Tibb Universitetində tələbələrə niyə geyim qadağası qoyulub? - AÇIQLAMA

Tibb Universitetində tələbələrə niyə geyim qadağası qoyulub? - AÇIQLAMA
SOSİAL
10:33 08.06.2022
790
Azərbaycan Tibb Universitetinin kitabxanasından istifadə edəcək tələbələrə geyimlə bağlı qadağa qoyulub.

Bu barədə sosial şəbəkələrdə foto məlumat paylaşılıb. Fotoda qeyd edilib ki, ictimai qaydalara uyğun olaraq, Əsaslı Kitabxanaya qısa şalvarda (şortik), maykada gəlmək qəti qadağandır.

Məsələ ilə bağlı Azərbaycan Tibb Universitetinin mətbuat xidmətinin rəhbəri Günel Aslanova AZXEBER.COM-a açıqlamasında bildirilib ki, bu sadəcə cəmiyyətdəki etik qaydalara uyğun olaraq verilən bir qərardır.

"İlk olaraq, məlumat üçün deyim ki, tələbələrimizin çoxsaylı müraciətləri nəzərə alınaraq, ATU-nun Əsaslı Kitabxanası may ayından etibarən 24 saatlıq rejimdə fəaliyyət göstərir. Bu o deməkdir ki, gecə saatlarında da ziyarətçilərimiz olur. Tələbələrin kitabxanaya qısa şalvarda, şortikdə və maykada gəlməmələri qeyd olunub. Bu, tamamilə normal bir tələb olub, etik qaydalara dəvətdir. Hamımız yaxşı bilirik ki, hətta adi ictimai yerlərdə də geyimlə bağlı yazılmış və yazılmamış tələblər, qaydalar mövcuddur. Bu, insan cəmiyyəti üçün tamamlilə təbii, gündəlik bir məsələdir. 
 
ATU isə bir təhsil müəssisəsidir və daxili nizam-intizam qaydaları var. Bu qaydalara uyğun olaraq müəyyən məsələlərin tənzimlənməsi tamamilə normal haldır.
 
Eyni zamanda universitet rəhbərliyinin tələbələr və onların valideynləri qarşısında bir öhdəliyidir. Qeyd edim ki, bu elanın ortaya çıxmasına da elə tələbələrin öz istək və iradları səbəb olub. Belə ki, bir neçə xanım tələbəmiz kitabxana rəhbərliyinə müvafiq müraciət edib.
 
Yəni, bir tələbənin geyim tərzinə digər tələbələrin haqlı etirazı varsa, bunu necə görməzdən gəlmək olar? Bu məsələdə qeyri-adi və şişirdiləsi heç nə yoxdur. Təsəvvür edin ki, tələbələrin dərsə davamiyyətinə nəzarət olunması nə qədər adi bir məsələdirsə, geyimə nəzarət də eynilə adi bir məsələdir.  Onu da yada salım ki, dünyanın ən inkişaf etmiş, ən demokratik və azad sayılan ölkələrində belə, ictimai yerlərdə, iş yerlərində, o cümlədən təhsil müəssisələrində geyimlə bağlı tələblər mövcuddur". 
 

 


OXŞAR XƏBƏRLƏR