Sosial şəbəkələr artıq gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Xüsusilə "Tiktok" bu gün milyonlarla insan üçün əsas əyləncə, vaxtöldürmə və ünsiyyət platforması rolunu oynayır. Lakin təəssüf ki, bu virtual məkanda yayılan bəzi məzmunlar ciddi narahatlıq doğurur və bizi düşündürməyə vadar edir: Biz hara gedirik və gənclərimizi hansı istiqamətə aparırıq?
Son zamanlar "Tiktok" da açıq-saçıq paylaşımların, əxlaqi dəyərlərə zidd davranışların və dolayısı ilə fahişəliyi təbliğ edən videoların sayının artması cəmiyyətdə haqlı narahatlıq yaradıb. Bəzi istifadəçilər daha çox baxış, bəyənmə və izləyici qazanmaq naminə şəxsi və mənəvi sərhədləri aşır, dəyərləri isə ikinci plana keçirirlər. Ən acınacaqlı məqam isə odur ki, bu tip paylaşımlar qısa müddətdə minlərlə, bəzən isə milyonlarla baxış toplayır.
Bu mənzərənin ən təhlükəli tərəfi isə həmin videoların yeniyetmələr və gənclər üçün tam açıq olmasıdır. Formalaşmaqda olan düşüncə tərzi bu cür "nümunələrlə” zədələnir, əxlaqsızlıq adi, hətta cəlbedici həyat tərzi kimi təqdim olunur. Nəticədə zəhmət, bilik, inkişaf və mənəvi dəyərlər arxa plana keçir, sürətli populyarlıq və asan qazanc əsas məqsədə çevrilir.
Bütün bunlar fonunda ciddi bir sual ortaya çıxır: Nə baş verir və biz niyə susuruq? Sosial media platformalarında nəzarət mexanizmlərinin zəifliyi, yaş məhdudiyyətlərinin formal xarakter daşıması və məsuliyyətsiz paylaşım mədəniyyəti problemi daha da dərinləşdirir. Valideyn nəzarətinin yetərsizliyi isə vəziyyəti daha da ağırlaşdırır.
Təkcə sosial media problemi deyil, bütövlükdə cəmiyyətin mənəvi təhlükəsizliyi məsələsidir. Əgər bu gün biganə qalsaq, sabah daha ağır nəticələrlə üzləşə bilərik. Gənclərə düzgün rol modelləri təqdim olunmalı, uğurun yalnız zahiri görünüş üzərindən deyil, zəhmət, bilik və bacarıqla əldə edildiyi aşılanmalıdır.
Çünki bu gün "Tiktok"da yayılan hər bir video sadəcə bir görüntü deyil. O, sabahkı cəmiyyətin düşüncə tərzini formalaşdıran bir mesajdır. Və bu mesajın hansı istiqamətə xidmət etdiyini düşünmək hər birimizin borcudur.
İsmayıl Rəhimoğlu










































