrinin iştirakı da bu dostluğun növbəti sübutudur”.
 
Şəhanə Ziyad 

OXŞAR XƏBƏRLƏR