Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəyə səfər edib. Səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna liderini qəbul edəcək. Görüşdə İstanbulda sülhlə bağlı danışıqların bərpası məsələsinin müzakirə ediləcəyi gözlənilir.
Politoloq Turan Rzayev AZXEBER.COM-a açıqlamasında bildirib ki, Zelenskinin Türkiyəyə səfəri hazırkı mərhələdə xüsusilə diqqət çəkir:

"Türkiyə Rusiya–Ukrayna müharibəsində ən konstruktiv mövqeyə sahib ölkələrdən biridir. Ankara taxıl dəhlizi və enerji böhranı kimi məsələlərin həllində mühüm rol oynayıb. Türkiyənin həm Qərb, həm də Şərq blokları ilə eyni vaxtda təmas qura bilməsi onu regional və qlobal danışıqlarda unikal mövqeyə çıxarır,” – politoloq deyib.
Ekspertin sözlərinə görə, Rusiya da müharibə ilə bağlı dialoqa açıq olduğu nadir tərəf kimi məhz Türkiyəni seçir:
"Müharibə uzandıqca dağıntı və insan itkiləri artır, bu da Ukraynanın demoqrafik və iqtisadi gələcəyini risk altına qoyur. Müharibə ölkə müdafiəsi məqsədi daşısa da, proses nə qədər davam edəcək – bu əsas sualdır,” – Rzayev bildirib.
"Danışıqlar qaçılmazdır”
Politoloq qeyd edib ki, problemlərin həlli üçün diplomatik prosesin aktivləşdirilməsinə ciddi ehtiyac var:
"ABŞ Prezidenti Donald Trampın bəzi təklifləri olsa da, onlar hazırkı mərhələdə Ukraynanın maraqlarına tam uyğun gəlmir. Zelenski Ərdoğanın mövqeyini öyrənmək istəyir, çünki ona böyük hörmət bəsləyir,” – ekspert vurğulayıb.
Səfərin ikinci səbəbi – hərbi təyyarə qəzası
Turan Rzayev ehtimal edir ki, səfərin gündəmində Türkiyəyə məxsus hərbi təyyarənin qəzaya uğraması məsələsi də ola bilər:
"Qəzanın texniki səbəblərdən yarandığı ehtimalı güclüdür. Lakin Rusiya ilə bağlı iddialar səslənir. Zelenski Rusiyanın faktorunu qabardaraq Türkiyənin daha ciddi dəstəyini almağa çalışa bilər,” – politoloq bildirib.
"Müharibə məcburi dayandırılmalıdır”
Ekspertin sözlərinə görə, Türkiyə regional təhlükəsizlik və diplomatiyada aktiv rolunu qorumaqda qərarlıdır:
"Türkiyə sülh təşəbbüslərini davam etdirəcək. Müharibə indiki mərhələdə məcburi olaraq dayandırılmalı, ya müvəqqəti atəşkəs əldə olunmalı, ya da Finlandiya modelinə bənzər ərazi razılaşması müzakirə edilə bilər. Qərarı verəcək əsas tərəflər Rusiya və Ukraynadır,” – T.Rzayev qeyd edib.
Şahanə Ziyad











































