Sosial şəbəkədə qeyri-etik paylaşımlar edən tiktoker həbs olunub.
25 yaşlı Ağa Mirzəyev (şərti adla) həmkəndlisi olan Süleymanın (şərti adla) foto və videolarının üzərinə nalayiq ifadələr yazaraq, tiktok-da paylaşıb. Bununla da ictimai mənəviyyatı təhqir və cəmiyyətə açıqca hörmətsizlik edən əməllərə yol verib.
O, zərərçəkən həmkəndlisinin şikayəti ilə polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə görə) maddəsilə protokol tərtib olunub.
Ağa Mirzəyev ifadəsində həmkəndlisinin icazəsi ilə onun görüntülərini tiktok-da paylaşdığını desə də, Süleyman bunu inkar edib. Süleyman ifadəsində Ağanın ondan icazəsiz foto və videolarını sosial şəbəkədə yaydığını deyib. Zərərçəkən bu əməllərinə görə, Ağa Mirzəyevin qanuna uyğun şəkildə cəzalandırılmasını istəyib.
Məhkəmənin qərarı ilə A. Mirzəyev 8 gün müddətinə inzibati qaydada həbs olunub.
/Lent.az











































